AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat Siyasət

AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat

90-cı illərin əvvəllərində ermənilər Azərbaycan torpaqlarını işğala məruz qoyduğu zaman Azərbaycanda baş verən hadisələr ermənilərin öz çirkin niyyətlərinə çatmasını daha da asanlaşdırmışdı. Ən böyük qəbahət AXC-Müsavat cütlüyünün səriştəsizliyi və xəyanəti nəticəsində baş vermişdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, ölkədə vətəndaş qarşıdurmasını, xaos və anarxiyanı yaradan AXC-Müsavat cütlüyü idi ki, onların da çirkin məqsədi məhz bu yolla siyasi hakimiyyətə gəlmək idi:

“1992-ci il mayın 8-də Şuşanın ermənilərə təslim edilməsi və ermənilərin bundan istifadə edib Şuşanı işğal etməsi AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsinə böyük şərait yaratdı. Onların xəyanəti nəticəsində, Şuşanın işğalından bir həftə sonra Laçın da işğala məruz qaldı. Bu, onların növbəti xəyanəti idi. Əslində bu xəyanət bütövlükdə Azərbaycana, müstəqilliyimizə, dövlətçiliyimizə, xalqımıza qarşı idi. Bu xəyanətin içərisində eyni zamanda cinayətlər də var idi. Ölkədə yaranmış qeyri-stabil vəziyyət, anarxiya, xaos, vətəndaş qarşıdurması, ölkənin parçalanmaq astanasında olması bütövlükdə mənfur AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdi və bundan da istifadə edən erməni terrorçuları Azərbaycan ərazilərini işğala məruz qoydular.

Əlbəttə ki, ötən sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan düşmən tapdağına məruz qalan torpaqlarını azad etdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində Azərbaycan çox parlaq qələbə qazandı. Ölkədə əminamanlığın, stabilliyin, milli birliyin təmin olunması, Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, güclü iqtisadiyyatı, güclü ordu quruculuğu, vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində atılan addımlar Azərbaycanın 30 illik həsrətinə cəmisi 44 gün ərzində son qoydu”.

Deputat vurğulayıb ki, 44 gün ərzində Azərbaycan ordusu bir qarış da geri çəkilmədi, yalnız və yalnız düşmənləri Azərbaycan torpaqlarından qovdu:

“Müzəffər ordumuz erməni terroçularını məhv etdi, düşmənin belini qırdı. Noyabr ayının 8-də ölkə Prezidenti cənab İlham Əliyev Şuşanın işğaldan azad edilməsini bəyan etdi və bununla da düşmənin belini qırdı və məcbur etdi ki, kapitulyasiya aktına imza atsın. Bununla da cənab Prezident Azərbaycan xalqının qürurunu özünə qaytardı, vaxtilə ermənilərlə əlbir olub torpaqlarımızın işğalına şərait yaradan mənfur AXC-Müsavat cütlüyünün qara ləkəsini xalqımız üzərindən təmizlədi. Xalqımız artıq qalib xalqdır, ordumuz qalib ordudur və bütün bunları Azərbaycan xalqına yaşadan ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”.