“Səbəbkar Ermənistan hökumətidir” Siyasət

“Səbəbkar Ermənistan hökumətidir”

Qabil Hüseynli: "Ermənilər dünya ictimaiyyətinin fikrini yayındırmaq üçün hər cür alçaq hərəkətlərə əl atırlar"

Arzu Nağıyev: "Cəbhə xəttində baş verənlərlə bağlı bir sıra dövlətlərin fəailyyəti bəyanatlardan o yana keçmir"

Rövşən Rzayev: "Ermənistan anlamalıdır ki, artıq Azərbaycanla güc dili ilə danışmaq olmaz"

Cəbhədə gərginlik davam edir. Atəşkəsin pozulması intensivləşib. Erməni silahlı bölmələri müxtəlif istiqmətlərdə Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutur.
Politoloq Qabil Hüseynli baş verənləri Rusiya amili ilə əlaqələndirir. Onun qənaətinə görə, Ermənistan höküməti Rusiyadan müəyyən dərəcədə dəstək aldıqdan sonra özlərini inamlı hiss etməyə başlayıblar: "Cəbhə bölgəsində baş verən qarşıdurmaların yeganə səbəbkarı, məhz Ermənistan hökumətidir. Ermənilər cəbhədə həm atəşkəsi pozur, həm də dünya ictimaiyyətinin fikrini bu məsələdən yayındırmaq üçün hər cür alçaq hərəkətlərə əl atırlar. Yanvarın 5-dən 6-a keçən gecə ermənilər yenə də atəşkəs rejimini pozublar. Hətta həmin gecə iri çaplı silahlardan, qumbaraatan və minaatanlardan da istifadə ediblər. Ermənistanın kütləvi informasiya vasitələrində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə növbəti dəfə xəbərlər yayması rəsmi İrəvanın növbəti dezinformasiyası və təxribat xarakterli addımlarındandır.
Bu cür yalan informasiyalar yayan erməni mətbuatı dünya ictimaiyyətində Azərbaycan əleyhinə fikir formalaşdırmağa çalışır".
Politoloq Arzu Nağıyev deyib ki, ermənistan hər zaman olduğu kimi, yenə də problemin sülh yolu ilə həllində maraqlı deyil: "Son vaxtlar Ermənistan Silahlı Qüvvələrinin cəbhədə atəşkəs rejimini mütəmadi olaraq pozması bunu deməyə əsas verir". Arzu Nağıyev baş verən proseslərə Rusiya və Amerikanın münasibətinə də toxunub: "Cəbhə xəttində baş verənlərlə bağlı bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası və Birləşmiş Ştatların narahatlıqları bəyanatlardan, həmçinin sülhün bərqəqar olmasının tövsiyyəsindən o yana keçmir. Təəccüblüdür ki, yenə də ərazi bütövlüyündən, onun bərpasından, beynəlxalq təşkilatların qətnamələrinə hörmətdən və yerinə yetirilməsindən bir kəlmə də danışılmır".
Millət vəkili Fərəc Quliyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin Rusiya tərəfindən süni şəkildə yaradılması hamıya məlumdur və Ermənistanda hakimiyyət dəyişikliyi zamanı Qarabağ kartından istifadə edilir: "Təbii ki, bu problem ortada qalanda hakimiyyət Rusiyadan xeyir-dua almaqla bundan müəyyən qədər yararlanmağa çalışır. Bu kartı Rusiyanın xeyrinə olmadan, hətta Ermənistan dövlətinin xeyrinə olsa belə erməni hakim dairələri icazəsiz istifadə edə bilməzlər. Bir zamanlar Ermənistanın keçmiş prezidenti Levon Ter Petrosyan Dağlıq Qarabağla bağlı daha rasional təkliflərlə çıxış edəndə onu dərhal dəyişdilər. Bu gün Serj Sarkisyan da anlayır ki, əgər Dağlıq Qarabağ kartından fərqli şəkildə istifadə etməyə çalışarsa, dərhal dəyişəcəklər".
Millət vəkili bildirib ki, hakimiyyətinin hansı qolu olursa, olsun və nə qədər yerli xarizmatik lider olsa, Rusiyadan dəstək almadan Ermənistanda heç bir iş görə bilməz: "Bu həm Ermənistanın qoltuq altı dövlət olması ilə, həm də Qarabağ savaşında guya ki ermənilərin əldə etdiyi müvvəqqəti uğurun saxlanmasında birbaşa Rusiyanın olması ilə bağlıdır. Amma, son zamanlar Rusiyada baş verən ziqzaqlar və Azərbaycanın Rusiya ilə münasibətlərinin yaxşılaşması, bu ölkədəki iqtisadi durumun birbaşa Ermənistana təsiri işğalçı ölkəni seçim qarşısında qoyub. Belə vəziyyətdə Ermənistan başqa bir tərəfdaş axtarır. Ancaq, hesab etmirəm ki, bu mərhələ bitib. Çünki, Rusiyada da Ermənistanın mövqeyi və onun ayağına badalaq olduğunu anlayırlar. Hətta Rusiya rəsmiləri elan etdilər ki, Azərbaycan bu ölkənin ən pis günlərində onun yanında olub. Bu ifadələr Ermənistan üçün istifadə olunmadı. Əksinə Rusiyanın öz ordusunu Ermənistandan çıxara bilər kimi fikirlər səsləndi. Ona görə də ermənilər blef imici formalaşdırmaq istəyirlər".
Millət vəkili Rövşən Rzayev deyib ki, ermənistan nəhayət anlamalıdır ki, artıq Azərbaycanla güc dili ilə danışmaq olmaz və bunun çox ağır bədəlini ödəyə bilər.
Onun sözlərinə görə, bu gün Azərbaycan təkcə regionun lider ölkəsi deyil, eyni zamanda ən güclü ordusuna malik dövlətdir: "Bu gün Azərbaycan nəinki müasir silahlara malikdir, həmçinin bu silahlarla necə davranmağı yaxşı bilir və peşəkar ordu formalaşıb. Ermənistan hətta havadarlarına arxalınıb güc yoluna əl atsa belə, bu onlar üçün faciə ilə nəticələnəcək. Odur ki, Ermənistan artıq destruktiv mövqedən əl çəkib konstruktiv mövqe sərgiləməlidir. Digər əsas məqam isə ondan ibarətdir ki, Ermənistan onun fərqində olmalıdır ki, artıq münaqişənin uzanması onların ziyanınadır. Onsuz da bu problem beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapacaq və buna kimsənin heç bir şübhəsi ola bilməz. Bunu sadə erməni xalqı başa düşsə də, Qarabağ kartından istifadə edib Ermənistanda hakimiyyəti zəbt edən separatçı qüvvələr hələ də bunun fərqində deyil". Millət vəkili onu da əlavə etdi ki, bu gün Azərbaycan münaqişəni güc yolu ilə həll etmək və öz ərazisində antiterror əməliyyatı aparmaq hüququna malikdir və beynəlxalq hüquq buna tam imkan verir: "Amma Azərbaycan rəhbərliyi münaqişənin dinc yollarla həlli potensialının bitmədiyini nəzərə alaraq, problemin danışıqlar yolu ilə həllinə üstünlük verir". – deyə o bildirdi. Digər bir məqamı xatırladan R.Rzayev bildirib ki, münaqişənin tez bir zamanda sülh yolu ilə həlli üçün ATƏT Minsk qrupu həmsədrləri ikili standartlarını kənara qoyub, BMT TŞ-nin Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin daha səmərəli icrası üçün mexanizm aramalıdırlar.
Ermənistan parlamentinin hakim Respublika partiyasından olan deputatı Mher Sadrakyan Rusiyasız Ermənistanın Azərbaycana məğlub olacağını etiraf edib.
Foreignpolicy jurnalının Avrasiya ittifaqı barədə məqaləsində Mher Sadrakyana istinadən qeyd olunur ki, "Ermənistan Rusiyasız yaşaya bilməz". O bildirib ki, Rusiyasız Ermənistan Azərbaycanla münaqişədə müdafiəsiz qalacaq: "Ruslarsız onlar (Azərbaycan) bizi udarlar".

Əli