“Azərbaycan Zəfəri” və “Qarabağ Azərbaycandır!” miniatür kitabları nəşr olunub Siyasət

“Azərbaycan Zəfəri” və “Qarabağ Azərbaycandır!” miniatür kitabları nəşr olunub

Azərbaycanın parlaq zəfəri ilə bağlı yüksək zövqlə və nəfis tərtibatla hazırlanmış miniatür kitablara baxa-baxa düşünürəm və düşüncələrim məni 44 günlük Vətən müharibəsinin ağrılı-acılı, həyəcanlı və sevincli günlərinə aparır. O günlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciətlərini qəlbi Qarabağla, yurd sevgisi ilə döyünən hər bir azərbaycanlı böyük səbirsizliklə gözləyirdi. Çünki Prezidentin müraciətlərində Qələbə müjdəsi var idi, hər cümləsində Azərbaycanın tarixi var idi. Prezident xalqa təkcə qələbə xəbəri vermirdi, müraciətlərində Ermənistanın təcavüzkar mahiyyətini açırdı, Şuşa, Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan haqqında tarixi həqiqətləri mükəmməl və dolğun şəkildə dilə gətirirdi. Əminliklə demək olar ki, ölkə rəhbərinin bu çıxışları tarixçilər, bütün sahələrin mütəxəssisləri üçün bir platformadır. Prezident İlham Əliyevin müraciətlərini bir araya gətirmək və onları miniatür kitab şəklində çap etdirmək və hamı üçün əlçatan etmək isə böyük vətənpərvərlik nümunəsi, Müzəffər Ali Baş komandana sevginin parlaq ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ad günü ərəfəsində Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təsisçisi və rəhbəri olduğu, dünyada analoqu olmayan Miniatür Kitab Muzeyi tərəfindən “Azərbaycan Zəfəri” miniatür kitabı nəşr edilib. “İndigo” mətbəəsində 100 nüsxə ilə çap olunmuş kitab 280 səhifədən ibarətdir. Forzasında Azərbaycanın Bayrağı və Gerbi əks olunmuş kitabın ölçüsü 65x50 millimetrdir. Üç dildə - Azərbaycan ingilis və rus dillərində oxuculara təqdim olunan kitabda 19 rəngli foto verilib. Kitabda Prezident İlham Əliyevin üçtərəfli bəyanatın (10 noyabr 2020-ci il) imzalanması zamanı xalqa müraciətinin mətni yer alıb.
Dövlətimizin başçısının ad gününə hədiyyə olaraq Miniatür Kitab Muzeyi iki cilddə “Qarabağ Azərbaycandır!” adlı kitablar da nəşr etdirib. Hər iki cild 100 nüsxə ilə Azərbaycan dilində işıq üzü görüb. 352 səhifədən ibarət birinci cilddə 7 rəngli foto, 288 səhifədən ibarət ikinci cilddə isə 10 rəngli foto verilib. İkicildliyin tərtibçiləri tarix elmləri doktoru, professor Dilarə Seyidzadə və Əməkdar mədəniyyət işçisi Zərifə Salahovadır. “İndigo” mətbəəsində nəşr olunan hər iki cildin ölçüsü 55x55 millimetrdir. Kitabların forzasında Azərbaycanın xəritəsi verilib. Kitablarda Prezident İlham Əliyevin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi zamanı xalqa müraciətləri (27 sentyabr-8 noyabr və 20 noyabr-1 dekabr 2020-ci il) yer alıb.
Oxucular “Qarabağ Azərbaycandır!” kitabının hər iki cildində ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqa müraciəti ilə tanış ola bilərlər. “Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Bu fikirlər Ulu Öndərin müraciətindən götürülüb və onun siyasi uzaqgörənliyinin təsdiqidir. Bütün sahələrdə Azərbaycanın sürətli inkişafı, torpaqlarımızın erməni işğalçılarında azad edilməsi fonunda deyilənlər öz təsdiqini tapır.
Bəli, ölkə Prezidentin müraciətləri qəlbimizi fəxarət hissləri ilə doldururdu. Hər müraciət Azərbaycanın qələbəsini siyasi iradəsi, əzmkarlığı və mərdliyi ilə təmin edən Müzəffər Ali Baş Komandana xalqın sevgisini daha da artırırdı, rəşadətli Azərbaycan Ordusu gözümüzdə daha da böyüyürdü. Odur ki, nəcib bir missiyanı öhdəsinə götürərək Prezidentin müraciətlərini miniatür kitab formatında çap etdirən Zərifə Salahovaya ancaq təşəkkür düşür.
Qeyd etmək lazımdır ki, tükənməz enerjisi olan Zərifə xanımın miniatür kitabları ölkəmizdəki bütün əlamətdar və əhəmiyyətli hadisələrin mənzərəsini əks etdirir. Təkcə müstəqillik illərində onun tərəfindən miniatür formatda ən müxtəlif təmayüllü 200-dən artıq kitab çap edilib. Heç şübhəsiz, Zərifə Salahovanın kolleksiyasında əsas yeri ümummilli lider Heydər Əliyevlə bağlı kitablar tutur.
İçərişəhərdə fəaliyyət göstərən Miniatür Kitab Muzeyi Zərifə Salahovanın adı ilə tanınır. Dahi rəhbər Heydər Əliyevin qayğısı və xeyir-duası ilə ərsəyə gəlmiş Miniatür Kitab Muzeyində dünyanın 70-ə yaxın ölkəsində, o cümlədən ölkəmizdə çap olunmuş 6 mindən çox miniatür kitab toplanıb. Onların hər biri Zərifə xanımın gərgin axtarışları nəticəsində əldə olunub. Kolleksiyada ən nadir nümunələr Yaponiyanın “Toppan” nəşriyyatının 4 mikrokitabı hesab olunur. Onlardan birinin ölçüsü 0,75x0,75 millimetr, üçünün ölçüsü isə 2x2 millimetrdir. Onların cildi qoyun dərisindən düzəldilib. Adi gözlə nöqtə kimi görünən kitabın oxunması üçün özünün lupası var. Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən “qocaman” kitabı isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Müqəddəs "Qurani- Kərim"in nüsxəsidir.
Onu da bildirək ki, Azərbaycana məxsus Miniatür Kitab Muzeyinin kolleksiyası böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na da düşüb. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev Zərifə Salahovanın bu sahədəki fəaliyyətini dəyərləndirərkən deyib: “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir”.