Bütün məsuliyyət Ermənistanın üzərinə düşür Siyasət

Bütün məsuliyyət Ermənistanın üzərinə düşür

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, 2021-ci il iyunun 4-də səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik.
Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Məlumatda deyilir: “Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geriçəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.
Xatırladırıq ki, bir müddət əvvəl Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrup hərbçisi saxlanılıb. Bu da bir daha göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaratmaqda davam edir, beləliklə, bölgədə vəziyyəti gərginləşdirir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.
Mülki azərbaycanlıların vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.
Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq.
Azərbaycan öz tərəfindən sülhü və təhlükəsizliyi təmin etmək üçün bütün müvafiq, o cümlədən lazımi hüquqi tədbirləri görəcəkdir”.