Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb - FOTO Siyasət

Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb - FOTO

5 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan Respublikası ilə AŞ arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında dialoqun davam etdiyi, bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb. Avropa Şurasının 2018-2021 illərdə Azərbaycan üzrə fəaliyyət planının həyata keçirilməsi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm alət kimi dəyərləndirilib.

Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədəki cari vəziyyət, post müharibə sonrası bölgədə həyata keçirilən tədbirlər, əməkdaşlıq imkanları barədə məlumatlandırıb.

Zoltan Hetnyeş Avropa Şurasının Azərbaycan ilə münasibətlərinin inkişaf etdirilməsinə hazır olduğunu və qətiyyətini ifadə edib. Z.Hernyeş, təmsil etdiyi təşkilatın hazırkı mərhələdə müxtəlif sahələrdə Azərbaycana yardım etmək niyyətini qeyd edib.

Tərəflər arasında, həmçinin əməkdaşlıq üzrə yeni 2022-2025 illər üzrə fəaliyyət planının işlənib hazırlanması, yeni layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı səfər mübadilələrinin reallaşması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.