Xaricdəki azərbaycanlılar: potensialı real gücə necə çevirməli? Layihə

Xaricdəki azərbaycanlılar: potensialı real gücə necə çevirməli?

Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Azərbaycan diasporu öz fəaliyyətində tamamilə yeni və mühüm bir mərhələyə qədəm qoyub. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş milyonlarla soydaşımızın ideoloji həmrəyliyini təmin etmək, onları yaşadıqları cəmiyyətlərin aktiv üzvünə çevirmək və Azərbaycanın beynəlxalq maraqlarını hücum diplomatiyası ilə müdafiə etmək günümüzün ən vacib prioritetlərindən biridir. Lakin xaricdəki böyük gücümüzdən maksimum dərəcədə yararlana bilirikmi?
Hər bir həmvətənimizi məcburi şəkildə ictimai-siyasi proseslərə qatmaq nə dərəcədə effektivdir, yoxsa diqqəti yalnız təşəbbüskar, nüfuzlu fərdlərə yönəltmək daha doğru strategiyadır? Dünyanın müxtəlif ölkələrində, xüsusən də elmi, akademik və siyasi dairələrdə söz sahibi olacaq kadrların yetişdirilməsi üçün dövlət dəstəyi necə olmalıdır? Qanunverici orqanın təmsilçiləri xaricdə yaşayan azərbaycanlılarla münasibətlərin yenidən qurulması, keçirilən tədbirlərin sistemləşdirilməsi və diaspor siyasətində hansı köklü dəyişikliklərin vacib olduğu barədə diqqətçəkən məqamlara toxunublar.

Təşəbbüskar fərdlər – güclü diaspor

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa diaspor fəaliyyətinin gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlıların ictimai fəallığının artırılması və Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə daha fəal şəkildə müdafiə olunması məsələsinə toxunub.
O qeyd edib ki, diaspor fəaliyyəti ilə məşğul olan şəxslərin dəstəklənməsinə daha çox diqqət yetirilməlidir: “Bu istiqamətdə yalnız mövcud fəaliyyətin davam etdirilməsi deyil, həm də xaricdə yaşayan azərbaycanlılar arasında təşəbbüskar şəxslərin müəyyənləşdirilməsi və onların fəaliyyət imkanlarının genişləndirilməsi vacibdir.
Diaspor fəaliyyəti geniş və çoxşaxəli sahədir. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hamısının ictimai və siyasi proseslərə eyni formada maraq göstərməsi mümkün deyil. Buna görə də diaspor fəaliyyətinin təşkilində fərqli yanaşmalara ehtiyac yaranır”.
Deputat bildirib ki, xaricdə yaşayan hər bir azərbaycanlını məcburi şəkildə diaspor fəaliyyətinə cəlb etmək mümkün deyil: “Əsas məsələ Azərbaycan üçün fəaliyyət göstərmək istəyən və bu istiqamətdə təşəbbüs göstərən insanların müəyyənləşdirilməsi və onların dəstəklənməsidir.
Bu istiqamətdə aktiv fəaliyyət həyata keçirilməlidir. Bununla bağlı bilavasitə aktiv fəaliyyət nəzərdə tutulmalıdır və diaspor fəaliyyəti ilə bağlı çalışan insanların dəstəklənməsinə daha çox diqqət yetirmək lazımdır. Diaspor Komitəsi bu istiqamətdə böyük işlər görür. Amma indi bu sahə o qədər genişdir ki, hər ölkədə fərdləri tapmaq, o adamların fəaliyyətini tənzimləmək də elə də asan məsələ olmur.
Çünki hamı ictimai fəallığa meyil göstərmir, siyasətə meyil göstərmir. Burada xüsusilə insanların daxili bir tələbatı olaraq bu prosesə qoşulurlar. Kiminsə Avstraliyada yaşayan adam rahat yaşayır və onun siyasətə qarışmaq meyli yoxdursa, onu məcburi şəkildə təşkilatlandırmaq çox böyük çətindir”.
Millət vəkili vurğulayıb ki, bununla yanaşı, xaricdə Azərbaycan naminə fəaliyyət göstərmək istəyən, ictimai proseslərdə iştirak etməyə və ölkənin maraqlarını təmsil etməyə hazır olan kifayət qədər təşəbbüskar insanlar da var: “Belə şəxslərin yaşadıqları ölkələrdə müxtəlif sahələrdə fəallaşmasına şərait yaradılması diaspor fəaliyyətinin daha geniş müstəvidə həyata keçirilməsinə imkan verə bilər”.
Deputat xüsusilə seçki proseslərində iştirak, müxtəlif mövqelərdə təmsil olunmaq və elmi dairələrdə yer tutmaq kimi məsələlərdə dəstəyin əhəmiyyətini qeyd edib: “Amma bu təşəbbüskar insanlar da çoxdur. Xaricdə vətən üçün çalışmaq istəyən insanlar da çoxdur. Ona görə də onların daha çox beynəlxalq sistemdə, olduqları ölkədə seçki prosesində aktiv iştirakı, müəyyən mövqelər tutması, elmi dairələrdə yer tutması kimi məsələlərdə dəstək vermək lazımdır”.

“Diaspor həmrəyliyi güclənir”

Deputat Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, diaspor quruculuğu və lobbiçilik sahəsində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü və sistemli siyasət mühüm nəticələr verib: “Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, onların vahid milli maraqlar ətrafında birləşdirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində genişmiqyaslı işlər görülür. Hazırda müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan icmaları ölkəmizin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin tanıdılmasında fəal rol oynayırlar. Statistik rəqəmlərə diqqət yetirək. 44 ölkə üzrə 16 Koordinasiya Şurası və 21 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir”.
Vüqar Rəhimzadə qeyd edib ki, diaspor təşkilatları arasında əlaqələrin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi bu prosesin mühüm nəticələrindən biridir: “Xaricdə yaşayan azərbaycanlıların məskunlaşdıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında daha fəal iştirakı onların Azərbaycanı təmsil etmək imkanlarını da genişləndirir. Diaspor nümayəndələrinin elm, təhsil, mədəniyyət və digər sahələrdə fəallığının artırılması Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi baxımından da əlavə imkanlar yaradır. Dünya azərbaycanlılarının həmrəyliyinin daha da gücləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan diaspor təşkilatları arasında koordinasiyanın, informasiya mübadiləsinin və əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Vüqar Rəhimzadə gənclərin diaspor fəaliyyətinə cəlb edilməsinin də vacib istiqamətlərdən biri olduğunu vurğulayıb: “Gənclərin lobbiçilik, kommunikasiya, media və beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarının artırılması gələcək üçün mühüm investisiyadır”.
Deputat müasir informasiya texnologiyalarından və rəqəmsal platformalardan daha səmərəli istifadənin də əhəmiyyətini qeyd edib: “Xaricdəki Azərbaycan icmalarının vahid informasiya məkanında daha çevik fəaliyyət göstərməsi, Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə, peşəkar və faktlara əsaslanan formada dünya ictimaiyyətinə çatdırılması lobbiçilik fəaliyyətinin effektivliyini artıran amildir. Diaspor təşkilatlarının elektron və sosial media imkanlarının gücləndirilməsi istiqamətində də konkret layihələr həyata keçirilir”.
Vüqar Rəhimzadə Türkiyə ilə diaspor sahəsində əməkdaşlığın genişləndirilməsini də diqqətəlayiq hadisə kimi dəyərləndirib: “2026-cı ilin sentyabrında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair növbəti Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə yeni imkanlar yaradır. “Memorandum Azərbaycan və Türkiyənin diaspor qurumları arasında mütəmadi fikir mübadiləsinin aparılması, birgə tədbir, layihə və təşəbbüslərin həyata keçirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılması və xaricdə yaşayan icmaların potensialından daha səmərəli istifadə olunmasına xidmət edir. Sənədin əsas məqsədlərindən biri xaricdə yaşayan soydaşların milli-mədəni dəyərlərinin qorunması və təbliği, icmaların təşkilatlanmasının dəstəklənməsi, gənclərin diaspor fəaliyyətinə daha fəal cəlb edilməsi və dövlət-diaspor əlaqələrinin müasir və səmərəli mexanizmlər əsasında inkişaf etdirilməsidir. Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyəti də davam etdirilir. 2018-2025-ci illərdə Rumıniya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Meksikanın müvafiq dövlət qurumları ilə diaspor fəaliyyəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumlarının imzalanması bu sahədə təcrübə mübadiləsinin və əlaqələrin genişləndirilməsinin göstəricisidir”.
Deputat vurğulayıb ki, qarşıdakı mərhələdə əsas məqsədlərdən biri dünya azərbaycanlılarının həmrəyliyini daha da möhkəmləndirmək, diaspor təşkilatlarının peşəkarlığını artırmaq, gənc nəslin bu prosesdə fəal iştirakını təmin etmək və Azərbaycanın haqq səsinin beynəlxalq informasiya məkanında daha güclü eşidilməsinə nail olmaqdır.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın tarixi Zəfəri və ərazi bütövlüyünün, suverenliyinin tam bərpası dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsinə yeni çağırışlar yaradır: “Dünya azərbaycanlılarının V Zəfər Qurultayının 2022-ci ilin aprelində Qarabağın tacı Şuşada keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyıb”.
Deputatın sözlərinə görə, qurultayın Şuşada keçirilməsi dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin nümayiş etdirilməsi ilə yanaşı, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm addım olub: “Dövlətimizin başçısı İlham Əliyev Zəfər Qurultayındakı çıxışında bu çağırışı etmişdir ki, bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq”.

Günel Elxan