Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər Siyasət

Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər

Azərbaycanın 44 günlük müharibədə qazandığı böyük qələbənin arxasında uzun illər həyata keçirilən düşünülmüş siyasət, həm daxili, həm beynəlxalq müstəvidə reallaşdırılan çoxşaxəli fəaliyyət dayanır.

Əlbəttə ki, müharibə təkcə cəbhədə getmir. Müharibə edən ölkənin hüquqi əsasları, beynəlxalq və diplomatik səviyyədə dəstək, geniş iqtisadi baza, müasir silahlarla təchiz olunmuş peşəkar ordu və ordunun dayanıqlı silah-sursat təchizatı, ölkə daxilində vətəndaş həmrəyliyi, insanların vətənpərvərlik ruhu kimi mühüm məsələlər müharibədə qələbəni şərtləndirən əsas amillərdəndir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün lazım olandan da artığını etdi, bütün istiqamətlərdə genişmiqyaslı fəaliyyət həyata keçirdi.

Öncə onu qeyd edək ki, Azərbaycan daim sülh danışıqlarına sadiq qaldığını bəyan edərək Dağıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarı olduğunu beynəlxalq aləmin diqqətinə çatdırırdı və danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirirdi. Lakin ölkəmiz münaqişənin sülh yolu ilə həll edilməyəcəyi halda beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü BMT Nizamnaməsinə və qətnamələrinə əsasən müharibə yolu ilə azad etmək hüququnu özündə saxladığını bəyan edərək işğalçı Ermənistana təzyiq göstərilməsinin, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini də bəyan edirdi.

Prezident İlham Əliyev daim ən hüksək tribunalardan Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır, Ermənistanın işğalçılıq siyasətini ifşa edir və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi bazanın yaradılması istiqamətində lazımi addımlar atırdı.

Bununla yanaşı, Azərbaycan həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə çoxtərəfli və ikitərəfli əlaqələri gücləndirir, qlobal məsələlərə öz töhfəsini verməkə etibarlı tərəfdaş imicini və nüfuzunu gücləndirirdi. Bundan əlavə, Azərbaycan qlobal forumlar, mədəniyyətlərarası, dinlərarası dialoq forumları və digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünya birliyinin böyük etimadını qazanır, ölkəmizin haqlı mövqeyini daha geniş dünya ictimaiyyətinin diqqətinə çatdırırdı.

Beynəlxalq fəaliyyətlə yanaşı, ölkə daxilində də düşünülmüş və uzaq hədəflərə hesablanmış siyasət həyata keçirilirdi. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda genişmiqyaslı iqtisadi, struktur və kadr islahatları həyata keçirilib, ölkə iqtisadiyyatında dayanıqlı inkişafa nail olunub, Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilib, ölkədə biznes mühiti, sahibkarlıq inkişaf edib, işsizliyin və yoxsulluğun səviyyəsi minimum həddə enib, əhalinin sosial rifahı xeyli yaxşılaşıb, ölkədə möhkəm xalq-iqtidar birliyi yaranıb.

Bu illər ərzində Azərbaycan ordu quruculuğuna xüsusi diqqət yetirib, ordumuz ən yüksək texnologiyalara əsaslanan silah-sursatla təmin edilib, orduda yüksək peşəkarlığa, yüksək nizam-intizama, mobilliyə, yüksək mənəvi-psixoloji duruma nail olunub. Bununla yanaşı, Azərbaycanın müdafiə sənayesi xeyli inkişaf etdirilib, ordumuz üçün lazım olan silah-sursatın böyük qismi daxili istehsal hesabına təmin edilib ki, bu da müharibə şəraitində olan bir ölkə üçün olduca vacib əhəmiyyət kəsb edir.

Bütün bu illər ərzində düşünülmüş fəaliyyət 44 günlük müharibə zamanı öz bəhrəsini verdi. Bütün Azərbaycan xalqı bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi və bütün diqqət cəbhəyə, torpaqlarımızın işğaldan azad edilməsinə yönəldi, 10 minlərlə vətəndaşımız könüllü olaraq döyüşlərə qatılmaq üçün sıraya durdu, kimin nəyə gücü çatırdısa orduya, dövlətimizə, Vətən müharibəsinə dəstək oldu, hətta uşaqlar belə öz sevimli məktubları ilə əsgərlərimizə böyük mənəvi dəstək verdilər. Siyasi partiyalar öz ambisiyalarını bir kənara qoyub vahid mövqe nümayiş etdirdilər, dövlətin yanında oldular.

Ermənistanın beynəlxalq müstəvidə ciddi çabaları heç bir nəticə vermədi. Ölkəmizə qarşı müəyyən təzyiqlər olsa da Azərbaycanın haqq işinə mane ola bilmədilər. Çünki Azərbaycan zamanında hüquqi bazanın yaradılmasına nail olmuşdu, Azərbaycanın öz torpaqlarını işğaldan azd etmək hüququ olduğunu uzun illər ərzində beynəlxalq aləmin diqqətinə çatdırılmışdı. Bu baxımdan, Prezident İlham Əliyev tutarlı və əsaslı arqumentlərlə bütün beynəlxalq təzyiqləri dəf etməyi bacardı. Hətta oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə bəyanat qəbul etdirmək cəhdləri də baş tutmadı, Prezident İlham Əliyevin sədri olduğu Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi geri götürüldu. Beləliklə, Azərbaycan beynəlxalq müstəvidə ola biləcək bütün təzyiqləri neytrallaşdırdı.

O cümlədən, ölkəmiz müharibə dövründə uğurlu informasiya siyasəti aparmağı da bacardı. Prezident İlham Əliyev 44 gün ərzində 30-a yaxən xarici mediaya müsahibələrində münaqişə və hərbi əməliyyatlarla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırdı, mürəkkəb sualları məharətlə cavablandıraraq sual doğuran məsələlərə aydınlıq gətirdi, qərəzli sualları ilə seçilən xarici media nümayəndələrinə peşəkar cavablar verərək onları məyus etdi, qərəzdən faydalanmaq arzularını gözlərində qoydu.

Peşəkar ordumuz isə cəbhədə, döyüş meydanında öz sözünü dedi. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri müharibədə böyük qələbəmizi təmin etdi, Ermənistanın 30 il ərzində qurduğu ordusu darmadağın edildi və nəhayət, düşmən kapitulyasiya ilə razılaşmağa məcbur oldu, Prezident İlham Əliyevin şərtləri ilə razılaşaraq işğalda qalan dig\r rayonlarımızı qaytarmağa məcbur edildi.

Artıq 44 günlük müharibə geridə qalıb, ərazi bütövlüyümüz təmin edilib. İnanmaq çətin olsa da Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və qətiyyətli mövqeyi nəticəsində Azərbaycan bunu bacardı, mümkünsüz görünəni mümkün etdi və xalqımız bu günləri yaşaya bildi. Artıq bizim 8 Noyabr - Zəfər Günümüz var və illər ötəcək, nəsillər dəyişəcək, lakin xalqımız bu böyük qələbə gününü böyük fəxr və qürurla qeyd edəcək. Azərbaycan xalqı artıq qalib xalqdır və bundan sonra Azərbaycanı yeni bir dövr gözləyir.

Elçin Mehdiyev

Trend