Özbəkistanın xəbər portallarında Ermənistanın təxribatları və Azərbaycanın əks-hücumu ilə bağlı materiallar yerləşdirilib Siyasət

Özbəkistanın xəbər portallarında Ermənistanın təxribatları və Azərbaycanın əks-hücumu ilə bağlı materiallar yerləşdirilib

Özbəkistanın tnews.uz və kun.uz portalları Ermənistanın təxribatları və Azərbaycanın əks-hücumu ilə bağlı özbək dilində məqalələr verib.

Tnews.uz portalı yazır ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə beynəlxalq birliyin passivliyinin, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə susmasının nəticəsidir.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın son təxribatları, Azərbaycanın əks hücumu haqqında məlumat yer alıb.

Portal, həmçinin Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri Jan- Fransua Manselin fikirlərinə də yer ayırıb. O deyib ki, BMT qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüququn normalarını pozaraq Azərbaycan torpaqlarını işğal edən Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar gedir.

J.F Mansel bildirib ki, bu toqquşmalar beynəlxalq hüquq normalarına uyğun qaydada bu vəziyyətdən çıxış yolunu göstərmək iqtidarında olmayan dünya ictimaiyyətinin passivliyinin nəticəsidir.

Kun.uz portalı isə Əfqanıstanın Dağlıq Qarabağ məsələsində mövqeyini açıqlayan məqalə verib. Yazıda deyilir: “Əfqanıstanın Xarici İşlər Nazirliyi bildirir ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistan Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını işğaldan azad etməlidir”.