“Bulvarın uzadılmasını maliyyə itkisi hesab edirəm” Siyasət

“Bulvarın uzadılmasını maliyyə itkisi hesab edirəm”

BAXCP sədri: "Axı necə ola bilər ki, insanlar Dövlət Bayrağı Meydanına buraxılmasın?"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasılnın sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında hökumətə səslənərək abadlıq işlərinə ayrılan vəsaitlərin kəskin azaldılmasını təklif edib.
Deputat Dövlət Bayrağı Meydanına vətəndaşların buraxılmamasını da anormallıq hesab edərək parlamentin növbəti iclaslarında bu məsələni də qaldıracağını bildirib:
"Abadlıq işlərinə qoyulan vəsaitlər kəskin surətdə azaldılmalıdır. İqtisadiyyat inkişaf etdikcə, sahibkarlıq mühiti normallaşdıqca onsuz da şəhər öz-özünə abadlaşacaq. Tutaq ki, sahibkar köhnə bir yeri alıb tikəcək, onun qarşısını abadlaşdıracaq. Sahibkarın yanındakı obyekti bir başqası alıb yenidən tikib ətrafı abadlaşdıracaq və beləliklə şəhər dövlət vəsaitləri xərclənmədən abadlaşacaq. Daha dövlətin bu boyda aqlay vurmasına və üzlüklər çəkməsinə ehtiyac olmayacaq. Təbii ki, abadlığa da dövlət tərəfindən vəsait ayrılmalıdır və mən bu günədək görülən işlərin üzərinə qətiyyən kölgə salmaq istəmirəm. Amma tutaq ki, bulvarın o qədər uzadılmasını mən maliyyə itkisi hesab edirəm. Ona görə ki, bulvarın "Azneft" dairəsindən Bakı Dəniz Vağzalınadək olan ərazi Bakı boyda şəhərə kifayət idi. Ondan o tərəf ərazilərə gedin baxın, tək-tük adamlar gəzişir. Yaxud Dövlət Bayrağı Meydanına o boyda vəsait qoyulub, amma heç kimi buraxmırlar ora. Mən başa düşmürəm, o cür nəhəng meydan kimin üçün tikilib? Məncə bu çox böyük anormallıqdır və mən yəqin ki, parlamentdəki növbəti çıxışlarımın birində bu məsələyə də toxunacam və soruşacam ki, onu kimin üçün tikiblər? Axı necə ola bilər ki, Dövlət Bayrağı Meydanına on milyonlarla vəsait xərclənsin, amma insanlar ora buraxılmasın?"