Azərbaycançılıq məfkurəsi və azad olunmuş ərazilərdə yeni diplomatik reallıqlar Layihə

Azərbaycançılıq məfkurəsi və azad olunmuş ərazilərdə yeni diplomatik reallıqlar

Azərbaycanın müstəqil dövlətçilik xətti, milli həmrəylik modeli və işğaldan azad olunmuş torpaqlarda formalaşan yeni geosiyasi reallıqlar ölkənin daxili və xarici siyasətinin ana xəttini təşkil edir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkədəki etnik və dini müxtəlifliyi vahid vətəndaşlıq platformasında birləşdirərək sarsılmaz milli birliyin təməlini qoyub. Eyni zamanda, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də beynəlxalq diplomatik korpusun bölgəyə ardıcıl səfərləri Azərbaycanın yaratdığı yeni reallıqların dünyada qəbul olunmasını şərtləndirir. Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Könül Nurullayeva “Xalq Cəbhəsi”nə açıqlamalarında bu strateji ideoloji xəttin əhəmiyyətini və regiondakı son prosesləri təhlil ediblər.

“Azərbaycançılıq ideologiyasının strateji əhəmiyyəti”

Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası sadəcə nəzəri konsepsiya deyil, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin, iqtisadi və hərbi qüdrətinin təməlində dayanan strateji ideoloji xətdir.
Deputatın sözlərinə görə, bu ideologiya Azərbaycanın tarixi və coğrafi reallıqlarından doğan, milli varlığımızı qoruyub saxlayan və müasir dövlətçilik sütunlarını möhkəmləndirən etibarlı zəminə çevrilib: “Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı tərkibə malik olması fonunda azərbaycançılıq məfkurəsi cəmiyyətdə sarsılmaz milli-mənəvi bütövlüyü təmin edən, bütün etnik və dini qrupları vahid vətəndaşlıq müstəvisində birləşdirən universal dəyərə çevrilmişdir. Eyni zamanda bu platforma təkcə ölkə daxilində sabitliyin deyil, bütövlükdə regionda dinc birgəyaşayışın və təhlükəsizlik arxitekturasının formalaşmasının ana xəttini təşkil edir. Müstəqillik qazandıqdan sonrakı milli dövlətçilik tarixinin təhlili azərbaycançılıq ideologiyasından kənaraçıxmaların ciddi fəsadlara yol açdığını göstərir.
Xüsusilə 1990-cı illərin əvvəllərində, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə irəli sürülən radikal, dar çərçivəli və populist millətçilik meyilləri azərbaycançılıq ideologiyasına, dövlətçilik ənənələrinə və cəmiyyətin daxili həmrəyliyinə ağır zərbə vurmuşdur. O dövrdəki səriştəsiz rəhbərliyin separatizm meyillərinə zəmin yaradan, etnik bölücülüyü körükləyən və cəmiyyəti parçalayan zərərli yanaşmaları ölkəni vətəndaş müharibəsi və parçalanma həddinə çatdırmışdır”.
Deputat vurğulayıb ki, həmin dövrdə yaranmış problemlərin aradan qaldırılması və milli birliyin bərpası Heydər Əliyevin hakimiyyətə qayıdışı və azərbaycançılıq məfkurəsinin dövlət siyasətinin prioritetinə çevrilməsi ilə mümkün olub.
Onun sözlərinə görə, müasir mərhələdə də etnik vurğuları qabardan, dar çərçivəli təfəkkürlə çıxış edən ayrı-ayrı marginal qrupların cəmiyyətə sırımaq istədiyi zərərli meyillərin qarşısının alınması azərbaycançılıq məfkurəsinin gücləndirilməsindən keçir.
Bəhruz Məhərrəmov əlavə edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qazandığı Zəfər azərbaycançılıq ideologiyasının, daxili həmrəyliyin və milli birliyin göstəricilərindən biri olub: “Bu möhtəşəm qələbə göstərdi ki, azərbaycançılıq məfkurəsi bundan sonra da regionun əsas ideoloji platforması kimi davamlı təhlükəsizliyin, sabitliyin, sülhün və xalqlararası mümkün düşmənçiliyin qarşısını alan əsas hərəkətverici qüvvə rolunu oynayacaqdır”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin bu ideoloji xətti yeni tarixi reallıqlarla zənginləşdirməsi, onun nəsildən-nəsilə ötürülməsinin, dövlətin milli-mənəvi bütövlüyünün və hərbi-siyasi qüdrətinin möhkəmləndirilməsinin hüquqi-siyasi əsaslarını formalaşdırması yeni geosiyasi quruculuq prosesində azərbaycançılıq xəttinin əhəmiyyətini daha da artırır.

Qarabağa diplomatik səfər və Ermənistanın reaksiyası

Milli Məclisin deputatı Könül Nurullayeva “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, bu cür səfərlər diplomatik nümayəndələrə bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, təhlükəsizlik vəziyyəti, tarixi və dini irsin qorunması ilə bağlı real mənzərəni bilavasitə görmək imkanı yaradır.
Könül Nurullayeva qeyd edib ki, diplomatik korpusun Qarabağa səfəri bölgənin gələcəyi ilə bağlı daha obyektiv təsəvvürlərin formalaşmasına xidmət edən normal diplomatik təmasdır: "Ermənistan mediasının səfərə reaksiyası bu ölkənin informasiya məkanının müəyyən hissəsində Qarabağla bağlı köhnə stereotiplərin və revanşist yanaşmaların hələ də aradan qalxmadığını göstərir.
Səfər ətrafında siyasi ittihamların səsləndirilməsi, tarixi faktların manipulyasiya edilməsi, xüsusilə də Qərb diplomatlarının hədəfə alınması absurddur.
Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırsa və Azərbaycanla davamlı sülhün tərəfdarı olduğunu bəyan edirsə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə diplomatik səfər niyə bu qədər aqressiv reaksiya doğurur?”
Könül Nurullayeva bildirib ki, Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrinin səfər çərçivəsində Şuşada keçirilən tədbirlərdə iştirakı və mədəni proqramlara qatılması erməni media resurslarında siyasi qalmaqal kimi təqdim olunub: “Halbuki diplomatların Azərbaycanın şəhərlərinə səfər etməsi və burada keçirilən tədbirlərdə iştirakı normal diplomatik fəaliyyətdir. Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi Ermənistanın müəyyən dairələrinin Qarabağ məsələsinə hələ də əvvəlki prizmadan yanaşdığını göstərir. Bəzi erməni media resurslarında “işğal olunmuş Artsax” kimi ifadələrin yenidən dövriyyəyə buraxılması da diqqət çəkir. Ermənistanın rəsmi siyasi bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə media və ekspert dairələrinin ritorikası arasında yaranan ziddiyyət təsadüfi görünmür. Əgər siyasi səviyyədə yeni reallıq qəbul edilir, lakin informasiya məkanında bunun əksi təbliğ olunursa, bu, sülh prosesinin Ermənistan cəmiyyəti tərəfindən tam dərk olunmadığını göstərir”.
Könül Nurullayeva vurğulayıb ki, diplomatik nümayəndələrin Gəncəsər və Xudavəng monastırlarına səfərindən sonra Ermənistan mediasında “tarixin saxtalaşdırılması”, “albanlaşdırma”, “mədəni soyqırım” kimi ittihamların səsləndirilməsi də qəbuledilməzdir: “Qarabağ və Şərqi Zəngəzurda dini və tarixi abidələrin qorunması Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan müxtəlif dini və mədəni irs nümunələrinin mühafizəsini öz üzərinə götürür və beynəlxalq nümayəndələrin bölgəyə səfərlərinin keçirilməsində maraqlıdır: “Ən yaxşı cavab məhz reallığın beynəlxalq ictimaiyyətə yerində göstərilməsidir. Ermənistan hakimiyyəti son dövrlərdə Qarabağ məsələsinin artıq ölkənin xarici siyasət gündəliyində olmadığını dəfələrlə bəyan edib. Lakin Ermənistanın media və ekspert mühitində “Artsax” anlayışının, keçmiş separatçı rejimə istinadların və "itirilmiş ərazilər” ritorikasının yenidən aktuallaşdırılması müəyyən suallar doğurur.
Ermənistan üçün əsas məsələ keçmişin siyasi manipulyasiya vasitəsinə çevrilməsindən imtina etməkdir.
Qarabağ mövzusunun yeni nəsillərə revanşist ideologiya kimi ötürülməsi nə Ermənistanın, nə də regionun maraqlarına cavab verir. Əksinə, Cənubi Qafqazda davamlı sülhün və regional əməkdaşlığın formalaşmasını qəbul etməsi vacibdir”.
Deputat əlavə edib ki, Azərbaycan artıq öz ərazisində suverenliyini təmin edib və bölgədə yeni siyasi reallıq formalaşdırıb: “Əsas məsələ bu reallığı qəbul etmək və ondan regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq üçün istifadə etməkdir.
Digər vacib məqam indiki Ermənistan ərazisində Azərbaycana məxsus əsrlər boyu mövcudluğunu və burada formalaşdırdığı tarixi-mədəni irsi inkar etməyə yönəlmiş yanaşmaların bu gün də ciddi narahatlıq doğurmasıdır.
Qərbi Azərbaycan ərazisində 3 500-dən çox tarixi və mədəni irs nümunəsi, 500-dən çox qəbiristanlıq dağıdılıb, azərbaycanlılara məxsus tarixi yaşayış məskənləri dəyişdirilib və ya öz ilkin kimliyindən uzaqlaşdırılıb. Bu məsələ beynəlxalq hüququn mədəni irsin qorunmasına dair normaları çərçivəsində qiymətləndirilməlidir. Ermənistan istər Qarabağ və Şərqi Zəngəzurda, istərsə də Qərbi Azərbaycanda törətdiyi vandallıqlara görə cavab verməlidir”.

Günel Elxan