Vurğun Əyyub da partiyadan çıxarılır Siyasət

Vurğun Əyyub da partiyadan çıxarılır

Vurğun Əyyub: "Mən Müsavat Partiyasının Məclisini legitim saymıram"

Mustafa Hacıbəyli: "O, Müsavatda vəzifəsini itirən gündən partiyadan faktiki olaraq uzaqlaşıb"

Müsavat Məclisinin ötən toplantısında partiya başqanı Arif Hacılı tərəfindən Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşdırılması təklif edilib. Bu təklif onun Müsavat Məclisini qeyri-legitim hesab etməsi, toplantılara qatılmaması ilə əsaslandırılıb. Lakin bəzi Məclis üzvlərinin bu təklifə qarşı çıxması səbəbindən təklif səsə qoyulmayıb və V.Əyyuba xəbərdarlıq edilib. V.Əyyub isə onunla bağlı veriləcək istənilən qərarla maraqlanmadığını və özünü Məclis üzvü saymadığını açıqlayıb.
Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib ki, Məclisin növbəti toplantısında Vurğun Əyyub Məclis üzvlüyündən çıxarıla bilər. Vurğun Əyyubun Məclis üzvlüyündə qalması digər müsavatçıların haqqının tapdalanmasıdır. Çünki onun Məclisdə tutduğu yeri hər hansı müsavatçı tuta bilər. Nüşabə Sadıqlı qeyd edib ki, belə olan halda Vurğun Əyyub Məclisin növbəti toplantısında Məclis üzvlüyündən kənarlaşdırıla bilər: "Biz həm də Vurğun Əyyubun haqqını tapdalayırıq. Çünki bu adam Məclisdə iştirak etmək istəmirsə, onu məcburi şəkildə orada saxlamağın mənası yoxdur. Müsavatçıların istəyindən asılı olaraq Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşdırılması məsələsi qaldırılsa, bu məsələ müzakirə oluna və o, vəzifəsindən kənarlaşdırıla bilər".
Müsavat Partiyasının üzvü Vurğun Əyyub Məclis sədri Nüşabə Sadıqlının dediklərinə münasibət bildirərkən söyləyib ki, o, özünü Məclis üzvü saymır: "Mən Müsavat Partiyasının Məclisini legitim saymıram. Kimin nə edəcəyi məni maraqlandırmır".
Müsavat partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Vurğun Əyyub barəsində deyib ki, "mübarizə aparmaq onluq deyil, gedib işi ilə məşgul olsun". O vurğulayıb ki, Vurğun Əyyub Müsavatda vəzifəsini itirən gündən partiyadan faktiki olaraq uzaqlaşıb: "İndi onun böyük kabineti və maaş alan işçiləri var. Vurgun Əyyub kafedra müdiri vəzifəsini icra edir. Mübarizə aparmaq onluq deyil, gedib işi ilə məşgul olsun". Mustafa Hacıbəyli Vurğun Əyyubun Məclis üzvü kimi qalıb-qalmaması məsələsinə də münasibət bildirib: "Vurgun bəy bundan öncə 8 il Divana gəlmədi, onda dünya dagılmadı. Bundan sonra da 8 il Məclisə gəlməsə, dünya dagılası deyil...".

Əli