Səfir Hulusi Kılıç: Ermənistan qanunsuz məskunlaşdırma ilə Azərbaycana qarşı daha bir beynəlxalq cinayət törədib Siyasət

Səfir Hulusi Kılıç: Ermənistan qanunsuz məskunlaşdırma ilə Azərbaycana qarşı daha bir beynəlxalq cinayət törədib

Ermənistan tərəfi dünya birliyinin birmənalı şəkildə terrorçu olaraq tanıdığı PKK kimi təhlükəli bir təşkilatın üzvlərini işğal altında saxladığı Azərbaycan torpaqlarında yerləşdirməklə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq cinayət törədib. Ümumiyyətlə, başqa ölkənin ərazisində icazəsiz məskunlaşdırma həyata keçirmək bütün parametrlərinə görə cinayətdir. Belə bir qanunsuzluq terror təşkilatı ilə əməkdaşlığa yönəlirsə, ortaya iki beynəlxalq cinayət çıxır.

Bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.

Rəşadətli Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi əks-hücum əməliyyatlarının yaxın zamanda Qafqaz və Anadolu da daxil olmaqla, böyük bir coğrafiyaya sülh, əmin-amanlıq və inkişaf gətirəcəyinə əminliyini ifadə edən səfir Hulusi Kılıç deyib: “İndi söz bir daha insan haqqlarından, milli müqəddəratla bağlı geninə-boluna danışan beynəlxalq təşkilatlarındır: İşğaldan azad edilmiş Zəngilan rayonunun ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olduğu aşkarlanan Suriya ermənilərinin Azərbaycan torpağında qanunsuz məskunlaşdırılmasına nə deyəcəksiniz? BMT, Avropa İttifaqı, ATƏT kimi təşkilatlar məsələnin əsl mahiyyətini bilmək istəyirsə, bu faktla bağlı dərhal araşdırıcı missiya yaratmalıdırlar. Ermənistan bu qanunsuz məskunlaşdırma ilə Azərbaycana qarşı işğala bərabər ikinci beynəlxalq cinayət törədib”.

Fikirlərini “Qarabağ Azərbaycandır!” şüarı ilə tamamlayan səfir əminliklə bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şərəfli hərb tarixi yaradan Azərbaycan Ordusu ən qısa zamanda torpaqlarımızın işğalına son qoyacaq və bununla da bölgəyə yeni nəfəs gələcək.