Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Siyasət

Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri

Əli Həsənov: "Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır"

AZƏRTAC Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" məqaləsini yayıb.
Məqalədə qeyd olunur ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.
PA rəsmisi vurğulayıb ki, bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur: "Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən "erməni amili"ndən siyasi alət kimi istifadə etmişdir".
Məqalə müəllifi tarixi faktlara istinad edərək, çar Rusiyasının yürütdüyü müstəmləkəçilik siyasətinin mahiyyətini ortaya qoyub: "XIX əsrin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianov Gəncəni tutduqdan sonra, 1805-ci il 22 may tarixli, 19 nömrəli raportunda yazırdı ki, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərməliyik...
Çar Rusiyasının Qafqazı işğal etməsini N.N.Şavrov açıq söyləyir və bu məqsədlə həmin əraziyə ilk dəfə başqa millətlərin köçürülməsini yazırdı: "Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin deyil, xaricilərin köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və müxtəlif imtiyazlar verildi"".
Müəllif daha sonra XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinə diqqət yönəldib: ""Böyük Ermənistan" ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur.
XX əsrin əvvəllərində erməni millətçiləri "Daşnaksütyun" partiyasının proqramında irəli sürülən "Böyük Ermənistan" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi "Ermənistan dövləti"ni qurmaq üçün etnik təmizləmə aparmışlar. Belə ki, Birinci Dünya müharibəsi illərində də çarizmin himayəsinə sığınan ermənilər azərbaycanlılara qarşı qırğınları davam etdirməyə başladılar".
Müəllif xatırladır ki, erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur: "1918-ci ilin əvvələrində yəni mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Bolşeviklərin, o cümlədən Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür.
Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Onu da qeyd emək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir.
Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir.
Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və doğma torpağından didərgin salınmışdır. Bu rəqəmi Z.Kirokodyan özünün "Sovet Ermənistanının əhalisi 1831-1931" adlı kitabında təsdiq edərək yazır ki, "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur".
1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmiş, İrəvan quberniyasında 132 min azərbaycanlı qətlə yetirilmişdir.
Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir".
Məqalədə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası tərəfindən ermənilərin törətdikləri cinayətlər araşdırıldığı, lakin AXC-nin süqutunun bu işi başa çatdırmağa imkan vermədiyi qeyd olunur: "Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı.
Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan və bütün XIX əsr boyunca davam etdirilmiş köçürülmə prosesi nəticəsində ermənilərin Qarabağın dağlıq hissəsində süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur. Ermənilərin ən böyük iddiası Qarabağı və Zəngəzuru ələ keçirmək idi. Ermənistan hökuməti işğal planlarını həyata keçirmək məqsədilə oraya silahlı qüvvələr göndərdi. Nəticədə, Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni silahlı qüvvələri yüzlərlə yaşayış məntəqəsini dağıtdı, minlərlə dinc azərbaycanlı əhalisini qəddarcasına məhv etdi.
1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürdü. Bununla da, Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ilk rəsmi cəhd edildi. Problemi dinc vasitələrlə həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə də, daşnakların tutduğu mövqe bu təkliflərin həyata keçməsinə mane oldu.
Ərazi bütövlüyünü qoruyub saxlamağı və öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Respublikasının ərazi iddialarını qəti şəkildə rədd etdi. Azərbaycan parlamenti "Qarabağ" məsələsini müzakirə edərək separatçılıq hərəkatının qarşısını almaq üçün əməli tədbirlər həyata keçirməyə başladı. Bu məqsədlə Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb, mərkəzi Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğunu yaratdı və Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Azərbaycan hökuməti ona tapşırdı ki, orada qayda-qanun yaratsın və yerli hakimiyyəti təşkil etsin.
Azərbaycan hökumətinin gərgin səyi nəticəsində 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan respublikaları arasında müqavilə imzalandı. İmzalanan müqaviləyə görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən də sərhəd məsələləri danışıqlar yolu ilə həll edilməli idi. Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə pozmuş və Azərbaycan ərazilərinə öz qoşunlarını göndərərək azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Lakin Xalq Cümhuriyyətinin süqutunda da az rol oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan sovetləşəndən sonra yenidən ortaya atıldı.
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrlərdə isə bu ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.
Bunun davamı olaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.
Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.Lakin, bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür".
Müəllif qey edir ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər: "Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə, eləcə də hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, neqativ ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün İttifaq miqyasında yaymışdılar.
1988-ci il hadisələri başlananda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların Mərkəzdəki himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilir, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi.
Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların Mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.
Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı.
Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin, faktiki olaraq, Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil edildi. DQMV ərazisində Ermənistanın bayrağı qaldırıldı. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı".
Məqalədə ermənilərin ötən illər ərzində törətdiyi çoxsaylı terror hadisələri ilə bağlı faktları da diqqətə çatdırıb: "Dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür".
Əli Həsənov daha sonra yazır: "XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir".
Müəllif vurğilayıb ki, mərhum prezident Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir: "Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi baxımından deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir".
PA rəsmisi xatırladır ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir: "Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur.
Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə — 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.
Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Münaqişənin nizama salınması prosesində Azərbaycan Prezidenti İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin dövlət başçısı Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün bütün vasitələrdən istifadə olunacağını qətiyyətlə vurğulamışdır".