Əli Həsənovdan sərt münasibət Siyasət

Əli Həsənovdan sərt münasibət

"Onlar öz məqsədlərinə çatmayacaqlar və Azərbaycanı özünün müstəqil siyasətindən imtinaya məcbur edə bilməyəcəklər"

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qərbdəki bəzi dairələrin Azərbaycan əleyhinə apardıqları kampaniyaya sərt münasibət bildirib.
Ə.Həsənov OCCRP adlı beynəlxalq təşkilata istinad edən bəzi Qərb nəşrlərində Azərbaycan əleyhinə dərc olunan materialların rəsmi Bakını müstəqil siyasətdən imtinaya məcbur etməyə uğursuz cəhd kimi qiymətləndirib.
Ə.Həsənov həmin dairələrin başqa ölkələrdə həyata keçirdikləri müxtəlif ssenarilərin Azərbaycanda baş tutmayacağını da əminliklə bəyan edib:"Bəli, bununla tanış oldum. Hesab edirəm ki, həmin təşkilatın bu "araşdırma"sı Qərbin məlum dairələri tərəfindən təşkil olunan qara piar kampaniyasının tərkib hissəsidir. Bir az əvvəl ABŞ və Qərbdəki bir sıra mərkəzlərin həyata keçirdikləri mətbuatda açıqlanmış layihələri ifsa edildi və bu, Azərbaycan cəmiyyətində böyük əks-səda doğurdu. Bu layihələrdə açıq şəkildə göstəriliridi ki, bəzi xarici dairələr Birinci Avropa Oyunlarını Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq baxımından əla şans kimi qiymətləndirirlər və bu Oyunlar ərəfəsində Azərbaycanı qaralayan müxtəlif materiallar, bəyanatlar daha tez-tez dərc olunacaq, o cümlədən, bir sıra təşkilatlar sifarişli tədbirlər keçirəcəklər. Hesab edirəm ki, bu strukturlar Qərbdəki müəyyən dairələrlə sıx surətdə əlaqəlidirlər və onlar müstəqil siyasət yürüdən, başqa dövlətlərin iradəsinə tabe olmayan, digərlərinin göstərişlərini yerinə yetirməyən ölkələrə qarşı özünəməxsus təzyiq vasitələridirlər. Bu təşkilatlar "jurnalist təhqiqatı" adı altında bir çox ölkələr, o cümlədən Azərbaycan əleyhinə yalan və şantaj xarakterli materiallar dərc edirlər. Görünür, antiAzərbaycan dairələr Birinci Avropa Oyunlarına iki həftə qaldığı ərəfədə o cür "jurnalist təhqiqatları"nı tirajlamaqla, öz məqsədlərinə nail olacaqlarına ümid edirlər. Belə çirkin kampaniyanın sifarişçiləri və icraçıları, onların qeyri-sağlam hədəfləri Azərbaycan, eyni zamanda dünya ictimaiyyətinə yaxşı məlumdur. Biz onlara xəbərdarlıq edirik ki, həmin dairələr başqa ölkələrdə belə primitiv metodlarla sınaqdan çıxardıqları ssenariləri Azərbaycanda gerçəkləşdirə bilməyəcəklər. Onların buna şübhəsi olmasın ki, öz məqsədlərinə çatmayacaqlar və Azərbaycanı özünün müstəqil siyasətindən imtinaya məcbur edə bilməyəcəklər. Onlar layiqli cavablarını alacaqlar".