“Həm daxildə, həm də xaricdə, öz maraqları naminə qaralama kompanyası aparanlar var” Siyasət

“Həm daxildə, həm də xaricdə, öz maraqları naminə qaralama kompanyası aparanlar var”

Söhrab Abdullayev: "Ən xoşa gəlməyən hal isə Amerikada, Avropada erməni lobbisi ilə birgə fəaliyyətdən belə çəkinməyənlərin meydana çıxmasıdır"

Fəzail Ağamalı: "Bu qüvvələr arasında həlledici yerdə Ermənistan lobbisi dayanır"

Az müddətdən sonra Azərbaycan qitə miqyaslı "Bakı-Avropa Oyunları - 2015" yarışmasına ev sahibliyi edəcək. Bu möhtəşəm tədbirdə 20 idman növü üzrə yarışlar keçiriləcək ki, onların da 16-sı Olimpiya proqramına daxildir. Paytaxtımız 6 mindən artıq idmançını qəbul edəcək. Yarışda 239 komplekt medal uğrunda mübarizə aparılacaq. Tədbirdə 18 min yerli və xarici könüllülər fəaliyyət göstərəcək. Oyunları işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün Təşkilat Komitəsinə müraciət edib. Artıq ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri demək olar ki, başa çatmaq üzrədir. Hər gün gözümüz qarşısında baş verən yeniliklər deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır. Sözsüz ki, bu cür mötəbər tədbirin odlar yurdunun paytaxtı olan Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının bariz nümunəsidir. Xatırladaq ki, 2012-ci il dekabrin 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edilib. Bu tarixi qərar özlüyündə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, ən azı iyunun 12-dən 28-nə kimi davam edəcək bu idman bayramı Azərbaycanı Avropa tarixinə yazacaq. İllər dolanıb əsrlər keçdikdən sonra da Azərbaycanın adı
Avropanın idman tarixində qızıl hərflərlə həkk olunacaq.
Birinci Avropa Oyunlarının vaxtını Azərbaycanı sevən qüvvələr nə qədər səbirsizliklə gözləyirlərsə, ölkəmizə qarşı düşmən mövqedə dayanan dairələr də bir o qədər həyəcan və narahatçılıqla qarşılayırlar. Hər vasitə ilə ölkəmizin imicinə zərbə vurmağa, bu oyunların statusu və ona olan marağı azaltmağa çalışsalar da, onların bu istəyi baş tutmur. Əksinə hər ötən gün Birinci Avropa Oyunlarına olan maraq bir qədər də artır. Bu tendensiya isə Azərbaycanı istəməyən qüvvələrin istək və arzularının reallaşmayacağını söyləməyə əsas verir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abdullayev bildirib ki, Avropa oyunlarının Azərbaycanda keçirilməsi önəmli bir hadisədir: "Bildiyiniz kimi erməni lobbisi və onların havadarları olan ölkələrin xaricdə əleyhimizə apardıqları təbliğatlar ürək açan deyil. Xüsusən də insan haqlarının pozulması kimi təqdım olunan anti-təbliğat, Qarabağ məsələsində haqlı çıxmaq təşəbbüsü ilə ermənilər tərəfindən böyük maraqla aparılır. İngiltərə az qala Azərbaycanı insan həyatı üçün təhlükəli ölkə kimi tanıtmağa çalışırdı. Bu kimi neqativ düşüncələri ortadan qaldırmaq, Azərbaycan gerçəklərini dünyanın tanıması baxımından Avropa Oyunlarının ölkəmizdə keçirilməsi son dərəcə önəmlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, həm daxildə, həm də xaricdə, öz maraqları naminə qaralama kompanyası aparanlar var. Ən xoşa gəlməyən hal isə Amerikada, Avropada erməni lobbisi ilə birgə fəaliyyətdən belə çəkinməyənlərin meydana çıxmasıdır. Azərbaycan hər birimizin vətənidir. Təbii ki, bütün ölkələrdə olduğu kimi biz də problemlər vardır. Məncə qarayaxma kompanyası aparanlar Azərbaycan daxili siyasətində öz iflasları ilə barışmış və çarəni xaricin dəstəyində axtaranlardır. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün önəmli divident gətirəcəyi qənaətindəyəm".
Millət vəkili Fəzail Ağamlı deyib ki, Azərbaycana qarşı uzun illərdir ki, qarayaxma kampaniyaları aparılır: "Bunun ən geniş xarakter daşımasını 2012-ci ildə "Eurovision" mahnı festivalı ərəfəsində gördük. Ancaq indi qarayaxma kampaniyası ondan da geniş xarakter almaqdadır. Bəzi qüvvələr Azərbaycanın dünya məkanında parlaq ulduza çevrilməsindən, ölkəmizin inkişafından narahatlıq keçirir, qısqanclıq hiss edirlər. Bu qüvvələr arasında həlledici yerdə Ermənistan lobbisi dayanır. Erməni lobbisinin Amerika, Fransa və dünyanın digər ölkələrdə yetirişdirib formalaşdırdığı, önə çəkdiyi ayrı-ayrı siyasətçilər, məmurlar, QHT rəhbərləri, medialar, jurnalistlər var. Bütün bunlara ermənilərin pulu ilə qidalanan, əslində ABŞ-dan daha çox, ermənilərə xidmət edən, ABŞ-Azərbaycan münasibətlərinin inkişafından daha çox Azərbaycanla düşmənçiliyə səy göstərən Con Kerri rəhbərlik edir. Kerri açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqeyini ortaya qoyub. ABŞ siyasətçisi kimi 1990-cı ildə 20 Yanvar hadisələri ərəfəsində Mixail Qorbaçova məktub yazaraq onu Azərbaycana qan uddurmağa çağırırdısa, erməniləri müdafiə edirdisə, Azərbaycana qarşı ədalətsiz "907-ci düzəliş"i qəbul etməkdə həlledici rol oynayırdısa, bu gün artıq o, açıq müstəviyə keçib. Azərbaycana qarşı ermənilərdən betər düşmənçiliyini ortalığa qoyur. Məqsəd I Avropa Oyunlarının keçirilməsinə mane olmaq, dünyada Azərbaycanın imicini zəiflətmək, şər və böhtan məlumatlar yaymaqdır. Ona görə də biz birmənalı olaraq Con Kerrinin Azərbaycana qarşı düşmənçilik mövqeyinin üstünə gedib onu sosial şəbəkələr vasitəsilə ifşa edirik. Tək Azərbaycan auditoriyası üçün deyil, ingilis, ispan, alman, fransız dillərində də o münasibətləri sosial şəbəkələr vasitəsilə yaymaqda davam edirik. Mən əminəm ki, nə Con Kerri, nə də onun komandası Avropa Oyunlarının keçirilməsinə heç bir maneçilik yarada bilməyəcək. Azərbaycan güclü dövlətdir, ölkəmizin iradəsi ortalıqdadır. Ölkə prezidentinin olduqca müdrik, ölçülüb-biçilmiş, Azərbaycan xalqının iradəsinə söykənən çox qətiyyətli, milli maraqlarını özündə ifadə edən siyasəti var. Bu siyasət Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən müdafiə olunur. Onlar bizi Suriyaya, Liviyaya, Yəmənə döndərməyə çalışsalar da, Azərbaycan xalqının iradəsi ilə üz-üzə dayanacaqlar və istəklərinə nail olmayacaqlar".
O, əlavə edib ki, oyunların məşəli həmişə ilk olaraq Bakıda Atəşgahda yandırılacaq və növbəti oyunlar Avropanın hansı ölkəsində keçiriləcəksə, məşəl Azərbaycandan aparılacaq: "Deməli, hər Avropa Oyunları keçirildikcə bu, Azərbaycanın xatırlanması, təbliği və təqdimatı deməkdir. Ölkəmizin qoyduğu fundament ənənəsi davam edəcək. Minlərlə turist gələcək, Azərbaycan daha da yaxşı tanınacaq. Oyunlar ən müxtəlif səviyyəli şəxslərin cəlb edilməsində mühüm rol oynayacaq. Turizm sahəsindəki imkanlarımızı və üstünlüklərimizi dünyaya təqdim edəcəyik. Bütün mənalarda Avropa Oyunları ölkəmiz üçün çox əhəmiyyətli töhfələr verəcək. Biz də şübhəsiz dövlət və millət olaraq yaranmış situasiyadan istifadə edib özümüzü dünyaya daha geniş şəkildə tanıda biləcəyik". Fəzail Ağamalı "Bakı-2015: Avropa Oyunlarına dəstək dostlar qrupu" yaratmısının zəruriyyətindən də danışıb: "Bu birliyin niyyəti adından göründüyü kimi birinci Avropa Oyunlarına sosial şəbəkələrdə dəstək vermək, onun təbliğində fəal iştirak etməkdən ibarətdir. "Bakı-2015: Avropa Oyunlarına dəstək dostlar qrupu" ilə bağlı təşəbbüsümü bəyənən gənclər çağırışıma gəldi. Həm Azərbaycan, həm də ölkəmizdən kənarda Avropa Oyunlarının əhəmiyyəti və vacibliyi haqqında informasiyaları dünya ictimaiyyətinə ən müxtəlif - ingilis, fransız, alman, ispan, rus, yapon, çin dillərində geniş şəkildə yayacağıq. Xüsusi olaraq Oyunlarla bağlı anti-Azərbaycan koalisiyasının xüsusi proqramlı düşmənçilik mövqeyinə qarşı öz imkanlarımızı səfərbərliyə alaraq iradəmizi ortaya qoymalıyıq. Məqsədimiz Azərbaycanın üstün cəhətlərini, dövlətçiliyimiz və onun əldə etmiş olduğu uğurları, təbiətimiz, sərvətlərimiz, insanlarımız haqda məlumatları, maddi və mənəvi mədəniyyətimizin ayrı-ayrı cəhətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Artıq bu istiqamətdə müəyyən işlər aparırıq, getdikcə auditoriyamız genişlənir". O, həmçinin əlavə edib ki, ilk Avropa Oyunlarında idmanın 20 növü üzrə yarış keçiriləcəyini nəzərə alsaq, 48 ölkə öz idman imkanlarını nümayiş etdirəcək: "Avropa Oyunları öz təsnifatı və səviyyəsinə görə Olimpiya Oyunları ilə müqayisə olunur. Azərbaycan bu Oyunları ev sahibliyi etməyi öz boynuna götürməklə birincisi, özünü idman ölkəsi, ikincisi yüksək təşkilatçılığı olan dövlət kimi təqdim edir. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki məşəlin alovlandırılma mərasimində çıxışında söylədiyi kimi bu, böyük möcüzə idi, Azərbaycan Oyunlara hazırlığı ilə özünün yüksək səviyyəli idman ölkəsi kimi Avropaya, dünyaya göstərdi. Tamamilə əminəm ki, sonrakı mərhələlərdə də ölkəmiz üstün keyfiyyətlərini dünyaya nümayiş etdirəcək. Bakı və Azərbaycanın adı əbədi olaraq sonrakı illərdə Avropa Oyunları keçirilən ölkələrdə çəkiləcək. Oyunların məşəli həmişə ilk olaraq Bakıda Atəşgahda yandırılacaq və növbəti oyunlar Avropanın hansı ölkəsində keçiriləcəksə, məşəl Azərbaycandan aparılacaq. Deməli, hər Avropa Oyunları keçirildikcə bu, Azərbaycanın xatırlanması, təbliği və təqdimatı deməkdir. Ölkəmizin qoyduğu fundament ənənəsi davam edəcək. Minlərlə turist gələcək, Azərbaycan daha da yaxşı tanınacaq. Oyunlar ən müxtəlif səviyyəli şəxslərin cəlb edilməsində mühüm rol oynayacaq. Turizm sahəsindəki imkanlarımızı və üstünlüklərimizi dünyaya təqdim edəcəyik. Bütün mənalarda Avropa Oyunları ölkəmiz üçün çox əhəmiyyətli töhfələr verəcək. Biz də şübhəsiz dövlət və millət olaraq yaranmış situasiyadan istifadə edib özümüzü dünyaya daha geniş şəkildə tanıda biləcəyik".

Əli