Müsavatda gənclər arasında qalmaqal... Siyasət

Müsavatda gənclər arasında qalmaqal...

Rüfət Hacıbəyli: "Gənclər Təşkilatı partiya rəhbərliyinin yersiz müdaxiləsinin, intriqa və şəxsi ambisiyasının qurbanına çevrilib"

Səxavət Əlisoy: "ADR Müsavata sahib çıxmasa, saxtakarın işğalında olan partiyanın gündən-günə kiçilərək siyasi səhnədən silinmə ehtimalı var"

Qabil Rzayev: "Müsavat Partiyası defakto iki yerə bölünüb"

Ötən ilin sentyabrında qalmaqallı qurultay keçirən Müsavat Partiyasında yeni seçkilər keçiriləcək. Müsavat Gənclər Təşkilatı (MGT) martda özünə sədr seçəcək. Bundan öncəki seçkisi qalmaqalla nəticələnən MGT-də hazırda 22 yaşlı Səma Qabulova müvəqqəti sədr vəzifəsini icra edir. Qeyd edək ki, Müsavatda Tural Abbaslının GT-yə sədrliyindən sonra bütün tərəflərin qəbul etdiyi sədr olmayıb. Yada salaq ki, ilk seçkilərdə Cavid Hacıbəyli sədr seçilsə də, sonradan seçkinin nəticələri ləğv olunmuş və təkrar seçkilər keçirilmişdi. Növbəti seçkilərdə isə Əhliman Abbas qalib gələrək rəhbərliyə başlamışdı. Amma onun sədrliyinə gənclər tərəfindən münasibət birmənalı olmadı. Ə.Abbas gəncləri bir araya toplaya bilmədiyinə, iclasları vaxtlı-vaxtında keçirmədiyinə görə ona qarşı iradlar səslənirdi. Nəhayət, Müsavatın qurultayından sonra Ə.Abbas özü istefa verərək bu postdan ayrıldı. Ondan sonra partiyaya müvəqqəti olaraq S.Qabulova rəhbərlik edir. Səma xanım martdakı seçkilərdə namizəd olmayacağını söyləyib. O, gənclər arasında sədrliyə potensiallı gənclərin olduğunu desə də, konkret ad çəkmək istəmədi. Bəs Ə.Abbasla vaxtilə rəqib olmuş, başqanlığa keçmiş namizəd Tural Abbaslının yaxın tərəfdarı Rüfət Hacıbəyli MGT-yə sədr seçkilərində namizədliyini irəli sürəcəkmi? "Gənclər Təşkilatı bərbad vəziyyətə düşüb" R.Hacıbəyli bildirib ki, partiya nizamnaməsinə əsasən Gənclər Təşkilatının sədri yaşı 29-dək olan şəxs ola bilər: "Mənim 29 yaşım tamam olduğuna görə istəsəm də, namizədliyimi verə bilmərəm. Amma bu məsələni boş buraxmayacağıq. Çünki MGT-nin fəaliyyətinin güclənməsində, siyasi arenada bir nömrəli olmasında Tural Abbaslı və onun ətrafının böyük xidməti olub. İndi isə Gənclər Təşkilatı partiya rəhbərliyinin yersiz müdaxiləsinin, intriqa və şəxsi ambisiyasının qurbanına çevirib. Ona görə də MGT bərbad vəziyyətə düşüb. Biz də çalışacağıq ki, təşkilatın əvvəlki gücünə qaytarılmasında öz səylərimizi göstərək".
O qeyd edib ki, sədr üçün potensialı olan gənclər kifayət qədərdir: "Bir neçə şəxs var, məsləhətləşmələr nəticəsində qərara gəlib həmin şəxsin namizədliyini irəli sürəcəyik".Onun sözlərinə görə, özü MGT-yə sədr seçkiləri zamanı Əhliman Abbasla yox, partiya rəhbərliyi ilə rəqib olub: "Arif Hacılı, Qubad İbadoğlu, Vurğun Əyyub bizə qarşı birləşmişdilər. Onlar Tural Abbaslının gələcəkdə qurultayda problem yaratmaması üçün öz aralarında razılığa gəlmişdilər. Ümid edirəm ki, Qubad bəygil bir daha o səhvə yer verməyəcək. Ola bilsin partiya rəhbərliyi bu dəfə də hansısa şəxsin arxasında durub onun sədr seçilməsi üçün çaba göstərəcək. Amma Müsavat rəhbərliyi, doğrudan da, Gənclər Təşkilatının güclənməsini istəyirsə, onda bu işi Tural Abbaslı və onun ətrafının öhdəsinə buraxmalıdır. Çünki hamı bilir ki, Tural Abbaslı sədr olanda MGT hansı gücdə idi. Rəhbərlik onun sözü ilə oturub-duran, "oyuncaq" sədr istəyəcəksə, seçkilərə müdaxilə edəcək". Qeyd edək ki, Müsavat Partiyasının ötən ilin sentyabrında keçirilən başqanlıq seçkisində Arif Hacılı qalib gəlib. Onun rəqibləri Qubad İbadoğlu və Tural Abbaslı isə hazırki rəhbərliyin idarəçiliyini qəbul etmir. Q.İbadoğlu tərəfdarları təkrar qurultay keçirilməsinin, T.Abbaslının ətrafı isə fraksiya yaradılmasının tərəfdarıdır
Onu da bildirək ki, Müsavat Partiyasının rəhbərliyi Q.İbadoğlunu fevralın 9-da (növbəti həftənin birinci günü - red) Divanın iclasına dəvət edib. Qubad bəy statusunda bu barədə yazır: "Təəssüf ki, fevralın 9-dan 18-dək Vaşinqtonda səfərdə olduğumdan iclasda iştirak edə bilməyəcəkdim. Bu barədə dəvət göndərənlərə müxtəlif formada - şəxsən, sosial şəbəkə və mətbuat vasitəsilə cavabımı çatdırmışdım və bildirmişəm ki, vətənə dönəndən sonra - fevralın 23-də Divanın növbəti iclasında iştirakımla bağlı heç bir problem olmayacaq. Amma buna baxmayaraq, dünən mənə yenidən Divanın iclasına dəvət göndəriblər. Məlum olub ki, yeni rəhbərlik Müsavatın tarixində ilk dəfə Divanın iclasının vaxtını mənə həsr etdikləri 1 məsələyə görə dəyişib. Adətən, həftənin ilk iş günü (bazar ertəsi) saat 2-də keçirilən iclasın vaxtı bu dəfə cümə günü axşam saat 6-ya dəyişdirilib. Mənim nə partiya yoldaşlarımdan, nə də xalqımdan gizli sirrim, sözüm, davranışım yoxdur".
Qubad İbadoğlu Müsavat Divanın toplantısında iştirak edəcəyini bildirib və deyib ki, bununla bağlı öz şərtləri var: "Bir müsavatçı olaraq hər bir partiyadaxili məsələnin bağlı qapılar arxasında deyil, açıq müzakirəsinin tərəfdarı kimi dəvəti məmnuniyyətlə qəbul edirəm və Divanın iclasının açıq keçirələcəyi, maraqlanan partiya üzvlərinin iclasda müşahidəçi kimi iştirakının təmin olunacağı, qeyd və çəkiliş üçün imkan yaradılacağı təqdirdə iclasa qatılmağa razıyam".
Müsavat Partiyasından narazı qaldıqları səbəbindən Azərbaycanda Demokratiya və Rifah Hərəkatı təsis edən şəxslərdən biri Səxavət Əlisoy isə bildirib ki, "ADR-in Müsavata borcu var. Bu bir vəfa borcudur". Əlisoy hesab edir ki, 1918-ci ildə Müsavat Partiyası özündə təpər tapıb Azərbaycan Demokratik Respublikasını yaratmasaydı, bəlkə də Azərbaycan adlı dövlətdən əsər-əlamət qalmayacaqdı: "Bu gün Azərbaycana Demokratiya və Rifah Hərəkatı Müsavata sahib çıxmasa, saxtakarın işğalında olan partiyanın gündən-günə kiçilərək siyasi səhnədən silinmə ehtimalı var. Belə bir durumda ADR Müsavata olan borcunu qaytarmalıdır. Saxtakarlığa "yox" deyən müsavatçıları əmin etmək istəyirəm ki, ADR Hərəkatı partiyanı xilas etmək üçün gərəkən addımları atır və atacaq".
İsveçdə yaşayan köhnə müsavatçı Qabil Rzayev isə bildirib ki, Müsavat Partiyası defakto iki yerə bölünüb: "Əqidəli müsavatçılar ya partiyadan qovulublar, ya da bezdirilərək istefa ediblər. İsa Qəmbər və Arif Hacılının partiyası çoxdan Müsavat olmaqdan çıxıb. Heç olmasa indi hadisələr hər kəsin görə biləcəyi səviyyədə ortaya çıxdı. İndi söz həqiqi əqidəli müsavatçılardadır. Hər kəs bayrağımızın üç rənginə hörmət edəcək, Məhəmmədəmini təhrif etməyəcək, milli-dini dəyərlərimizi inkar edərək tək cağdaşlığı önə çıxarmayacaqdır. Belə bir düşüncə ilə Qubad bəy yaxın silahdaşlarıyla Milli Müsavat Partiyasını elan edə bilər. Beləliklə, Müsavat ideologiyamızı xilas etmə şansı yaranar. İsa Qəmbər və Arif Hacılı Azərbaycan siyasi orbitindən çıxmış durumdadırlar".
Bu arada isə Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransının vaxtı dəqiqləşib. ADR-in Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli deyib ki, təsis konfransı fevralın 21-də keçiriləcək: "Qərar Təşkilat Komitəsinin iclasında verilib, amma hələ konfransın keçiriləcəyi məkanın adını açıqlamırıq". E.Məmmədli onu da əlavə edib ki, ADR-in rayon şöbələrinin yaranması prosesi davam edir və hərəkat artıq 20 rayondan da müraciət alıb.

Əli