Prezident İlham Əliyevin Türkiyəyə verdiyi dəstək türk dünyasında güc birliyi üçün örnək təşkil edəcək - Türkiyəli professor Siyasət

Prezident İlham Əliyevin Türkiyəyə verdiyi dəstək türk dünyasında güc birliyi üçün örnək təşkil edəcək - Türkiyəli professor

Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən açıq şəkildə mövqeyini ortaya qoyması və Türkiyəyə verdiyi dəstək türk dünyasında güc birliyi üçün örnək təşkil edəcək.

Bu barədə Brüssel Avropa Tədqiqat İnstitutunun Mədəni diplomatiya kafedrasının rəhbəri, professor Naciye Selin Şenocak bildirib.

Şenocak qeyd edib ki, Prezident İlham Əliyev bu açıqlaması ilə Türkiyə və Azərbaycanın ayrılmaz qardaş olduğunu dünya ictimaiyyətinə bir daha sübut etmiş oldu: "Prezident İlham Əliyevin bu nümunəvi və təqdirəlayiq davranışı, türk dünyasının güclənməsi üçün bir qığılcım yaradacaqdır".

Politoloq onu da qeyd edib ki, türkdilli ölkələr Azərbaycan və Türkiyə kimi hər mövzuda ortaq hərəkət etsələr, dünyada çox önəmli regional gücə çevrilə bilərlər. “Türk dünyası (Türk Şurası) sözdə deyil, əməldə, daha doğrusu diplomatik, iqtisadi güc halına gəlsə, Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq hüquq çərçivəsində ciddi söz sahibi ola biləcək gücə çevrilə bilər” - deyə, o bildirib.

Ekspert hesab edir ki, milli mənafelərimizi və təhlükəsizliyimizi təhdid edən hər bir ünsürə qarşı birgə fəaliyyət göstərdiyimiz müddətcə daha çox təzyiq gücünə sahib olacağıq, haqsızlıqlara və qanunsuzluqlara qarşı səsimizi birlikdə ucalda biləcəyik və bunu etməliyik.

Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkənin kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrilib.
Trend-in məlumatına görə, Anadolu və İHA agentlikləri, TRT HABER, CNN TÜRK, A HABER, TGRT HABER televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “Sözcu”, “Takvim”, “Star” və digər qəzetlər “Azərbaycan Prezidenti Əliyevdən Türkiyəyə dəstək”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi: tərəddüdsüz dəstəkləyirik!”, “Prezident Əliyev yunan səfirin üzünə söylədi: Aralıq dənizində Türkiyəni tərəddüdsüz dəstəkləyirik”, “Nazir Çavuşoğludan Azərbaycan Prezidenti Əliyevə Şərqi Aralıq dənizi ilə bağlı təşəkkür”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi”, “Azərbaycan Prezidenti İlham Əliyevdən Şərqi Aralıq dənizi mesajı: Türkiyəni tərəddüdsüz dəstəkləyirik” və digər sərlövhəli xəbərlərlə türkdilli oxucuları mövzu ilə bağlı məlumatlandırıblar.