“Düşməni alqışla qarşılayası deyildik ki…” Siyasət

“Düşməni alqışla qarşılayası deyildik ki…”

"Helikopterin Ermənistana məxsus olması onun işgalçı olduğunu bir daha aşkar etdi"
"İşgalçı Ermənistan ordusunun helikopterinin vurulması anı əks etdirən videokadrlardan da görünür ki, baş vermiş hadisə erməni tərəfinin provakasiyasıdır. Azərbaycan əsgəri üzərinə yeriyən düşməni alqışlayası deyildi, onu məhv etməyə borcluydu".
Bu barədə İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli "BayMedia"ya açıqlamasında belə deyib. Ekspert bu provakasiyadan ermənilərin təbliğat məqsədləri üçün istifadə etdiklərini bildirib: "Görnündüyü kimi, Ağ Evin məsələ ilə bağlı açıqlamasında da helikopterin qondarma "DQR"ə mənsub olduğu iddia olunur. Bu addım Ermənistan tərəfinin bu provakasiyanı əvvəldən planladığına bir işarədir. Helikopterin vurulmasını Ukraynada separatcıların sərnişin təyyarəsini vurmalarıyla müqayisə edirlər. Xüsusilə, Rusiya kütləvi informasiya vasitələri bu sırada canfəşanlıq göstərir, bir çox ermənipərəst konqresmenlərin narahatçılığı da bu qəbildəndir. Amma son nəticədə erməni planı fiaskoyla nəticələndi. Helikopterin Ermənistana məxsus olması onun işgalçı olduğunu bir daha aşkar etdi".
Politoloq qeyd edib ki, baş vermiş hadisə atəşkəs dövrünün ən böyük münaqişəsi sayılmaqla yanaşı dünya birliyinə bir siqnaldır. Tərəfləri sakitləşdirməklə işini bitmiş sayan Minsk qrupu, eləcə də ermənipərəst qüvvələr anladılar ki, Azərbaycan tərəfi torpaqlarını azad etməkdə israrlıdır".

Elnur Eltürk