“Avropa Xarici Siyasət Xidmətinin qərarsızlığı təəssüf doğurur” Siyasət

“Avropa Xarici Siyasət Xidmətinin qərarsızlığı təəssüf doğurur”

Səfir Arif Məmmədov Avropa Xalq Partiyası Mədəniyyətlərarası və Dini Dialoq üzrə İşçi Qrupunun ilk iclasında çıxış edib

Strasburqda, Avropa Parlamentinin plenar iclasının getdiyi bir vaxtda Avropa Xalq Partiyası (EPP) Mədəniyyətlərarası və Dini Dialoq üzrə İşçi Qrupunun ilk iclası olub.
APA-nın məlumatına görə, iclasda xüsusi qonaq kimi tanınmış azərbaycanlı diplomat, İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı, səfir Arif Məmmədov, Avropa Parlamentinin birinci vitse-prezidenti və mədəniyyətlərarası və dinlərarası dialoq üzrə məsul şəxsi Antonio Tayani (Antonio Tajani), eləcə də İşçi Qrupunun həmsədrləri avroparlamentarilər Gyorgi Hölvenyi (György Hölvényi) və Yan Olbrixt (Jan Olbrycht) də iştirak ediblər.
Səfir A. Məmmədov İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq münasibətlərdəki xüsusi əhəmiyyətini qeyd etməklə Avropa İttifaqını bu təşkilatla, dolayısı ilə bütün İslam dünyası ilə sıx əməkdaşlığa çağırıb. Onun sözlərinə görə, qarşıda duran və son zamanlar daha da aktuallaşmış məsələlərin, o cümlədən terrorçuluq və qanlı münaqişələrin həllinə yalnız birgə səylər nəticəsində nail olmaq olar: "Odur ki, geniş miqyaslı və müxtəlif səviyyəli dialoqların daimi xarakter almasına çalışmaq lazımdır. İslam dünyasında radikal meyllər gücləndikcə müsəlman ziyalılar liberal dəyərlərə daha çox önəm verməyə başlayır, daha səylə demokratik dəyərlərə doğru istiqamət alır".
A.Məmmədov bu cür ziyalılarla yaxından əməkdaşlıq etməyin vacibliyini vurğulamaqla yanaşı, həm də bu məsələdə Avropa Xarici Siyasət Xidmətinin qərarsızlığını da təəssüflə qeyd edib.
Daha sonra, azərbaycanlı diplomat tədbirdə iştirak edən digər deputatların suallarına cavab verib. Qeyd olunub ki, Avropa Xalq Partiyası Avropa Parlamentində təmsil olunan ən böyük siyasi qrupdur. İslam dünyası ilə əməkdaşlıq sahəsində yeni strategiya hazırlayan qrup İƏT-in Aİ yanındakı missiya rəhbəri ilə daimi məsləhətləşmələr keçirir. Avropa Parlamentinin birinci vitse-prezidenti və mədəniyyətlərarası və dinlərarası dialoq üzrə məsul siyasətçi Antonio Tayaninin başçılıq etdiyi tədbirdə Avropa Xalq Partiyasının rəhbərliyi və bölgə üzrə məsul avroparlamentarilər, İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədovun başçılıq etdiyi İslam Əməkdaşlığı Təşkilatı üzv dövlətlərinin səfirlərindən ibarət nümayəndə heyəti iştirak ediblər. Açılış nitqində Antonio Tayani Avropa İttifaqı və İslam Əməkdaşlığı Təşkilatı üzv ölkələri arasında münasibətlərin vacibliyini qeyd edib. O bildirib ki, Yaxın Şərq və Afrikada davam edən münaqişələrdə İƏT-in mediatorluğu əhəmiyyətli və çox effektivdir. Bununla yanaşı, Antonio Tayani Avropada artan islamofobiya fenomenindən narahatlığını və bu prosesslə mübarizədə Avropa İttifaqı rəsmiləri, İslam Əməkdaşlığı Təşkilatı üzv dövlətləri və qeyri-hökümət təşkilatlarının birləşməli olduğunu deyib. İslam Əməkdaşlığı Təşkilatı üzv dövlətləri adından çıxış edən təşkilatın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov öz çıxışında Avropa Xalq Partiyasının işgüzar görüş təşəbbüsünü təqdir edib və İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqı yanında nümayəndəliyinin Avropa İnstitutları və xüsusən də Avropa Parlamenti ilə əməkdaşlığa verdiyi əhəmiyyəti vurğulayıb. Səfir həmçinin qeyd edib ki, avropalıların islamofobiya ilə mübarizə etmək kimi mənəvi məsuliyyəti varsa, müsəlmanlar da eyni şəkildə Yaxın Şərq və Şimali Afrikada hüquqları pozulan xristianların müdafiəsinə qalxmalıdırlar.
A. Məmmədov deyib ki, insan hüquqları və söz azadlığı dinin, irqin və azlıqların təhqir edilməsinə imkan verməli deyil: "Dindarların hüquqları qanun səviyyəsində müdaifə edilməlidir, çünki əks halda, dinin təhqiri insanlarda kin yaradır".