Prezident Riqa Sammitində iştirakdan imtina edib Siyasət

Prezident Riqa Sammitində iştirakdan imtina edib

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-22-də Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Əli Həsənov qeyd edib ki, l Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafiki həddən artıq sıxlaşıb, buna görə də dövlət başçısı sammitdə iştirak edə bilməyəcək.
Prezidentin köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumatda isə bildirilir ki, Prezident İlham Əliyevin Avropa Birliyi "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməməsi son zamanlar Qərbdə Azərbaycana qarşı qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə reaksiyadır.
Məlumata əsasən, Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını iddia edən Qərb dairələrinin yaxından iştirakı ilə l Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı "qara piar" kampaniyasının genişləndirilməsi haqlı hiddət doğurur.
APA-nın əldə etdiyi digər bir məlumata görə, bir müddət əvvəl Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avropa Birliyinin Azərbaycandakı ofisinin rəhbəri Malena Mardı dəvət edərək, Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətini genişləndirməsinə etirazını bildirib.
O, Malena Marddan mayın 12-də Avropa Parlamentində Azərbaycanla bağlı keçirilməsi nəzərdə tutulmuş dinləmələrin dayandırılmasını tələb edib. Avropa İttifaqının nümayəndəsinə çatdırılıb ki, tədbir dayandırılmayacağı təqdirdə, Azərbaycan Prezidentinin Riqa Sammitində iştirakı sual altına düşəcək.
Diplomatik mənbələr onu da qeyd edir ki, anti-Azərbaycan ovqatının genişləndiyi Qərblə strateji tərəfdaşlıq mümkünsüzləşir: "Azərbaycan hakimiyyəti 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, l Avropa Oyunlarına bir neçə gün qalmış da Avropa Parlamentinin Azərbaycana qarşı yeni qətnamə qəbul edəcəyi barədə məlumat alıb. Prezident İlham Əliyev də məhz bu amilləri nəzərə alaraq Riqa Sammitində iştirakdan imtina edib".