“Türkiyə həmişə Azərbaycanın yanındadır” Siyasət

“Türkiyə həmişə Azərbaycanın yanındadır”

Mövlud Cavuşoğlu: "Azərbaycan "G 20"-nin fəaliyyətinə böyük töhfə verə bilər"

Azərbaycan və Türkiyə iki dövlət, bir millət prinsipinə sadiqdirlər.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə dilə gətirib.
Cavuşoğlu bəyan edib ki, Azərbaycan-türkiyə əməkdaşlığı bu prinsip üzərində qurulub. Elmar Məmmədyarov isə bildirib ki, əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə edilib: "Həmkarımı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandırdım. Həmçinin Azərbaycan, İran, Türkiyə, eləcə də Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri formatında növbəti görüşün keçirilməsi məsələsini müzakirə etdik. Bu ayın sonunda üç nazir Bakı-Tiflis-Qars layihəsinin reallaşdırılması ilə tanış olmaq üçün Gürcüstanda görüşəcəyik".
Mövlud Çavuşoğlu isə öz növbəsində deyib ki, Türkiyə şübhəsiz Xocalı soyqırımını qınayır: "Mənim cari səfərim Xocalı soyqırımının növbəti ildönümü ilə bir vaxta düşüb. Mən bu faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verirəm. Türkiyə həmişə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanındadır və bu mövqeyə sadiq qalmağa davam edəcək".
O, əlavə edib ki, Türkiyə Xocalıdakı faciənin soyqırım kimi tanınması məsələsində Azərbaycanı dəstəkləyir: "Beynəlxalq ictimaiyyət bu faciə barədə həqiqəti bilməlidir və Türkiyə bundan sonra da bu məsələdə Azərbaycana dəstək göstərməyə hazırdır".
Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan təqsirini və çıxılmaz vəziyyətdə olduğunu etiraf etməlidir. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan regionun inkişafı və çiçəklənməsi üçün hər cür səy göstərir, lakin Ermənistan hələ bu layihələrdən kənarda qalır: "Ermənistan təcavüzkar mövqeyindən geri çəkilsə, işğal edilmiş Azərbaycan ərazisini azad etsə, biz bu ölkəni birgə layihələrmizdə görməyə hazırıq".
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesindən danışarkən qeyd edib ki, Bakı Ermənistanı işğal edilmiş əraziləri azad etməyə və böyük sülh sazişi üzərində işə başlamağa çağırmaqda davam edir: "Azərbaycan həmsədrlərdən Ermənistan Silhalı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına dəstək verməyi tələb edir".
Nazir əlavə edib ki, bunu beynəlxalq hüquq da tələb edir.
Türkiyənin xarici işlər naziri Azərbaycan "G 20"-nin zirvə toplamtısında iştirakı ilə bağlı məsələyə də toxunub: "Azərbaycan "G 20"-nin fəaliyyətinə böyük töhfə verə bilər". Onun sözlərinə görə, Türkiyə "G 20"-də sədrliyi dövründə "Böyük iyirmilik" sammitinə bir dövləti dəvət etmək hüququna malikdir və bu ölkə Azərbaycandır: "Biz inanırıq ki, Azərbaycanın "G 20" sammitində iştirakı "Böyük iyirmiliy"in fəaliyyətinə öz töhfəsini verəcək". Elmar Məmmədyarov isə öz növbəsində türkiyəli həmkarına ölkəni sammitə dəvət etdiyinə görə təşəkkür edib və qeyd edib ki, Azərbaycan "G 20"-nin fəaliyyətinə töhfə verməyə hazırdır.

XC