Müsavatın deputatlığa namizəd seçimi narazılıq yaradıb Siyasət

Müsavatın deputatlığa namizəd seçimi narazılıq yaradıb

Adil Qeybulla: "Hazırda Müsavat Partiyasının rəsmi strukturlarının legitim olub-olmaması müzakirə mövzusudur"

Müsavatda daha bir narazılıq partiyanın parlament seçkilərinə namizədləri ilə bağlı yaranıb. Qeyd edək ki, İndiyə qədər Müsavat Partiyasının 50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədləri müəyyənləşsə də, seçkilərdə iştirak etmək niyyətində olan Müsavat Partiyasının Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun adı namizədlər siyahısında yoxdur.
V. Əyyub Müsavat Partiyası Suraxanı rayon təşkilatının 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə onun namizədliyini müdafiə etdiyini deyib. O, rayon təşkilatının bununla bağlı Müsavat Partiyasının rəhbər orqanlarına müraciət etdiyini bildirib: "Suraxanı rayon təşkilatı bu barədə məndən soruşub, münasibətimi öyrənib. Hələ ki, deputatlığa namizəd olmaq fikrindəyəm".
Müsavat Partiyasında deputatlığa namizədlərlə bağlı məsul şəxs təyin olunan və müraciətləri qəbul edən Müsavat başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında indiyə qədər Müsavat Partiyasının 50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədlərinin müəyyənləşdirildiyini, bunun Müsavat Partiyası Məclisinin növbəti iclasında müzakirəyə çıxarılaraq təsdiqlənəcəyini söyləyib. G. Aslanlı bəyan edib ki, hansısa dairədən deputatlığa namizəd olmaq istəyən partiya üzvü bu barədə arzusunu bildirməlidir. O, namizəd olmaq istəyən partiya üzvlərinin bu istəklərini ən geci seçki kampaniyasına 1 ay qalana qədər bildirmələrini məqsədəuyğun saydıqlarını qeyd edib. G. Aslanlı partiyada narazıları təmsil edən V. Əyyubun, o cümlədən Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin namizədliklə bağlı müraciətlərinin olmadığını açıqlayıb: "Kim namizəd olmaq istəyirsə, mütləq özü bu barədə partiyaya müraciət etməlidir. Bu, birmənalıdır".
Şəxsən partiyaya müraciət edib-etməyəcəyi barədə sualı cavablandıran V. Əyyub rayon təşkilatının onun namizədliyi ilə əlaqədar partiyaya müraciət etdiyini bir daha təkrarlayıb: "Mənim cavabım bundan ibarətdir".
E. Məmmədli isə deputatlığa namizəd olmayacağını bəyan edib: "Deputatlığa namizəd olmaq üçün partiyaya müraciət etməmişəm. Çünki indiki durumda deputatlığa namizəd olmaq niyyətim yoxdur".
Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib ki, Qubad İbadoğlunun partiyadan çıxarılması ilə bağlı məsələnin araşdırılması üçün yayılan bəyanatı cəmiyyətdə kifayət qədər tanınmış, Müsavat Partiyasının bərpasında xidmətləri olan insanlar imzalayıb.: "Bəyanat mətbuatda yayılıb, bu isə onun sənəd olduğuna dəlalət edir. "Bəyanat rəsmi şəkildə ya Mərkəzi Nəzarət-Təftiş Komissiyasına, ya da digər qurumlara təqdim olunmalı idi" kimi fikirlər bəyanatı imzalayanları aşağılamaqdır. Digər tərəfdən, vətəndaşlar Müsavat Partiyası və Azərbaycanın siyasi həyatında gedən prosesləri mətbuat vasitəsilə izləyirlər və ona görə də mən hesab edirəm ki, rəsmi müraciət məsələsi sırf bəhanədir".
A. Qeybulla bildirib ki, hazırda Müsavat Partiyasının rəsmi strukturlarının legitim olub-olmaması müzakirə mövzusudur: "Bu məsələlərin çözülməsi müəyyən güzəştlər əsasında ola bilər. Ancaq qarşı tərəf heç bir güzəşt, konsesus qəbul etmir. Təbii ki, bu cür münasibət konfrontasiya deməkdir. Konfrontasiyaya görə də partiyanın bugünkü rəsmi strukturları məsuliyyət daşıyırlar. Buna görə də hesab edirəm ki, bizim təkrar xəbərdarlığımız tarix üçündür. İndi bəyanata reaksiya verib-verməyəcəkləri artıq onların öz işidir".
A. Qeybulla Müsavatın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynovanın "legitimliyini qəbul etmədikləri qurumlardan hansısa məsələnin araşdırılmasını gözləyirlər" fikrinə də münasibət bildirib. O, bu fikri də bəhanə kimi qiymətləndirib: "Legitimliyi qəbul etmək şərtlə deyil axı. Legitimlik məsələsi həmin seçkili orqanların formalaşmasının Nizamnaməyə uyğun olub-olmamasından asılıdır. Yenə də deyirəm ki, Müsavat Partiyasının strukturlarının legitimliyi ilə bağlı xeyli mübahisəli məsələlər var. Müxalifət də hökumətin legitimliyini qəbul etmir. Amma onlarla dialoqda da iştirak edir, parlamentdə də təmsil olunur, bəzi məsələlərdə əməkdaşlıq da edir. Onda bu necə olur? Ona görə də hesab edirəm ki, bu da bəhanədir. Bəyanatı imzalayan şəxslərdən bəziləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Almaz Əliqızı, Məryəm Oruclu, Hökumə Qurbanlı heç də partiyadan narazı qrupa aid deyillər. Bəs bu adamların müraciətinə niyə cavab verilmir? Qubad İbadoğlu, Vurğun Əyyub, Adil Qeybullanı kənara qoysaq, axı digərləri xeyli neytral adamlardır və sadəcə, partiyadakı vəziyyətdən narahatdırlar. Buna görə də hesab edirəm ki, Müsavat rəhbərliyinin mövqeyi tam bəhanədir. İndi görürəm ki, hazırkı partiya rəhbərliyi və onun ətrafında toplaşmış adamlar Müsavatın bərpasında iştirak etmiş, cəmiyyətdə kifayət qədər nüfuzu olan insanların ünvanına müəyyən aşağılayıcı və təhqiredici fikirlər işlətməkdə çox həvəslidirlər".
Adil Qeybulla "təəssüflər olsun ki, Qubad İbadoğlunun Müsavat Partiyasından çıxarılması ilə bağlı tanınmış üzvlərin partiya rəhbərliyinə müraciəti hələ də cavabsız qalıb. Bu biganəlik davam edərsə, yəqin ki, adekvat addımlar atacağıq",- deyə əlavə edib. O bildirib ki, fevralın 9-da təxminən 11 bənddən ibarət bəyanat Müsavatın tanınmış üzvləri tərəfindən imzalanaraq, partiya rəhbərliyinə təqdim olunub: "Bəyanatda Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun partiyadan kənarlaşdırılmasının Nizamnaməyə zidd olduğu və bu istiqamətdə təcili tədbirlərin görülməsi tələb olunub. Təəssüflər olsun ki, nə müraciətə cavab verildi, nə də hər hansı tədbir görüldü. Bu onu göstərir ki, partiyanın həyatında mühüm rolu olmuş şəxslərin müraciətinə tam etinasız yanaşılır. Hər halda sonuncu dəfə bəyan etmək istəyirik ki, bu məsələ ilə bağlı bizə konkret cavab verilsin. Belə biganəlik davam edərsə, yəqin ki, adekvat addımlar atacağıq. Yekun qərarımızı müzakirələrdən sonra verəcəyik".

Əli