“Mən həmin qrupları səsləyirəm ki...” Siyasət

“Mən həmin qrupları səsləyirəm ki...”

Vitse-spiker: "QHT-lər, ictimai təşkilatlar, siyasi partiyalar hesabatlara cavab versinlər"

"Beynəlxalq təşkilatlarda hesabatlar tərtib olunarkən QHT-lərin, siyasi partiyaların Hesabatlarına üstünük verirlər. Azərbaycan isə bu məsələlərə bənd-bənd cavab verir və o da sənədlərdə əksini tapır. Amma görməmişəm ki, bir dəfə QHT-lər, siyasi partiyalar belə hesabatlara cavab versin".
Bu Milli Məclisin dünənki iclasında çıxışında parlament sədrinin müavini Bahar Muradova ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatına münasibət ifalə edərkən deyib.
B.Muradova bildirib ki, belə cavablar olsaydı, QHT-lərin hesabatlarına istinad edənlər və Azərbaycan dövlətinin tərtib və təqdim etdiyi hesabatları qulaqardına vuranlar Azərbaycanın özündən gələn və siyasi ambisiyaları, maraqları olan qrupların da mövqelərini nəzərə alardılar və müəyyən obyektiv mövqe sərgiləməyə məcbur olardılar: "Mən həmin qrupları səsləyirəm ki, onlar bu hesabatlara öz cavablarını versinlər".
Vitse-spikerin sözlərinə görə, Azərbaycan parlamentinin beynəlxalq təşkilatlarda, parlament assambleyalarında fəaliyyət göstərən nümayəndə heyətləri var. Bir qayda olaraq Azərbaycandakı vəziyyətə dair hesabatlar ilk növbədə bu təşkilatlarda tərtib olunur. Həmin hesabatlar tərtib olunarkən beynəlxalq QHT-lərin hesabatlarına istinad edilir və həmin QHT-lər də hansı ölkə haqqında hesabatlar tərtib edirlərsə, o ölkədəki QHT-lərə istinad etdiklərini vurğulayırlar.
B.Muradova qeyd edib ki, dolayısı ilə, həmin hesabatların tərtib olunmasında bu və ya digər ölkədə, o cümlədən Azərbaycandakı QHT-lərin, ictimai təşkilatların, siyasi partiyaların, özünü müxalifət hesab edən qurumların mövqeyi əsas rol oynayır: "Ona görə də hesab edirəm ki, bunlara cavab vermək lazımdır. Azərbaycan hökuməti, Azərbaycanın parlament qurumları bu məsələyə bənd-bənd cavab verirlər. Biz qəbul edilən bütün qətnamələrə, onların qəbulu üçün tərtib edilən bütün hesabatlara, Azərbaycanda insan hüquqlarının pozulduğunu sübut etməyə çalışan şəxslərə cavab veririk. Bu, müvafiq sənədlərdə öz əksini tapır. AŞPA-da 2013-cü ilin əvvəlində Ştrasselin rəhbərliyi ilə tərtib edilən hesabatın qəbul olunmamasını verilən cavabın bir nümunəsi hesab edirəm".