“Dünya ictimayyətinin son onilliklərdə etnik, etnomədəni məsələlərə artan diqqəti bir neçə amil ilə şərtlənir” Layihə

“Dünya ictimayyətinin son onilliklərdə etnik, etnomədəni məsələlərə artan diqqəti bir neçə amil ilə şərtlənir”

Əliağa Məmmədli: "Bu amillərdən biri dünyanın bir çox ölkələrində müxtəlif etnosların problemlərinin həllində yaranmış mürəkkəb vəziyyət olub"

"Dünya ictimayyətinin son onilliklərdə etnik, etnomədəni məsələlərə artan diqqəti bir neçə amil ilə şərtlənir. Bu amillərdən biri dünyanın bir çox ölkələrində müxtəlif etnosların problemlərinin həllində yaranmış mürəkkəb vəziyyət olub". Bunu Antropologiya üzrə elmlər doktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Əliağa Məmmədli deyib. O "gizlin deyil ki, elə bu gün də bir çox xalqların elementar hüquqları məhdudlaşdırılır və hətta onlar açıqcasına diskriminasiyaya məruz qalırlar, - deyə bildirib: "Belə bir şəraitdə, təsadufi deyil ki, dünya ölkələrinin bir çoxunun sosial-siyasi həyatında etnik amil rolunun kəskin artması müşahidə olunur. Bəzi ölkələrdə bu proseslər bölücü hərəkatların meydana çıxması, etnik milliyətçilik ideologiyasının güclənməsi ilə nəticələnmişdi. Sivilizasiyalar və mədəniyyətlərarası münasibətlər kontekstində insanlar, cəmiyyətlər arasında müəyyən problemlərin mövcudluğunu təsdiqləyən bir çox ölkələrin siyasi, intellektual elitaları və elmi dairələri eyni zamanda bu problemlərin həlli yollarının da axtarışındadırlar.
XX əsrdə bir çox ölkələrdə etnik siyasətin əsası kimi götürülmüş etnomədəni assimilyasiya doktrinasına alternativ olaraq, özündə vətəndaşların fərdi hüquqlarını və etnik birliklərin öz mədəni identikliklərini tanıtma hüquqlarını birləşdirən, multikulturalizm konsepsiyası meydana çıxıb. Onun nəzəriyyəçiləri C.Teylor, U.Kimliçka, B.Parekx və başqaları mədəni müxtəflik dialektikasına və identikliyə əsaslanırdılar. Multikulturalistlər israr edirdilər ki, "identiklik məkanından birgə istifadə etmənin alternativi yoxdur" və bundan çıxış edərək, siyasi millət çərçivəsində müxtəlif etnomədəni yönümlü qrupların və fərdlərin birgəyaşayışının mexanizmlərini təklif edirdilər. Onlar multikulturalizmi bu və ya digər kontekstə etno-mədəni müxtəlifliyi təzahür edən və fərdi, icma, bölgə, dövlət səviyyəsində bu müxtəlifliyi tənzimləyən ideyalar, qaydalar, qanunlar sistemi kimi qəbul edirlər. Bu sistemin (qabaqlar multikulturalizm adlanmasa da) təşəkkül tapma tarixçəsi, keçdiyi inkişaf mərhələlərinin təhlili multikulturalizm anlayışının dərk edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Bir çox tədqiqatçıların fikrincə, nəzəri cəhətdən multikulturalizm XX əsrin 40-50-ci illərindən başlayaraq etnologiyada, mədəni və sosial antropologiyada geniş yayılmış mədəni relyativizm ideyalarına əsaslanır. Mədəni relyativizmə əsasən heç bir mədəniyyət başqalarından nə pisdir, nə də yaxşı. Mədəni rеlyаtivizmin əsаs idеyаsı müхtəlif хаlqlаr tərəfindən yаrаdılmış mədəniyyətlərin оnlаrın inkişаf səviyyəsindən аsılı оlmаyаrаq bərаbər hüquqlu hеsаb еdilməsidən ibаrətdir. Bu ideyadan irəli gələrək, mədəni rеlyаtivizm tərəfdаrlаrı hesab edirlər ki, müхtəlif хаlqlаrın mədəniyyətləri müqаyisə еdilməzdir. Hər bir mədəniyyət yеrli şərаitə uyğunlаşmаq üsulu оlduğundаn, digərləri ilə еyni hüquqа mаlikdir".
Onun fikrincə, multikulturalizmə həsr olunmuş ədəbiyyatda, bir qayda olaraq, müasir siyasi və sosiomədəni vəziyyəti formalaşdıran iki əsas amil qeyd olunur: "Birinci amil - 1960–1970-ci illərdə müxtəlif azlıqların və qadınların öz hüquqları naminə mübarizə də daxil olmaqla demoktarik hərəkat. Məsələn, bu mübarizə irqi (ABŞ-da qaradərililər) və gender asimmetriyasının, sosial bərabərsizliyin aradan qaldırılması naminə aparılırdı. İkinci, bəlkə də, daha da əhəmiyyətli, amil 1960–1970-ci illərdə güclənən miqrasiya axınları. Söhbət Qərb ölkələrinə Asiyanın, Şimali Afrikanın və Yaxın Şərqin kasıb ölkələrindən böyük sayda miqrantların gəlməsindən gedir. Qeyd edilməlidir ki, burada müxtəlif bölgələrdən olan miqrantların öz maddi və sosial durumunun yaxşılaşdırılması istəkləri inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının ucuz işçi qüvvəsinə tələbatı və bu ölkələrdə demoqrafik vəziyyətin yaxşılaşdırılması cəhdləri ilə üst-üstə düşüb. Bu proseslərin nəticəsində Qərb ölkələri əhalisinin ümumi tərkibində miqrantların payı bir neçə dəfə artmışdı. Belə bir şəraitdə Qərb dövlətləri elmi ədəbiyyatda mədəni plyuralizm (və ya mədəni müxtəliflik) adı alan vəziyyətə reaksiya vermək məcburiyyəti qarşısında qalır və bu reaksiya multikulturalizm siyasəti kimi tanınmaqa başlayır.
Multikulturalizm mövzusu ətrafında müxtəlif siyasi, ideoloji toqquşmalar baş verir. Belə bir vəziyyət multikulturalizm anlayışının hələ də tam müəyyən olunmaması ilə bağlıdır. Bəziləri multikulturalizmdə tərəqqini, azadlığın, insan haqlarının, bərabərliyin inkişafında yeni mərhələni, polietnik postmilli qloballaşmış gələcək dünyada ahəngdarlığın bünövrəsini görürlər. Başqaları üçün isə multikulturalizm tələdir, məhvedici seçimdir, millətləri, mədəniyyətləri, Avropa dəyərlərini və demokratiyanı dağıdandır. Məsələn, Covanni Sartori qeyd edir ki, "multikulturalizm plyuralistik cəmiyyətin qapalı yarımqruplara parçalanması" deməkdir və son nəticədə Avropanın siyasi modelini və identikliyini təhlükə altına qoyur".
Onun fikrincə, "Multikulturalizm" termini və bu adla tanınan nəzəriyyə son onilliklərdə müxtəlif tədqiqatçıların əsərlərində kifayət qədər geniş şərh edilib və hal-hazırda aşağıdakı mənalarda istifadə olunur:
"1) bu və ya digər ölkədə unikal, çoxmillətli cəmiyyət formalaşdıran tarixi prosesin nəticəsi kimi;
2) əhalisi müxtəlif etnik, dini, mədəni qruplardan ibarət olan və bu səbəbdən daxili birgəyaşayış qaydalarını tənzimləyən qanunların axtarışında olan bu və ya digər ölkələrin spesifik daxili siyasəti kimi;
3) bu və ya digər ölkənin həyatının polietnik konteksti (mühiti) kimi;
4) müxtəlif millətlərə mənsub olan, lakin qohumluq, evlilik münasibətləri olan insanların ailədaxili münasibətlər fenomeni kimi.
Son illərdə Avropada multikulturalizm siyasətinin nəticələri bir çoxlarında məyusluq hissi yaradıb. Qərb ölkələri ilə orada yaşayan diasporalar arasında fərqlərə baxmayaraq hamısı üçün səciyyəvi bir tendensiyə müşahidə olunur. Bu da ondan ibarətdir ki, multikulturalizm konsepsiyasının müəlliflərinin fikirlərinə əks olaraq formalaşan cəmiyyət demilliləşmiş yeni tip multikultural (çoxmədəniyyətli) cəmiyyət deyil. Qərb cəmiyyətlərində immiqrant icmalarının konsolidasiyası və institutlaşması baş verir. Və bu icmalar nə mədəni, nə sosial, nə hüquqi, nə siyasi inteqrasiyaya meylli deyillər. Alman sosiologiyasında bu hala "paralel cəmiyyətlər", Fransa da isə "kommunitarizm" adı veriblər. Belə icmalar onlara məxsus olan sosial ukladı və mədəni dəyərləri saxlayaraq, mənşə ölkələri ilə geniş əlaqələr saxlayaraq, hətta "etnik iqtisadiyyat" yaradırlar.
Fransa alimləri multikulturalizm siyasətinin neqativ nəticələri ilə rastlaşaraq, yazırlar ki, hər hansı bir mədəni birliyin rəsmi tanınması və ona xüsusi hüquqların verilməsi müəyyən təhlükələr daşıyır. Məsələn, bu zaman etnomədəni icmanın müvəqqəti fərqləndirilməsi daimi xarakter ala bilər və bu da öz növbəsində cəmiyyətin fraqmentləşməsi, başqa icmalarla qarşıdurma ilə nəticələnə bilər.
Şübhəsiz, multikultiralizmin nəzəri cəhətdən tədqiq edilməsinin əhəmiyyəti bu sosial-mədəni fenomenin praktiki əhəmiyyəti ilə müəyənləşir. Burada müxtəlifliyin necə təşkil olunması məsələsinə diqqəti yetirmək lazımdır. Bəzi mütəxəssislərin fikrincə, müxtəlifliyin təşkil olunma siyasəti mədəni fərqlərin institutlaşmasına yönəlməlidir. Belə olan halda dövlət ictimai sferanın homoqenliyindən əl çəkərək öz vətəndaşlarına tək fərdlər kimi yox, həm də müəyyən etnomədəni qrupların nümayəndələri kimi baxır".
Onun fikincə, nəzərdən keçirilən yanaşmaları ümumiləşdirsək, belə bir nəticəyə gələ bilərik ki, sosial, siyasi, antropoloji elmlərdə multikulturalizm fenomeni anlayışı altında aşağıdakılar başa düşülür:
"- bu və ya diğər sosial-iqtisadi, tarixi səbəblərdən (əmək miqrasiyaları, məcburi köçürmələr, müharibələr) ayrı-ayrı ölkələrə son iki yüz ildə miqrasiya axınları nəticəsində etnik, dini, irqi icmaların formalaşması və bu icmaların qəbul edən cəmiyyətlər ilə münasibətlər sistemi. Bir qayda olaraq formalaşan icmalar özlərinə məxsus xüsusiyyətlərini qoruyub saxlayaraq qəbul edən cəmiyyətə inteqrasiyaya ciddi müqavimət göstərirlər və yaxud əksinə, qəbul edən cəmiyyət onları tədric edərək inteqrasiya üçün süni maneələr yaradır;
- gəlmə etnik, dini, irqi icmalar bir qayda olaraq onları qəbul edən cəmiyyətlərin etnomədəni, dini və irqi səciyyələrindən ciddi surətdə fərqlənirlər. Belə olan halda, bu cür müxtəlifliyin tənzimlənməsi və birgəyaşayış prinsiplərinin formalaşdırılması;
- müasir zamanda həyatın bütün sahələrində çoxluğun, müxtəlifliyin hökm sürdüyünü nəzərə alaraq, cəmiyyətlərdə belə bir şəraitdə qruplar, icmalar, təbəqələrin fərqlənən maraqlarını uzlaşdırmaq məqsədi ilə dövlət tərəfindən yürüdülən siyasət.
Azərbaycanda da son illərdə multikulturalizm anlayışı tez-tez istifadə olunur və hətta 2016-ci il ölkə prezidenti tərəfindən "multikulturalizm ili" elan edilib. Bu mövzuya həsr olunmuş çoxsaylı elmi, siyasi və ictimai tədbirlərdə multikulturalizmin "Azərbaycan modelindən" bəhs edilir. Universitetlərdə hətta multikulturalizm kafedraları açılır, bu adda fənn tədris olunur. Bununla əlaqədar son bir-iki ildə nəşr olunan elmi məqalələri, monoqrafiyaları da qeyd etmək lazımdır. Faktiki olaraq multikulturalizm dövlət siyasətinə çevrilmişdir və xüsusi olaraq prezident administrasiyasında bu məsələlərlə məşqul olan dövlət müşavirliyi institutu və multikultiralizm mərkəzi yaradılıb…".

Əli

Ardı var…