“Avronest PA sadəcə siyasi vasitədir” Siyasət

“Avronest PA  sadəcə siyasi vasitədir”

Elxan Süleymanov: "İrəvanda keçirilən sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübut etdi"

"Avronest PA-nın İrəvanda keçirilən 4-cü sessiyasında üzvlərin 50 faizinin iştirak etməsi qəbul edilən qərarların legitimliyini sual altına salır". Bunu APA-ya açıqlamasında Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.
Onun sözlərinə görə, sessiyada 6 Şərq Tərəfdaşlığı ölkəsindən yalnız Ukrayna, Gürcüstan və Ermənistan iştirak edib: "Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Moldova nümayəndə heyəti də demək olar ki sessiyaya qatılmayıb. Moldovanı yalnız bir deputat təmsil edib, Gürcüstan və Ukrayna nümayəndə heyətləri isə İrəvana tam tərkiblə getməyiblər".
Elxan Süleymanov qeyd edib ki, sessiya zamanı 4 məruzə - Siyasi Komitədə "2014-2020-ci illər Avropa Qonşuluq Aləti vasitəsilə Aİ ilə Şərqi Avropa tərəfdaşı ölkələri arasında tərəfdaşlığın daha da gücləndirilməsi", İqtisadi Komitədə "Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında infrastruktur əməkdaşlığı: şose, dəmiryol və havanəqliyyatı sahəsində birgə layihələrə dair", Enerji Komitəsində "Şərq Tərəfdaşlığı çərçivəsində enerjinin səmərəliliyi və bərpa edilə bilən enerji mənbələri sahəsində əməkdaşlıqda problemlər, potensial və yeni iştiraka dair", Sosial və Mədəniyyət Komitəsində "Şərq Tərəfdaşlığı müstəvisində mədəniyyət və mədəniyyətlərarası dialoq" mövzusunda məruzələr qəbul edilib: "Ermənistan nümayəndə heyətinin etirazına baxmayaraq, Siyasi Komitənin məruzəsində Azərbaycan nümayəndə heyətinin 2 düzəlişi nəzərə alınıb. Bundan əlavə, sessiyada 2 qətnamə də qəbul edilib. Ermənistan üçün bu plenar sessiyanın əsas məqsədi qondarma "erməni soyqırımı"nın 100 illiyi haqqında qətnamə qəbul etmək idi. Onlar sessiyanın İrəvanda keçirilməsindən sui-istifadə edərək, qondarma "soyqırım" qətnaməsini irəli sürüb və bu qətnaməni qəbul etdirmək üçün siyasi alver vasitələrinə əl atıblar. Belə ki, ermənilər Assambleya iştirakçılarına, xüsusən Ukraynalı deputatlara bildiriblər ki, onlar Ukraynanın ərazi bütövlüyünün tanınması ilə bağlı qətnaməyə yalnız qondarma "soyqırım"ın tanınması müqabilində səs verə bilərlər. Bundan əlavə, erməni nümayəndə heyəti etirazlara baxmayaraq bu qətnamə layihəsini prosedur qaydaları pozaraq – öncədən Avronest PA üzvlərinə göndərmədən, müzakirə imkanı yaratmadan birbaşa səsverməyə çıxarıblar. Beləcə, fitnəkar ermənilər qondarma erməni soyqırımının 100 illiyinə dair qətnamə layihəsinin qəbul edilməsinə müvəffəq olublar. Bu qətnamə layihəsi barədə tərəfimdən ictimaiyyət üçün geniş məlumat açıqlanacaq".
Elxan Süleymanov əlavə edib ki, sessiyada Ukraynadakı vəziyyətlə bağlı təcili qətnamə də qəbul edilib: "Bu qətnamə layihəsində Ukrayna ərazisi bütövlüyünün Rusiya tərəfindən pozulması faktı, münaqişənin sülh yolu ilə həllinə və Ukraynanın ərazi bütövlüyünün təmin edilməsinə çağırışlar yer alıb. Bu sessiya zamanı soyqırım tanıtımı ilə yanaşı, ermənilərin ikinci əsas məqsədi Azərbaycana böhtanların atılması və Dağlıq Qarabağın təbliği idi. Onlar sessiya ərzində öz xislətlərinə sadiq qalaraq, insan hüquqları və demokratiya bəhanəsi ilə Azərbaycana hücumlar edib, Azərbaycanın işğalçı olduğunu sübut etmək istəyiblər. Bununla yanaşı, AP və digər milli nümayəndə heyətlərinin yerləşdirildiyi oteldə turizm agentliyi tərəfindən paylanılan vərəqələrdə Ermənistanın bir hissəsi kimi təqdim edilən Dağlıq Qarabağa 3 günlük turistik səfərlər təklif edilib.
Ermənistanda insan hüquqlarının pozulması və ölüm hallarına, Ermənistanın Rusiya ilə Gömrük İttifaqı Sazişini imzalaması faktına baxmayaraq, Avronest PA onu hələ də tənqid etmir. Əksinə, bu gün Ukrayna ərazi bütövlüyünü tanıyanAvronest PA 23 ildir torpaqları Erməni işğalı altında olan və ərazi bütövlüyü beynəlxalq sənədlərlə, habelə bütün dünya ölkələri tərəfindən tanınan Azərbaycanın çağırışlarına məhəl qoymur, Avronest PA-nın münaqişə həll edən qurum olmadığını vurğulayır, 110 il əvvəl Azərbaycanlıları soyqırıma məruz qoymuş ermənilərin qondarma soyqırımını tanıyır. Sonda vurğulamaq istərdim ki, İrəvanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübut etdi. Avronest PA sadəcə Şərq Ölkələrinin Aİ-yə üzvlük imkanlarının olmamasına bəraət qazandırmaq üçün istifadə edilən siyasi vasitəsidir".