“Paris sammitinin nəticələri və perspektivləri” Siyasət

“Paris sammitinin nəticələri və perspektivləri”

Fransa Parlamentində dəyirmi masa keçirilib

Dağlıq Qarabağ məsələsi ilə bağlı dövlət başçılarının Paris sammitinin nəticələri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Fransadakı ofisinin və Azərbaycanın Dostları Assosiasiyasının Fransanın Milli Assambleyasında birgə təşkil etdiii dəyirmi masa zamanı diqqət mərkəzində olub.
AAC-dan APA-ya verilən məlumata görə, "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Paris sammitinin nəticələri və perspektivləri" adlı dəyirmi masa Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselin sədrliyi ilə keçirilib.
ATƏT-in Minsk qrupunun fransalı sabiq iki həmsədrinin, Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin nümayəndəsinin, Azərbaycanın Fransadakı səfirinin, siyasi dairələrin, eləcə də diplomatik və vətəndaş cəmiyyətinin önəmli nümayəndələrinin də qatıldığı tədbirdə 40-dan artıq qonaq iştirak edib. Gürcüstan, Rusiya və Türkiyə səfirliklərinin diplomatları da qonaqlar arasında olub.
Tədbirdə ötən il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutan Paris Sammiti ilə bağlı ümumi məlumat verilib.
ATƏT-in Minsk qrupunun fransalı sabiq iki həmsədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair aparılan sülh danışıqlarının tarixinə ekskurs edərək Fransanın həmsədr olduğu son on il ərzində nəzərə çarpan və çıxarılmış nəticələr ətrafında müzakirələr aparıblar. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov münaqişəsinin həlli ilə bağlı gedən sülh danışıqlarının hazırkı vəziyyəti ilə bağlı məlumat verib.
İki saatdan çox davam edən müzakirələrin sonunda təşkilatçılar BMT Baş Assambleyasının 2015-ci ilin sentyabr ayında baş tutacaq sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında aparılan müzakirələrdən sonra payızda yeni toplantının təşkil edilməsi təklifini irəli sürüblər.