“Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır“ Siyasət

“Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır“

İlham Məmmədov: "Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir"

Arif Rəhimzadə: "Avropa Oyunları Azərbaycanın dünyada nüfuzunu daha da artıracaq"

"Bakı-2015" Avropa Oyunlarının Məşəlinin Bakıdakı marşutu açıqlanıb.
Məşəl 12 iyun tarixində keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməsindən əvvəl 7-10 iyun tarixlərində paytaxtımızın bir çox məkanlarında olacaq.
Avropa Oyunlarının əhəmiyyətindən danışan millət vəkili İlham Məmmədov "ölkəmiz 24 ilə yaxındır ki, müstəqil dövlətdir və dinamik inkişaf edir", -deyə bildirib: "Bu, zaman baxımından çox qısa bir tarix olsa da, həmin zaman kəsiyində tarixdə görünməmiş bir inkişaf yolunu keçmək çox az dövlətlərə məxsus olan bir nailiyyətdir".
" Bildiyiniz kimi, 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib" -deyən, İ. Məmmədovun sözlərinə görə, Avropa Olimpiya Komitəsinin üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla ilk Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənib: "Bu, çox böyük bir nailiyyətdir". O, qeyd edib ki, çünki regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə bir əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcək: "Məlumdur ki, ölkəmizdə 10 il ərzində 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbirləri keçirilib. Bu tədbirlərin, o cümlədən, bir çox idman növləri üzrə dünya çempionatlarının Bakı şəhərində ən yüksək səviyyələrdə təşkil olunması Beynəlxalq Olimpiya ailəsində ölkəmizə tam inam yaradıb. Bununla yanaşı, reallaşdırılan nəhəng infrastruktur layihələri paytaxt Bakını dünyanın ən gözəl şəhərləri sırasına daxil edib. Eyni zamanda, ölkəmizdə nəhəng və müasir idman infrastrukturu yaradılıb. Azərbaycan artıq Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır". Onun dediyinə görə, Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir: "Prezident İlham Əliyevin bildirdiyi kimi, gələcək Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşəcək. Beləliklə, ilk Avropa Oyunları Azərbaycanın tarixində tamamilə yeni bir səhifə açır. "Bakı-2015" birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasından hər birimiz qürur duyuruq. Bu hadisə, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcək. Birinci Avropa Oyunlarının Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyəti isə daha böyükdür. Məlum olduğu kimi, aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Belə ki, Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırdı. Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başladı və təbii ki, ilk Avropa Oyunlarının məşəlinin bütün bölgələrdə alovlanması qürurvericidir. İnanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və qələbə məşəlimiz həmin torpaqlarda da alovlandırılacaq".
İ. Məmmədov həmçinin deyib ki, ölkəmiz müstəqil siyasət apararaq öz inkişaf yolu ilə gedir: "Bu yolda kimsə maneələr yaratmağa çalışsa da, məqsədlərinə nail ola bilməyib. Bu dəfə də belə olacaq. Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və hansısa saxta informasiyalar onda yanlış rəy formalaşdıra bilməz.
Ona görə də, belə qərəzli kampaniyalar ictimai rəyə təsir etmir. Çünki bütün bunların haradan qaynaqlandığını xalqımız yaxşı bilir.
Bir sözlə, ölkəmiz ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Və bu hadisə Avropanın idman tarixinə qızıl hərflərlə yazılacaq".
Milli Məclisin Azərbaycan-Rusiya Parlamenrlərarası İşçi Qrupunun rəhbəri Arif Rəhimzadə bildirib ki, Azərbaycan dünyada ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edir: "Bundan böyük uğur ola bilməz". Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycanın dünyada nüfuzunu daha da artıracaq. A.Rəhimzadə deyib ki, Avropa Oyunlarına ilk ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə olan böyük inamın göstəricisidir: "Azərbaycanın bu siyasəti və davranışı yüksək qiymətləndirilir. Onun nəticəsidir ki, indi Azərbaycanda böyük inkişaf, sabitlik və xalqla iqtidar arasında birlik var. Bütün bunlar isə Avropanı tam qane edir ki, bu idman tədbiri Azərbaycanda keçirilsin. Avropada Azərbaycan qədər inkişaf etmiş ölkələr var. Ancaq Azərbaycanın seçilməsi o deməkdir ki, bu gün ölkəmizə beynəlxalq münasibət çox yaxşıdır. Həm də bu deməkdir ki, Azərbaycanın dünyada nüfuz artıb".

Əli