“Parlament seçkilərinin təxirə salınması gözlənilən deyil” Siyasət

“Parlament seçkilərinin təxirə salınması gözlənilən deyil”

Siyavuş Novruzov: "Belə bir hal Konstitusiya ilə tənzimlənir"

"Qarşıdan gələn 5-ci çağırış parlament seçkilərinin təxirə salına biləcəyini güman etmirəm.
Güman etmirəm ki, belə bir hal baş verə bilər və ya bilsin".
Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) deputatı Siyavuş Novruzov ötən ilin yayından Ermənistan-Azərbaycan cəbhəsində ermənilər tərəfindən atəşkəsin əvvəlki illərlə müqayisədə daha intensiv şəkildə pozulması və ikinci Qarabağ müharibəsinin başlaması ehtimalının yüksək olması səbəbindən ölkə Konstitusiyasına müvafiq olaraq Azərbaycanda növbəti parlament seçkilərinin təxirə salınmasının mümkün olub-olmaması məsələsinə münasibətini bildirərkən dilə gətirib.
"Azərbaycanın kifayət qədər güclü ordusu var. Azərbaycan həm texnika, həm təchizat, həm psixoloji durum cəhətdən və digər bütün cəhətlərdən Ermənistandan dəfələrlə üstündür", - deyə qeyd edən S.Novruzovun sözlərinə görə, bu gün Cənubi Qafqazda ən güclü ordu məhz Azərbaycana mənsubdur və Azərbaycan istənilən an erməni tərəfinin hücumlarının, təxribatlarının qarşısını ala bilər.
O qeyd edib ki, Ermənistan sadəcə, su bulandırır və gərginlik yaratmaq istəyir: "Onlar elə özləri də etiraf edirlər, biz də dəfələrlə demişik ki, Ermənistan yenidən müharibəyə başladığı tərzdə qısa müddət ərzində Azərbaycan nəinki işğal olunmuş ərazilərini azad edəcək, həmçinin qədim dədə-baba torpaqları var ki, Zəngəzurdur, Göyçədir, digər yerlərdir, onlara da sahib çıxacaq. Bunu Ermənistanın rəhbərliyi də, Ermənistanda yaşayanlar da gözəl başa düşürlər. Bu baxımdan, su bulandırmaq, bölgəni gərginlikdə saxlamaq üçün onlar tez-tez belə pozucu hərəkətlərlə məşğul olurlar. Ancaq nə edirlər-etsinlər onların məkrli niyyətləri baş tutmayacaq.
"Ona görə də parlament seçkilərinin təxirə salınması gözlənilə bilməz. Yəni, seçkilərin müddətinin uzanması gözlənilən deyil. Amma Konstitusiyada bu, var. Belə bir hal baş verəcəksə, bu, Konstitusiyanın müddəasıdır".