Rauf Arifoğlu “onluğa vurub” Siyasət

Rauf Arifoğlu “onluğa vurub”

Arif Hacılının müavini: "Onun İsa Qəmbərlə bağlı söylədikləri həqiqət deyil"

"İsa Qəmbərin partiya başqanlığından getməsi, heç bir ciddi narahatlıq yaratmır. Ümumiyyətlə, onun bu addımının partiyadan getməsi anlamında ifadə edilməsi yanlışdır. Əsas odur ki, o, Müsavat partiyasından getməyib".
Bunu Modern.az saytına Müsavat başqanının müavini Səxavət Soltanlı deyib. O bildirib ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun İsa Qəmbərlə bağlı söylədikləri tam olaraq həqiqəti əks etdirmir.
Partiya funksionerinin sözlərinə görə, İsa Qəmbər Müsavat Partiyasının qurultayı tərəfindən qarşıdan gələn prezident seçkilərində namizədliyi irəli sürüləcək şəxsdir.
O, İsa Qəmbərin başqanlıqdan getməsinin "ciddi nümunə" olduğunu da vurğulayıb: "Bu, nümunəni İsa Qəmbər etdi. Mən bunu təbii hal kimi qəbul edirəm." Müsavat Partiyasının daxilində çoxluğun dəyişiklikdən məmnun olduğunu iddia edən partiya rəsmisi deyib ki, az sayda insanlar bu dəyişikliklərə hələ də hazır olmadıqları görüntüsünü yaradırlar: "Bu da ciddi narazılıq deyil. Bəziləri bu məsələni bəhanə kimi gündəmə gətirməməlidirlər. Rauf Arifoğluna gəlincə, o da, digərləri də partiyanın bu dəyişikliklərindən məmnun olmalıdırlar. Bu, sadə dəyişiklik deyil, inkişafdır".
Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun fikrincə, İsa Qəmbər Müsavat başqanlığından getməklə partiya daxilində böhran yaradıb.