“Ermənilər anlamalıdırlar ki, hazırkı şərait daha da pisləşə bilər” Siyasət

“Ermənilər anlamalıdırlar ki, hazırkı şərait daha da pisləşə bilər”

Tofiq Abbasov: "Bu pisləşmədə vəziyyətə məhz Azərbaycan hakim kəsiləcək"

"Gərgin mübarizədə rəqibin niyyət və gedişlərini düzgün təxmin etməyin xeyli üsulu var. Bunlar, əsasən, psixologiya qanunlarına söykənən düsturlardan ibarət modellərdir. Onlardan istifadə bir çox hallarda özünü şübhəli aparan tərəflərin, qanunu pozan insanların ifşasına köməklik göstərən trafaretlərdir ki, artıq rasional olmasını təsdiqləyib". Bu fikirləri politoloq Tofiq Abbasov səsləndirib. Onun fikrincə, ermənilərin Azərbaycana qarşı ardı kəsilməyən cinayətlərinin səbəb və zərurətini təhlil etməyə başlasaq, ilk növbədə, bir nüansı mütləq qabartmalı olacağıq: "Aydındır ki, erməni liderlər Azərbaycanı daim baş vermiş münaqişədə, davam edən toqquşmalarda, nəticə verməyən sülh danışıqlarında təqsirləndirirlər. Onların arqument və dəlillərindən belə çıxır ki, Azərbaycan torpaqlarının işğalında Ermənistan yox, azərbaycanlılar özləri günahkardır. ATƏT-in sülh səylərinin boşa çıxmasında, təmas xətti boyunca səngiməyən gərginlikdə, hələ də tökülən qanlarda guya bütün məsuliyyət Azərbaycanın üzərindədir... Elə bu günlər ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistan xarici işlər naziri Edvard Nalbəndiyan imkandan sui-istifadə edərək yenə rəsmi Bakını hədsiz dərəcədə problem yaradan tərəf kimi qələmə verərək elə giley-güzar sərgiləyib ki, məəttəl qalmaya bilmirsən. Düzdür, diplomatın ittihamlarında nə yeni bir tərkib, nə də diqqəti cəlb edən məqam var, necə deyərlər, bütün nitq "köhnə hamam" silsiləsi üzərində qurulub. Ona görə çıxışın özünə istinad etməyə lüzum yoxdur. Amma bir məqam həqiqətən maraq doğurur – görəsən, erməni nümayəndələr niyə mövcud vəziyyətə yeni baxışla yanaşmaq istəmirlər?
Problemin məğzi ondadır ki, erməni tərəfinin davranışı yorulmadan yalan danışan adamların əhvalatına bənzəyir. Yalançıların yalançılığı ifşa olunanda, onlar naqolay əməllərini, cinayətlərini etiraf etmək əvəzinə, adətən, başlayırlar geniş qarayaxma kampaniyasına. Sözün qısası, ermənilər də etdikləri cinayətləri həyasızcasına həmişə atırlar başqalarının üzərinə".
Politoloq əlavə edib ki, elə Nalbəndiyan da öz çıxışında auditoriyanın fikrini yayındıraraq iddia edib ki, ön xətdəki gərginlik Azərbaycan hərbçilərinin məsuliyyətsizliyi ucbatından baş verir: "Bu azmış kimi, həm də deyib ki, guya Bakı ATƏT təmsilçilərinin saysız-hesabsız dəyərli təkliflərini rədd edib və bu səbəbdən də nizamasalma prosesi uzanıb, asılı vəziyyətə düşüb. Konkret desək, çıxışın qayəsi problemli vəziyyətin məsuliyyətini Azərbaycanın üzərinə yıxmaq olub, ancaq Nalbəndiyanda yalanları sırımaqda orijinallıq çatmayıb.
Gerçəklikdə isə məsələ belədir ki, İrəvan cidd-cəhdlə sülh prosesini böyrü üstə qoymaqdan ötrü dayanmadan təxribatlar edir. Onun marağında olan sülh və barışıq deyil, qarətdir – yəni, Azərbaycan torpaqlarının birdəfəlik mənimsənilməsi. Bu səbəbdən, erməni nümayəndələr cinayətlərini Azərbaycanın üzərinə yıxmaqla həm vaxt udmağa çalışırlar, həm də istəyirlər ki, diplomatik sahədə hərc-mərclik yaransın, xaos olsun. İndilikdə hər kəs dəqiq bilir ki, aprelin 24-ə, yəni qondarma soyqırımın 100 illiyi keçməyənə qədər sülh prosesində dönüş olmayacaq. Yeniliklər səs-küylü hadisələrdən sonra baş verəcək. Lakin erməni təbliğatı tədarükünü indidən görür ki, xaos vəziyyəti apreldən sonra da sovuşmasın. Onlar iddia edirlər ki, bu il Azərbaycanda keçiriləcək Avropa Oyunları, hər iki ölkədə planlaşdırılan seçki kampaniyaları və s. Qarabağ problemi ətrafında gedən sülh prosesinə imkan yeri qoymayacaq. Amma İrəvan yanılır".
Ekspertin sözlərinə görə, əgər onlar problemin həllində maraqlı deyillərsə, bu o demək deyil ki, hamı bu niyyətdədir: "Xüsusən də Azərbaycan. Müharibə Azərbaycan ərazilərində baş verib, ən böyük itkilər də bu torpaqlarda olub. Heç ola bilərmi ki, Bakı münaqişənin həllini istəməsin? Əlbəttə, yox.
Ermənilər anlamalıdırlar ki, hazırkı şərait daha da pisləşə bilər və bu pisləşmədə vəziyyətə məhz Azərbaycan hakim kəsiləcək".

Əli