“Bu qərar partiya idarəçiliyində yalnız siyasi mədəniyyətin deyil...” Siyasət

“Bu qərar partiya idarəçiliyində yalnız siyasi mədəniyyətin deyil...”

Qubad İbadoğlu: "Həm də mənəvi dəyərlərin arxa plana keçdiyini göstərdi"

Vurğun Əyyub: "Müsavatın indiki rəhbərliyi Nizamnamə əsasında yox, qisasçılıq duyğusu ilə qərar verir, inkara qalxışırlar"

Ellada Məmmədi: "Artıq Müsavatda demokratik qaydada seçilən heç bir qurum və ya rayon təşkilatının sədri olmayacaq"

Ellada Məmmədlinin Müsavatdan uzalaşdırılması narazılığı daha da alovlandırıb. Sabiq müsvatçılar isə sərt ittihamlar səsələndiriblər. ADR Hərəkatının sədri Qubad İbadoğlu qeyd edib ki, Ellada Məmmədlinin Müsavatdan çıxarılması onsuz da pis durumda olan partiyada rəhbərliyi mənimsəmiş şəxslərin digər naqisliklərini də üzə çıxartdı: "Nizamnamə pozuntusu ilə verilən bu qərarla təsdiq olundu ki, birincisi, partiya içində qısasçılıq hissi o qədər genişlənib ki, artıq yuxarıların göstərişi ilə aşağı səviyyəli idarəçilikdə də bu yanaşma əsas xətti təşkil etməyə başlayıb. İkincisi, bu qərar partiya idarəçiliyində yalnız siyasi mədəniyyətin deyil, həm də mənəvi dəyərlərin arxa plana keçdiyini göstərdi. Partiyanın bu qərarı yalnız prinsipial mövqeyi və yetkin siyasi təcrübələri ilə başqalarından fərqlənən, bizimlə bərabər on illərlə ağır yükü zərif çiynlərinə götürən müsavatçı ana və bacılarımıza deyil, cəmiyyətdə sayı az olan siyasətçi xanımlara münasibətdə hörmətsilik nümunəsi kimi tarixdə qalacaq. Bununla, hazırkı Müsavat Partiyası bir daha klassik müsavatçılıq ideologiyasından çox uzaqlaşdığını nümayiş etdirdi".
ADR Hərəkatı sədrinin müavini Vurğun Əyyub da Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiyadan uzaqlaşdırılmasına münasibət bildirib. "Deyəndə ki, Müsavatın indiki rəhbərliyi nizamnamə əsasında yox, qisasçılıq duyğusu ilə qərar verir, inkara qalxışırlar. Deyəndə ki, bu rəhbərlik qeyri-legitimdir, qərarları da qeyri-legitim olacaq, qara-qışqırıq salırlar. Deyəndə ki, bu rəhbərlik güclü şəxsiyyətləri olan, çoxsaylı bir partiyanın deyil, onların qərarlarına "bəli" deyən bir qrupun varlığında maraqlıdır, bizi satılmış adlandırır, hakimiyyətlə işbirliyində günahlandırırlar! Ellada Məmmədlinin bu qədər əsassız ittihamlarla, kobud Nizamnamə pozuntusu ilə partiya üzvülüyündən uzaqlaşdırılması dediklərimizin, verdiyimiz qiymətin doğru olduğunu bir daha isbatladı"
Müsavat Partiyasının Qadınlar Birliyinin keçmiş sədri Ellada Məmmədli isə "Arif Hacılı da hamı kimi bilir ki, mən onun qrup maraqlarına xidmət edən müsavatçı deyiləm. Mən müstəqil və azad düşünən insanlardan biriyəm. Bu gün isə Müsavatda azad fikirliliyə və azad sözə qarşı böyük bir repressiya gedir. Onun da başında Arif Hacılı durur",- deyə vurğulayıb. O bildirib ki, hazırda əlində partiyadan çıxarılmağı ilə bağlı rəsmi sənəd yoxdur: "Mənim Arif Hacılının dağıdıcılıq siyasətinə, partiyada avtoritar rejiminə, müsavatçılara qarşı olan qrup mənafeyindən baxdığı bəzi şeylərə qarşı çıxmağım doğrudur. Mən yalnız onlara qarşı çıxıram. Amma Arif Hacılın yürütdüyü siyasətə qarşı çıxmaq Müsavat Partiyasına qarşı çıxmaq demək deyil. Özümü hələ də partiyanın üzvü hesab edirəm. Çünki bilirəm ki, Arif Hacılının göstərişi ilə onun qrup maraqlarına uyğun gəlmədiyim üçün sifarişli olaraq partiyadan xaric olunmuşam. Nə qədər ki, əlimdə onun imzasi və möhürü ilə olan partiyanın rəsmi sənədi yoxdur, özümü partiyadan çıxarılmış hesab etmirəm. Düşünürəm ki, ən azı mənim son iclasda söz demək hüququm var idi. Bu haqqı mənim əlimdən aldılar. Eybi yoxdur".
Ellada Məmmədli indiyə kimi partiyadan 10 nəfərin rəsmi şəkildə çıxarılması məsələsinə də münasibət bildirib: "Deyilənlərin hamısı kifayət qədər yanlış və əsassızdır. Çünki çıxarılan şəxslərlə bağlı ortalıqda rəsmi heç nə yoxdur. Bu böyük səhv və nizamnamə pozuntusudur. Məsələn, Səxavət Əlisoyu, Qubad İbadoğlunu, Vurğun Əyyubu, Rövşən Dəmirlini, Əli Qasımbəylini, Rahim Mirəlimovu və məni bu formada çıxarıblar. Onlar bunu yalnız mətbuata ötürürlər, yaxud özlərinin protokolunda yazırlar. Amma bu haqda həmin şəxslərə rəsmi olaraq partiyanın möhürü olan sənəd verilmir. Bu da özlərinin bir daha saxtakarlıqlarını isbat edir. Qorxurlar ki, həmin şəxslər onların qeyri-qanuni hərəkətləri haqda araşdırmalar aparar və ya məhkəməyə müraciət edərlər. Onlar özlərini hər tərəfdən sığortalayırlar. Nə qədər ki Arif Hacılı, daha doğrusu, Hacılı qardaşları partiyada hökmranlıq edir, orada yalan ayaq tutub yeriyəcək".
Ellada Məmmədli əlavə edib ki, Vəfa Cümşüdlü iki ildən çoxdur Qadınlar Birliyinin sədri olmaq üçün onunla mətbuat səhifələrində savaşır: "Vəfa Cümşüdlü mətbuatda mənim haqqımda saxta olan məlumatlar yayır. Necə müddətdir onun gözü Qadınlar Birliyinin sədri kreslosundadır. Amma bundan sonra yeni sədr kim olacaqsa, həmin şəxs Arif Hacılının maraqlarına cavab verən, onun göstərişi ilə hərəkət edən bir adam olacaq. Artıq Müsavatda demokratik qaydada seçilən heç bir qurum və ya rayon təşkilatının sədri olmayacaq".
Xatırladaq ki, Mayın 17-də Xətai rayon təşkilatının təqdimatı əsasında Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya sıralarından xaric edilib. O, partiya rəhbərliyinə qarşı addımlar atmaqda, Nizamnamə qaydalarını pozmaqda, Müsavatdakı istefaları təşkil etməkdə günahlandırılıb.

Əli