AXCP-Müsavat qarşıdurması yenidən söyüş müstəvisində Siyasət

AXCP-Müsavat qarşıdurması yenidən söyüş müstəvisində

Rauf Arifoğlu: "AXCP sədri özü də psevdonimlə, saxta profillə yazışmalarda fəal iştirak edir, söyüş söyür, aranı qızışdırır"

Qubad İbadoğlu: "Çirkin niyyətlərin arxasında dayanan əsas tərəf, məhz Əli Kərimlidir"

AXCP-Müsavat qarşıdurması artıq etik normaları aşan ifadələrə doğru istiqamət alıb. Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlunu və onun valideyinlərini təhqir edən status paylaşıb.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu rəhbərlik etdiyi mətbu orqana açıqlamasında deyib ki, bir dəstə siyasi avara sosial şəbəkədə məskən qurub və burada 24 saatlıq rejimlə, növbə çəkirlər və onlar "Yeni Müsavat"la, onun baş redaktoru ilə bağlı aqressiv kampaniya aparırlar, qəzeti dəstəkləyən insanları abırdan salırlar: "Onlara baş qoşmağa vaxtımız yoxdur. Lakin hərdən cavab veririk. Bir dəstə AXCP üzvü onlar kimi düşünməyən və liderlərinə biət etməyən hər kəsi mənəvi terror edir. Biz təsbit etmişik ki, AXCP sədri özü də psevdonimlə, saxta profillə yazışmalarda fəal iştirak edir, söyüş söyür, aranı qızışdırır. Mən bütün bu işləri və sifətləri ona yaraşdırıram. Davam etsin, bu yolda onu böyük gələcək gözləyir".
Bu arada, Azərbaycan Demokratiya və Rifah Hərəkatını (ADR) təsis etmiş Müsavat üzvü Qubad İbadoğlu Rauf Arifoğluna qarşı aparılan kampaniyanı pisləyən status paylaşıb. O qeyd edib ki, Rauf Arifoğluna qarşı bu kimi çirkin niyyətlərin arxasında dayanan əsas tərəf, məhz Əli Kərimlidir: "Rauf Arifoğluna qarşı sosial şəbəkələrdə yerləşdirilmiş iyrənc kollaj mənəvi-əxlaqı dəyərlərimizin hansı səviyyədə aşınmasının göstəricisidir. Bu vasitələrdən istifadə edərək opponentini gözdən salmağa hətta cəhd etmək belə tərbiyəsizlikdir. Odur ki, yalnız onu hazırlayıb sosial şəbəkələrdə yerləşdirəni deyil, ona rəvac verən, onu sifariş edənləri ciddi şəkildə qınayıram və onlara müraciət edərək belə çirkin vasitələrlə mübarizə aparmağı dayandırmağa çağırıram".
Xatırladaq ki, vəziyyətin yenidən kəskinləşməsinə səbəb "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlunun "Azadlıq" qəzetini məhkəməyə verməsi olub.
Müsavat başqanı Arif Hacılı Facebook səhifəsində bildirib ki, "Rauf Arifoğlu və "Yeni Müsavat" qəzeti ilə "Azadlıq" qəzeti, Əli Kərimli, onun tərəfdarları və yaxınları arasında qarşıdurma əndazəni aşib, qırmızı xətt keçilib.
Arif Hacılının barışıq çağırışına münasibət bildirən Rauf Arifoğlu deyib ki, AXCP hələ də bütün funksionerləri və lideri başda olmaqla, "Yeni Müsavat"a qarşı mənəvi terroru davam etdirir. O, yaranmış vəziyyətlə bağlı Azərbaycan ictimaiyyətinə, ziyalılara və siyasi partiyalara müraciət edib: "Bu prosesdə hər hansı neytral mövqe tutan, aramıza bərabərlik işarəsi qoyan hər kəsi də mənəvi terrora məruz qoyurlar. Fikrini söyləyən hər kəsin üstünə qarğa-quzğun kimi dəstə ilə gedirlər, onları öz fikrindən daşındırmaq taktikası həyata keçirirlər. Bunları elə aqressiv formada nümayiş etdirirlər ki, sanki, digərlərinə dərs olsun. Bu, tam bir ifşa prosesidir. AXCP, onun fəallarının, liderinin Azərbaycan siyasətini necə zibilləməsinin, müxalifət düşərgəsini necə parçalamasının və bu taktikanı necə israrla həyata keçirməsi göz önündədir. Mən isə heyrətlə bu prosesi izləməkdəyəm. Sanki bunların başqa mandatı yoxdur, müstəqil bir qəzeti gözdən salmaq, onun baş redaktorunu hər cür əxlaqsız hərəkətlərlə, şantajlarla, nüfuzdan salmaqdan başqa heç bir işləri yoxdur. Buna görə də mən bu duruma öz üsyanımı bildirirəm və Azərbaycan ictimaiyyətinə, ziyalılara, siyasi partiyalara müraciət edirəm ki, bu mənəvi terrordan bizi qorumaq üçün təşəbbüs göstərsinlər".
Rauf Arifoğlu qeyd edib ki, Arif Hacılının müraciətinə münasibət bildirərək qeyd edib ki, hələ ki, "Azadlıq" qəzeti ilə bağlı şikayət ərizəsini geri götürmək fikrində deyil: "AXCP barışığa, sakitliyə çağıran insanları da repressiyalara məruz qoyur. Bu cür anormal vəziyyət Azərbaycan siyasətində heç vaxt olmamışdı. Bu adamlar barışmaq və sakitləşmək istəmirlər. "Azadlıq" qəzeti ilə bağlı şikayəti geri götürmək faktı yoxdur, ancaq mən bu istiqamətdə olan müraciətləri dəyərləndirirəm".
Onu da əlavə edək ki, İnqilab Kərimov Rauf Arifoğlunun kollaj olunmuş fotosu "Facebook" sosial şəbəkəsindəki səhifəsindən silib. Qeyd edək ki, Rauf Arifoğlu onun fotosunun cinsi azlıqların fotoları ilə eyni sıraya qoyulduğu kollajla bağlı Əli Kərimliyə xəbərdarlıq edilmişdi.

Əli