Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli Layihə

Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli

Azərbaycanda dinlər ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılan dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Azərbaycan Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə eitqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycanda din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır. "Dini etiqad azadlığı haqqında" qanun hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.
Bütün dünyada tolerantlıq və multikulturalizmin Azərbaycan modeli böyük rəğbət və təqdirlə qarşılanır. Beynəlxalq tədbirlərdə, konfranslarda beyin mərkəzlərinin nümayəndələri, alimlər, siyasətçilər tərəfindən Azərbaycan bütün dünyaya dözümlülük, tolerantlıq örnəyi kimi göstərilir. Azərbaycandakı tolerantlıq və multikulturalizmin beynəlxalq aləmdə rəğbətlə qarşılanması Qərb mediasında da öz əksini tapır. Avropalı və amerikalı jurnalistlərin müəllifi olduqları yazılarda Azərbaycan mədəniyyət və dinlərarası tolerantlıq nümunəsi kimi qeyd olunur.
ABŞ-da nəşr olunan "The Hill" qəzetində beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun "Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir" sərlövhəli məqaləsi dərc edilib. Məqalədə müəllif yazır ki, ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə komissiyası məlum olmayan səbəblərə görə, Azərbaycanda və Qazaxıstanda dini etiqadla bağlı vəziyyətdən narahatdır. Arye Qut komissiyanın bu narahatlığının qəribə olduğunu vurğulayır: "Qəribədir, bu komissiyanın analitikləri israr edirlər ki, dövlətlər radikal dini ekstremistlər və radikal ideologiyalar üçün maneələr yaratmamalıdırlar. ABŞ-ın dini etiqad azadlığı üzrə komissiyasının məntiqinə görə, Avropa liderlərinin yaxın vaxtlardakı çıxışları, o cümlədən Britaniyanın baş naziri Devid Kemeronun Ağ evdəki çıxışı, yaxud Fransa və Belçika polislərinin hərəkətləri həmin komissiya tərəfindən pislənilməlidir. Bu da öz növbəsində, həm Amerikanın müxtəlif orqanları arasında koordinasiya olmamasını, həm də beynəlxalq münasibətlərin ən mühüm məsələlərinə dair strateji mövqeyin olmamasını nümayiş etdirir".
Müəllif həmin komissiyanın mövqeyinə rəğmən, dünyada tolerant cəmiyyətlərdən olan Azərbaycan və Qazaxıstanın ən tolerant ölkələrin siyahısında ilk yerlərdə olduğunu qeyd edib: "2014-cü ildə Azərbaycan rəhbərliyi ölkənin etnik və dini tolerantlığa təminat verən dövlət kimi rolunu möhkəmləndirən iki təsisat yaradıb. Bu təsisatlardan birincisi millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsidir. Həmin vəzifəni görkəmli Azərbaycan alimi, akademik Kamal Abdullayev tutur. İkinci qərar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması oldu. Həmin mərkəzin fəaliyyətinin əsas istiqaməti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin inkişaf etdirilməsidir".
Arye Qut yazısında bildirir ki, respublika əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, Azərbaycan həm də müxtəlif dinlərin, müxtəlif etnik qrupların nümayəndələri üçün vətəndir: "Milli azlıqlara hörmət və tolerantlıq ən qədim zamanlardan, böyük İpək Yolu dövründən günümüzə qədər bu ölkənin inkişafının əsasını təşkil edib. Respublika dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan hökumətində yüksək vəzifələr tutan milli azlıqların nümayəndələrinin və qadınların sayı xeyli artıb.
Sovet İttifaqı dağılan dövrdə baş verən hadisələr Azərbaycanda dini və milli tolerantlıq ənənələri üçün ən ciddi sınaq oldu. Həmin dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanda bir milyon məcburi köçkün problemi yaratdılar. Dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qalıb. Hətta Dağlıq Qarabağda müharibə başlayandan 20 il sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam edir".
Müəllif yazısında müsəlmanların və yəhudilərin nümunəvi birgəyaşayışını xüsusi vurğulayıb: "Ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanın Quba rayonunda yerləşən və İsrail hüdudlarından kənarda yeganə yəhudi məskəni hesab edilən Qırmızı Qəsəbə Azərbaycanın fəxridir. Qubada müsəlmanlarla yəhudiləri bağlayan bir amil də 1918-1919-cu illərin faciəli hadisələridir. O vaxt erməni millətçi "Daşnaksütyun" partiyasının üzvləri minlərlə dinc yəhudiyə və azərbaycanlıya divan tutmuşdu. İsrail dövləti Azərbaycanda yəhudilərə belə münasibətdə respublika rəhbərliyinin rolunu yüksək qiymətləndirir. İki ölkə arasında dərin hörmət və əməkdaşlıq ənənələri, nümunəvi münasibətlər olmasaydı, yəhudilərə bu cür münasibət də olmazdı. İndi bu əməkdaşlıq genişlənərək ticari münasibətləri də əhatə edir. Neft alqı-satqısından başlamış yüksək texnologiyalar və innovasiyalara qədər geniş əhatəli ticarət dövriyyəsinin həcmi təqribən 3,5 milyard dollara bərabərdir".
İtaliyanın məşhur "Capitolino Flash" ("Paytaxtın İşığı") adlı qəzetində də "Azərbaycan - Mədəniyyət və Dinlərarası Tolerantlıq Nümunəsi" adlı böyük məqalə çap olunub. Paolo Onorotinin müəllifi olduğu məqalədə Azərbaycan dünyanın ən tolerant dövləti və dinlərarası mədəniyyətin dünya üçün nümunə ola biləcək modeli kimi təsvir edilir. Jurnalist yazısında qeyd edir ki, mərhum Roma Papası İohan Pavel Bakıda olarkən Allahın adından bütün dünyaya sülh çağırışı edib: "Azərbaycanın xalqının ümummilli lideri olan Heydər Əliyev Roma Papasına müraciətində deyib: "Dinindən, irqindən və millətindən asılı olmayaraq, siz bütün insanların dostu, həmçinin dünyanın vətəndaşısınız".
Jurnalist Vatikanın tarixi bəyanatlarını araşdırarkən maraqlı bir faktla üzləşdiyini də bildirib: "Bir neçə il əvvəl Vatikanın dövlət kardinalı Tarçizyo Bertoni maraqlı bir müsahibə verərək bildirib ki, Azərbaycan dünyəvi müsəlman ölkəsidir və burada xalqın böyük hissəsi müsəlman, kiçik katolik və pravoslav icmalardan ibarətdir. Kardinal Bertone deyib ki, qədim Azərbaycanın paytaxtı Bakıda müqəddəs Bartolomeonun məzarı aşkarlanıb və Kristian Evangellanın arxeoloji qalıqları tapılıb. Maraqlı fakt isə ondan ibarətdir ki, tapılan dini qalıqlar həm dövlət tərəfindən, həm də millət tərəfindən qorunub saxlanır. Azərbaycan hətta kommunist dövründə belə dini tolerantlığı qoruyub saxlamağı bacarıb. Digər bir maraqlı fakt da odur ki, Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlıların dinindən aslı olmayaraq hər biri ehtiramla yad edilir. Bu, unikal tolerantlıq mədəniyyətinin bariz nümunəsidir".
P.Onoroti Azərbaycan tarixində multikulturalizim sahəsində ən böyük islahatların məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayır: "Məhz o, Azərbaycan xalqına müstəqillik, azadlıq, rahatlıq və stabillik bəxş edib. Azərbaycanda tolerantlıq mədəniyyətinin qorunmasında və bu sahədə böyük islahatların aparılmasında əvəzsiz rol oynayıb. Hakimiyyətə gəldiyi ilk günlərdə Heydər Əliyev bütün dinlərə dövlət tərəfindən bərabər diqqət və qayğı göstərilməsinin əsasını qoyub. Heydər Əliyev və bütün Qafqazın Şeyxi Şeyxülislam Allahşükür Paşazadə Sovet Hakimiyyəti dövründə dağıdılmış katolik kilsəsinin inşasına böyük sahə ayırır və yenidən tikilməsini təmin edir. Bununla da bütün dünyaya müsəlman dövləti kimi örnək göstərərək multikulturalizimin əsasını qoyub".
Sonda jurnalist Paola Onoritdi Azərbaycanla bağlı məlumatlara görə Romada təhsil alan azərbaycanlı tələbə Həsən İsgəndərova dərin minnətdarlığını bildirib. O da qeyd olunur ki, Qafqazda sülhün yaranması və qorunması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirən Azərbaycanda mövcud dinlər, məzhəb və təriqətlər arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək burada dini zəmində hər hansı münaqişə baş verməyib. Bu gün Azərbaycan dindarları din, məzhəb və təriqətlərindən asılı olmayaraq, qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir, dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər.
Təbii ki, bu sahədə yalnız Azərbaycanın təcrübəsinin öyrənilməsi və tətbiq olunması fikrini irəli sürmək doğru deyil. Çünki zəngin tolerantlıq ənənələrinə malik ölkələr var və onların da təcrübəsindən istifadə olunmalıdır. Hətta bu ölkələr bir-birilərinin təcrübəsindən yararlana bilərlər. Müxtəlif ölkələrin tolerantlıq təcrübəsindən istifadə edilməsində beynəlxalq təşkilatlar daha maraqlı olmalıdırlar. Ona görə ki, bu məsələdə onların üzərinə daha böyük məsuliyyət düşür. Son illər beynəlxalq təşkilatların dinlərarası dialoq və əməkdaşlıqla bağlı məsələlərə diqqəti artırması müşahidə olunur. Sevindirici haldır ki, bu sahə bir neçə regional və beynəlxalq qurumun fəaliyyətində prioritet istiqamətlərdən birinə çevrilib. Hətta dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı – BMT "Sivilizasiyaların Alyansı" təşəbbüsü ilə çıxış edib və bu mötəbər qurumun Baş katibi yanında dinlərarası dialoq üzrə məşvərət şurasının yaradılması ideyası meydana gəlib.
Cavid