I Avropa Oyunlarına qaryaxanların məqsədi... Siyasət

I Avropa Oyunlarına qaryaxanların məqsədi...

Siyavuş Novruzov: " Azərbaycanda baş verən hər hansı proseslərə kölgə salmağa çalışmaqdır"

Fərəc Quliyev: "Bəzi beynəlxalq təşkilatların narahatçılıqlarının arxasında erməni lobbisinin fəaliyyətlərinin puç olması əndişəsi var"

Bəzi beynəlxalq təşkilatlar yayda Bakıda keçiriləcək Avropa Oyunlarına qarşı kampaniya aparırlar. Ekspertlərin fikrincə, bunun arxasında erməni lobbisi dayanır.Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, xaricdə olan bir qrup ermənipərəst qeyri-hökumət təşkilatları Azərbaycan dövlətinə və xalqına qarşı zaman-zaman müxtəlif fəaliyyətlər göstərirlər. Onun sözlərinə görə, həmin xarici dairələr öz istəklərini Azərbaycan daxilində millətdən məlumatı olmayan Milli Şura, AXCP və onun qəzeti vasitəsilə həyata keçirmək istəyirlər: "Bu qurumlar ayrı-ayrı vaxtlarda xarici dairələrdən maliyyə vəsaitləri alıblar və indi də onların yanında gözükölgəlidirlər. Yəni bu təşkilatlar Azərbaycan xalqına və dövlətinə deyil, əksinə, bəzi xarici təşkilatlara xidmət edirlər və bilavasitə onların himayəsi altında gizlənirlər. Xaricdən bu təşkilatlara hansı göstərişlər verilirsə, bunlar da onu həyata keçirməyə çalışırlar".
Deputat qeyd edib ki, Milli Şura, AXCP və digər bu kimi təşkilatlar Azərbaycanda bir qrup iradəsi zəif insanları doğru yoldan azdırıb Avropa ölkələrində küçələri təmizləməyə vadar edirlər: "Hətta bu yaxınlarda onlardan biri Azərbaycandan "siyasi sığınacaq" adı ilə gedəndən sonra İsveçrədə ayaqyolu təmizləməklə məşğul olduğunu etiraf edib. Bu cür adamlar doğma Vətənini, elini atıb, hansısa verilən vədlərin dalınca Avropaya qaçırlar, ancaq orada küçə və ayaqyolu təmizləməklə məşğul olurlar. Avropada müəyyən dairələr bu cür adamları aldadaraq öz dövlətlərinə qarşı çevirirlər və bunların vasitəsilə öz maddi maraqlarını həyata keçirməyə çalışırlar. Bu cür adamlara verilən göstərişlər nəticəsində həmin hazırlanmış bir qrup adam Azərbaycanda baş verən hər hansı proseslərə kölgə salmağa çalışacaq. Həmin xarici dairələr isə heç zaman istəməz ki, bütün bunların arxasında onların dayandığı məlum olsun".
RATİ-nin rəhbəri Emin Hüseynovun İsveçrə səfirliyində gizlənməsi məsələsinə də toxunan S.Novruzov Avropa dairələrinin bu məsələdə ikili standartlara yol verdiyini söyləyib: "Bu adamın həyat yoldaşı ABŞ xüsusi xidmət orqanlarının əməkdaşıdır. Bu adama 2 milyon dollara yaxın qrant vəsaiti verilib. Ancaq bütün jurnalistlər də şahiddir ki, bu şəxs indiyədək bir dəfə belə normal, böyük pul xərclənən tədbir keçirməyib. Bir adam durub desin ki, Emin Hüseynov filan vaxtı haradasa tədbir keçirib. Bu adam 240 min manat vergidən yayınıb. İndi sual olunur ki, axı sən bu cür cinayətkarı hansı əsaslarla saxlayırsan? Əgər bunun hər hansı siyasi baxışı vardısa, hər hansı siyasi partiyada təmsil olunurdusa, onu səfirlikdə saxlamağı, heç olmasa, başa düşmək olardı. Ancaq bu adamın heç bir siyasi baxışları yoxdur və heç bir böyük tədbir də keçirməyib. Bəs o zaman buna o qədər pul niyə verilib? Bu qədər pul ancaq kütləvi iğtişaşların və mitinqlərin təşkil edilməsi üçün nəzərdə tutulur. Digər tərəfdən isə bu qədər məbləği verən onun 20 faizini özü mənimsəyib. Təbii ki, bütün bunların mənbəyi gec-tez açılacaq. Mənbə açılandan sonra da hər şey aydın olacaq. Ona görə də bunu neytral ölkədə gizlədirlər ki, şübhə yaranmasın. Ancaq bu işlərin üstü açılacaq".
Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət mvəkili Fərəc Quliyev isə deyib ki, I Avropa Oyunları hər bir ölkənin prestijinə təsir göstərə biləcək səviyyədə idman tədbiridir: "Ölkəmizi beynəlxalq arenada daha yaxşı tanıtmaq üçün bu kimi tədbirlərdən səmərəli şəkildə istifadə etməliyik. Azərbaycan həqiqətlərini bilməyən şəxslər bu ölkəyə gəlib qayıdandan sonra ölkəmizlə bağlı olan fikirlərini dəyişirlər və bu oyunlardan sonra da belə halın olacağına inanıram. Bizim düşmənlərimizin narahatçılığının səbəbi isə, məncə, hər kəsə bəllidir. Onlar gözəl anlayırlar ki, Bakıya təşrif buyuran hər bir xarici qonaq buradakı inkişafın şahidi olacaq. Bu isə heç bir halda həmin "qurumlara" sərf etməyəcək. Ona görə də, erməni lobbisinə xidmət edən "Human Rights Watch" kimi qurumlar daha çox çalışırlar ki, bu Avropa Oyunları ya baş tutmasın, ya da zəif təşkil olunsun. Ancaq mən tam əminəm ki, bu cür cəhdlərin heç bir xeyri olmayacaq və ölkəmiz bu idman tədbirini çox uğurlu şəkildə başa vuracaq. Bəzi beynəlxalq təşkilatların narahatçılıqlarının arxasında Azərbaycanın siyasi dividend götürməsi, Azərbaycan həqiqətlərinin ortaya çıxması və erməni lobbisinin fəaliyyətlərinin puç olması əndişəsi var".

Əli