“Vətəndaş cəmiyyətinin qurulması müstəqilliyin ilk illərində bir məqsəd kimi qarşıya qoyulsa da...” Layihə

“Vətəndaş cəmiyyətinin qurulması müstəqilliyin ilk illərində bir məqsəd kimi qarşıya qoyulsa da...”

İbrahim Əliyev: "Onun barəsində təsəvvürlər kifayət qədər aydın deyildi"

"XX əsrin axırlarında Azərbaycanın müstəqilliyinin bərpa edilməsi şərəfli və qürur mənbəyi olmaqla yanaşı, onun qarşısında nəhəng vəzifələr qoyan çətin və məsuliyyətli bir dövrün başlanması demək idi. Xalqın müstəqilliyi ilə barışa bilməyən qüvvələrin müqavimətini qısa bir müddətdə qırmaq, erməni təcavüzünün qarşısını
almaq, ölkə daxilində sabitliyi bərqərar etmək, beynəlxalq aləmdə təklənmiş Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq və digər problemlərin həlli ilə yanaşı, işlək mexanizmlərə malik demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğuna başlamaq kimi vəzifələrin yerinə yetirilməsi tələb olunurdu". Bunu tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyev öz yazısında bildirib. O, əlavə edib ki, müstəqillik qazanmış Azərbaycanın milli və ümumbəşəri dəyərlərə əsaslanan demokratik cəmiyyət quruculuğu yolunu tutması təsadüfi deyildi: "Azərbaycanda milli demokratik hərəkatın yüz ildən artıq bir tarixi vardır. Onun demokratik ənənələrinin əsası hələ XIX əsrin ikinci yarısında Rusiyanın müstəmləkə rejiminə qarşı milli demokratik hərəkatın formalaşdığı zaman qoyulmuş və daim yüksələn xətlə inkişaf etmişdi. Bu mübarizənin gedişində, xüsusən də 1918-20-ci illərdə Xalq Cümhuriyyəti dövründə Azərbaycan xalqı demokratiyaya sadiqliyini və onun ölkədə bərqərar edilməsinə olan iradəsini praktik şəkildə sübut etmişdi. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə bu ideallar nəinki itirilməmişdi, əksinə, daha da möhkəmlənərək öz məqamını gözləyib.
Azərbaycan xalqının Sovet imperiyasının iflasa uğradığı dövrdə ədalətli demokratik quruluşa can atması, onun bu siyasətə təbii reaksiyası idi. O, yeganə çıxış yolunu yalançı və avantürist kommunist rejimindən imtina etməkdə, müstəqilliyini əldə edərək demokratik dəyərlərə söykənən bir cəmiyyət qurmaqda görürdü. Bu seçim xalqın siyasi iradəsi olmaqla yanaşı, dünyada gedən demokratikləşmə meyilləri ilə də sıx şəkildə bağlı idi. Bütövlükdə dünyada demokratikləşmə istiqamətində gedən proseslərin genişlənməsi, daha çox ölkələri əhatə etməsi bu seçimdə əhəmiyyətli rol oynamışdı".
Onun fikrincə, imperiya əsarətindən azad olaraq müstəqillik əldə etmiş yeni dövlətlər üçün demokratiya daha çox şey vəd edir, daha çox cəzbedici idi: "İkinci dəfə müstəqillik qazanmış Azərbaycanda da demokratiyanın alternativi yox idi. Ulu öndər Heydər Əliyevin sözlərində Azərbaycan xalqının arzusu və onu həyata keçirmək əzmi ifadə olunmuşdu: "Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Lakin ölkə əhalisinin dövlət müstəqilliyi qazanılması və müasir tipli müstəqil dövlətçiliyin formalaşdırılması məqamında demokratiyaya can atması onun problemlərinin həlli üçün kifayət deyildi. Bunun üçün mövcud maneələri dəf etmək, demokratik dövlət quruculuğunu ardıcıl və məqsədyönlü şəkildə, elmi və praktik cəhətdən sınaqdan çıxmış proqram əsasında həyata keçirmək və həyati əhəmiyyət kəsb edən digər çoxsaylı problemləri həll etmək lazım idi. Azərbaycan bir neçə qlobal vəzifəni eyni vaxtda yerinə yetirmək məcburiyyətində idi. Bir tərəfdən, imperiya asılılığından qurtarmış Azərbaycanda müstəqil dövlətçiliyin əsasları bərpa olunmalı, ölkənin təhlükəsizliyi təmin edilməli idi. Digər tərəfdən, Azərbaycan keçmiş ictimai-iqtisadi sistemdən imtina edərək, bazar iqtisadiyyatına əsaslanan demokratik quruluşlu vətəndaş cəmiyyətinə istiqamət götürmüşdü. Hər biri ayrılıqda nəhəng olan bu məsələlərin mürəkkəb beynəlxalq və daxili vəziyyət şəraitində eyni vaxtda həll olunması zərurəti bunun son dərəcə mürəkkəb olduğunu bir daha sübut edir".
O, əlavə edib ki, vətəndaş cəmiyyətinin qurulması müstəqilliyin ilk illərində bir məqsəd kimi qarşıya qoyulsa da, onun barəsində təsəvvürlər kifayət qədər aydın deyildi: "Belə bir cəmiyyətin qurulmasına ehtiyac bütün Azərbaycan cəmiyyəti tərəfindən dərk edilsə də, onu professional şəkildə həyata keçirən siyasi qüvvə və ən başlıcası, bu vəzifələrin məsuliyyətini və ağırlığını dərindən dərk edərək, onu elmi və praktik cəhətdən əlaqələndirən, bütün cəmiyyəti öz ətrafında səfərbər edərək bu məqsədlər yolunda birləşdirən lider çatışmırdı. O dövrdə Azərbaycanın qarşısında duran müstəqil dövlət quruculuğu vəzifəsini yerinə yetirmək üçün bütün məsələlərə peşəkar yanaşma və möhkəm iradə tələb olunurdu. Demokratik vətəndaş cəmiyyətinin modelini hər hansı bir qabaqcıl ölkədən götürərək tətbiq etmək onun düzgün işləyəcəyinə və səmərəli fəaliyyət göstərəcəyinə heç də təminat vermir. Bu işdə qabaqcıl ölkələrin nümunəsinin böyük əhəmiyyəti olsa da, demokratik cəmiyyətin təsisatlarının normal işləməsi üçün onun tətbiq edildiyi cəmiyyətə üzvi şəkildə bağlanmasına, ictimai mühitlə vəhdətinə böyük ehtiyac duyulur. Əks halda, bu model həmin cəmiyyətin tələblərinə cavab vermir. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Milli Məclisin payız sessiyasının açılışında dediyi bir fikri xatırlatmaq yerinə düşür: "...Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir".
Müasir dünyada demokratik dövlətlərin çoxunda ictimai-iqtisadi və siyasi məqsəd kimi qarşıya qoyulmuş və bir sıra ölkələrdə konturları müşahidə edilən hüquqi dövlətin bərqərar olması şəraitində mövcud vətəndaş cəmiyyəti və dövlət bir-biri ilə əməkdaşlıq edən, cəmiyyətin problemlərinin həll edilməsində səylərini birləşdirən subyektlər kimi çıxış edir. Azərbaycanın qurmaq əzmində olduğu məhz bu cür cəmiyyətdir. Azərbaycanda da vətəndaş cəmiyyətinin vacib elementlərindən biri olan qeyri-hökumət təşkilatlarına münasibət müstəqilliyin ilk illərində heç də birmənalı deyildi". O, bildirib ki, həm qeyri-hökumət təşkilatlarının cəmiyyətdə tutduğu yer və oynaya biləcəyi rolun cəmiyyətdə düzgün dərk olunmasında, həm də bu təşkilatlarla bəzi hakimiyyət strukturları arasında münasibətlərdə problemlər olub: "Bunların aradan qaldırılması isə müəyyən vaxt tələb edirdi. Vətəndaş cəmiyyətinin başlıca prinsiplərindən biri ictimai həyatın bütün sahələrində vətəndaş təşəbbüskarlığının olmasıdır. Dövlətin gördüyü işlər cəmiyyət tərəfindən qəbul edilərək dərk olunmalı və dəstəklənməlidir. Bunun üçün isə ictimai şüurun səviyyəsi, onun ölkədə gedən ictimai-iqtisadi, siyasi və mənəvi prosesləri dərk edərək fəal münasibət bildirməsi, mövcud problemlərin həllində iştirakı vacibdir. Digər tərəfdən, demokratiya cəmiyyətin hər bir üzvünün öz hüquq və vəzifələrini dərindən bilərək onların reallaşmasında təşəbbüskarlıqla çıxış etməsini tələb edir. Yalnız bu yolla Azərbaycanın öz Əsas Qanununda ifadə olunmuş məqsədini - demokratik hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti qurmaq məqsədini reallaşdırmaq mümkündür.
Vətəndaş cəmiyyətinin mühüm elementlərindən biri müasir dünyada qeyri-hökumət təşkilatları ilə təmsil olunan üçüncü sektordur. Bu sektor dövlət-cəmiyyət-şəxsiyyət münasibətləri sistemində özünəməxsus yer tutur və bir sıra mürəkkəb funksiyaları yerinə yetirir.
Yeni yaranmaqda olan demokratik cəmiyyətdə ictimai sektorun uğurla formalaşdırılmasına nail olmaq, cəmiyyətin rifahı naminə sərbəst fəaliyyətinə dəstək vermək, onun zərərli təsirlər altına düşməsinin qarşısını almaq və mənfi meyillərdən azad olmasına kömək etmək, cəmiyyətdə gördüyü işlərin səmərəliliyinin artırılmasına təkan vermək üçün bu sektorun mahiyyətinin, fəaliyyətinin nəzəri və praktik cəhətlərinin araşdırılması və dərk edilməsi, ölkənin xüsusiyyətləri nəzərə alınaraq onun milli modelinin konseptual şəkildə işlənib hazırlanması dövlətin və Azərbaycan cəmiyyətinin mühüm vəzifələrindən idi.
Öz tarixi missiyasına görə, QHT-lər ölkənin ictimai-iqtisadi, siyasi və mənəvi həyatında geniş kütlələrin iradəsinin reallaşması, onların cəmiyyətin bütün problemlərinin həllində bilavasitə iştirakının təmin edilməsi, vətəndaş təşəbbüskarlığının artırılması, ictimai şüurun yüksəldilməsi, hakimiyyət orqanları üzərində ictimai nəzarətin təmin olunması, ictimai məsuliyyətin dərk edilməsi vasitələrindən biridir...".

Əli

Ardı var...

Yazı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Vətəndaş cəmiyyəti, hüququ dövlət quruculuğu" layihəsi çərçivəsində dərc olunur.