Həmsədrlər Moskvada nə axtarırlar? Siyasət

Həmsədrlər Moskvada nə axtarırlar?

Amerikalı həmsədr qonşu ölkələrə qarşı təcavüzkar siyasət yürüdən Rusiya ilə müzakirələri "faydalı" adlandırır

ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüş keçiriblər.
APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, Q. Karasinin həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktual məsələlər müzakirə edilib.
Qeyd edək ki, həmsədrlər martın 10-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, martın 11-də isə Moskvada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Tvitter" səhifəsində yazıb ki, "Moskvada keçirilən Qarabağ məsləhətləşmələri faydalı olub".
C.Uorlik qeyd edib ki, ABŞ, Rusiya və Fransa münaqişə bölgəsində sülhün bərpası istiqamətində birgə fəaliyyət göstərir.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri növbəti dəfə birgə ənənəvi bəyanat yayıblar. Bəyanatda deyilir: "ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə əməkdaşlığın vacibliyini və sülh prosesin inkişafı üçün yüksək səviyyədə danışıqların aparılmasının zəruri olduğunu hesab edirlər."
Bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Paris və Moskva görüşlərinin davamı olaraq apreldə regiona səfər etməyi planlaşdırırlar.
"Həmsədrlər 2013-cü ilin noyabrında Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı qaldırılmış məsələlərin həlli üçün xarici işlər nazirləri ilə təmasları davam etdirirlər". Nazirlər bir daha açıq məsələləri həll etmək və prosesi sürətləndirmək arzusunda olduqlarını bildiriblər.