Ermənistanın turizm hoqqabazlığı Siyasət

Ermənistanın turizm hoqqabazlığı

Hikmət Hacıyev: "Ermənistan tərəfi həmişə çalışır ki, qondarma "Dağlıq Qarabağ rejimi" ayrıca bir stentlə orada təmsil olunsun"

"Ermənistanın beynəlxalq turizm sərgilərində qondarma rejimi ayrıca stendlə təmsil etməsi kimi addımları təxribatçı xarakter daşıyır. Turizmin siyasiləşdirilməsi, siyasi məqsədlər üçün istifadə edilməsi beynəlxalq səviyyədə tamamilə qəbuledilməzdir. Bunlar bir daha ona dəlalət edir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasəti yürüdür". Bunu "Trend"ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistan tərəfi müxtəlif bəhanələrlə və yalanlarla öz uğursuzluğuna bəraət qazandırmağa çalışır: "Beynəlxalq turizm sərgilərində Ermənistan tərəfi həmişə çalışır ki, qondarma "Dağlıq Qarabağ rejimi" ayrıca bir stentlə orada təmsil olunsun və eyni zamanda, onlar qondarma "Qarabağ Turizm Təşviqi İdarəsi" ilə bu və ya digər formada belə sərgilərdə təmsil olunmağa çalışırlar".
XİN rəsmisi hesab edir ki, amma istər İtaliyanın Rimini şəhərində keçirilən, istərsə Londondakı "World Travel Market" ənənəvi turizm sərgisində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ayrıca bir formada iştirakına imkan verilməyib: "Bundan sonra Ermənistan tərəfi növbəti təxribatçı əməlinə əl ataraq Ermənistan Respublikasının və Turizm Nazirliyinin bölməsində Dağlıq Qarabağa dair stent quraraq bunu sanki Dağlıq Qarabağın təqdimatı kimi təqdim etməyə çalışır".