Baş prokuror beynəlxalq tədbirdə iştirak edib Siyasət

Baş prokuror beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikası Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Açıq Hökumət Tərəfdaşlığının təşəbbüsləri çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq fəaliyyətini uğurla davam etdirir.
Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cari ilin 20 may tarixində Avropa İttifaqı (Aİ), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Açıq Hökumət Tərəfdaşlığı (AHT) tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində açıq hökumətin təşviqinə dair islahatlara və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş “Dürüstlük Proqramına Aİ-nin dəstəyi” adlı onlayn rejimində yüksək səviyyəli tədbir keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru, İƏİT-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin Milli Koordinatoru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, İƏİT-nin Baş katibi Angel Gurria, habelə Açıq Hökumət Tərəfdaşlığının Baş icraçı direktor Sanjay Pradhan görüşün iştirakçılarını salamlayaraq Aİ-nin Şərq Tərəfdaşlığı, İƏİT-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin tərəf ölkələrində dürüstlüyün, şəffaflığın təmin edilməsi üçün görülmüş tədbirləri dəstəkləməklə bu istiqamətlərdə qoyulan səylərdə uğurlar arzu ediblər.
Daha sonra, “Şərq Tərəfdaşlığında vətəndaşların kompakt yaşayışı və dürüstlüyün gələcək gündəliyi” mövzusunda keçirilən sessiyada regionda açıq hökumət üzrə aparılan islahatların gücləndirilməsi və tərəf ölkələrində korrupsiyaya qarşı mübarizədə olan praktikaların ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən iqtisadi inkişaf və sosial-iqtisadi proseslərə beynəlxalq təşkilatların yanaşması, Dünya Bankının reytinqlərində və “Doing Business” hesabatlarında Respublikanın aparıcı islahatçı ölkələr siyahısında mövqe tutmasını, habelə beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq fonunda korrupsiya qarşı mübarizədə qarşıya çıxan çağırışları iştirakçıların diqqətinə çatdırılıb.
Həmçinin, Baş prokuror ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində görülən işlər barəsində geniş məlumat verərək, Azərbaycan dövlətinin siyasətində əsas prioritet kimi məqsədyönlü sosial-iqtisadi islahatlar fonunda milli iqtisadiyyatın güclənməsi haqqında və bu sahədə ölkəmizin dövlət idarəetmə orqanlarında həyata keçirilən tədbirlər barədə danışıb.
Eyni zamanda, nümayəndəmiz səmərəli dövlət idarəçiliyinə hesablanmış yeni institusional mexanizmlərdən, vətəndaşlara xidmət göstərməklə süründürməçilik hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyətindən bəhs etmiş, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən cinayət təqibi tədbirləri barədə məlumat verib.
Həmçinin, ölkəmizin Baş prokuroruna, milli təcrübəyə dair verilmiş suallar cavablandırılıb.
Tədbirin sonunda Sessiyanın çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin yüksək vəzifəli şəxslərin və QHT-nin nümayəndələrinin müvafiq mövzular ətrafında məruzələri dinlənmiş və faydalı fikir mübadiləsi aparılıb.