Mətbuatda milli düşüncə Layihə

Mətbuatda milli düşüncə

"Anadolu Ajansı"nı Əhməd bəy Ağaoğlu yaradıb və onun ilk baş direktoru olub

Azərbaycan jurnalistikası tarixində şərqşünas alim, publisist, tənqidçi, ideoloq və görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun xüsusi çəkisi və yeri var. Millətinə və dövlətə xidmət göstərmək istəyən hər bir kəs, xüsusilə qələm sahibləri üçün ideal bir nümunə səviyyəsinə yüksələn Əhməd bəy Ağaoğlu hələ Fransada təhsil aldığı 1885-1894-cü illərdə Parisdə nəşr edilən "Houvel Revyü" kimi tanınmış mətbu orqanında qələmini sınayır. Əməd bəy Ağaoğlu həm Azərbaycanda, həm də mühacir kimi yaşadığı Türkiyə, Fransa və s. kimi ölkələrin mətbuatında məqalələrlə çıxış edirdi. Fransada təhsil alandan sonra Vətənə dönən Əhməd bəy "Kaspi" qəzeti ilə sıx əməkdaşlıq etməyə başlayır və bir müddət həmin mətbu orqanın redaktoru vəzifəsində çalışır.
Qəzet Əlimərdan bəy Topçubaşovun (bəzən qısa müddətdə Həsən bəy Zərdabinin) redaktorluğu ilə nəşr edilirdi. Qəzetin 1898-ci ildən sonrakı dövründə əsas müəllifi Əhməd bəy Ağayevdi. O, tez-tez ən müxtəlif mövzularda İslam tarixi, siyasi-ideoloji məsələlərlə bağlı, milli və beynəlxalq həyatın çeşidli yönləri, beynəlxalq siyasət haqqında onlarca məqalə dərc etdirmişdi.
Əhməd bəy bu mövzularda yazılmış kitab və məqalələrə də özünün münasibətini bildirir, müəlliflərlə canlı polemikaya girirdi. "Kasri"nin 1899-cu il 16 mart tarixli sayında sonralar məşhur şərqşünas alim kimi tanınmış Krımskinin "Müsəlmanlıq və onun gələcəyi" adlı kiçik kitabı Əhməd bəy Ağayevin sərt tənqid hədəfi oldu. Kitabın əsas müddəaları ilə razılaşmayan Əhməd bəy farsların İslam tarixində oynadığı rolla bağlı əsaslandırılmış, maraqlı fikirlər irəli sürdü. Məqalə müəllifinə görə, "qalibləri təsiri altına salmaq" qabiliyyətinə malik fars etnosu "İslamın özünü sonralar təhrif edən müxtəlif məzhəb və təriqətlər yaratdı". Az sonra o, "Məhərrəm" başlıqlı geniş məqaləsində yenidən farsların İslam tarixində rolu mövzusuna qayıdır. Farsların Abbasi xilafətində təsirinin artmasını və yüksək mövqeləri tutmasının səbəbini izah edəndən sonra yazır: "...Farslar İslamın ürəyini gəmirmiş, hər il yeni təriqət yaratmışlar; nəzakət xatirinə və rahat olduğu üçün bu təriqətlərə dini don geyindirmiş, amma (bu təriqətlərin) mahiyyəti təmamilə siyasi olaraq qalmışdır; beləcə Zeydilər, İsmaillilər, Bəttanilər, Qərmətilər və saysız başqa təriqətlər yaranmışdır".
Əhməd bəyin fikrincə, "xilafət üzərində İranın siyasi qəyyumluğu" adlandırdığı dövr bütpərəst monqolların-moğolların hücumları və ondan sonrakı siyasi hadisələrlə qapandı: "Bu cür əlverişsiz şəraitdə belə müsəlmanlar milli müstəqillik və onun gerçəkləşməsi uğrunda mübarizəni daha böyük əzm və inadla davam etdirmişlər". Əhməd bəy Ağayevə görə, bu mübarizə "Səfəvi sülaləsi başda olmaqla ayrı dövlətin yaranması ilə uğurla başa çatdı. Səfəvilər seyid, yəni Hüseynin nəslindən idilər. Onlar şiəliyi, yəni Əli, Hüseyn və onların davamçıları kultunu farsların milli dini elan etdilər, bu dini dəbdəbə ilə ört-basdır etmək və farsların ürəyini mümkün qədər ona bağlamaq üçün heç bir vasitədən çəkinmədilər".
Əhməd bəy Ağayevin "Bizim millətçilər" adlı məqaləsində İranın İslam tarixindəki rolu haqqında maraqlı fikir irəli sürür. "Özünəməxsus orijinallığını, öz dilini saxlamağa" müvəffəq olmuş bu ölkə, Əhməd bəyə görə, "İslamı özü bildiyi şəkildə özünün mənəvi ehtiyaclarına uyğun olaraq dəyişdi, öz "ərəbçiliyini" elə zorladı, ona elə pozğunluq və dekadentlik gətirdi ki, indi də İslam özünə gələ bilmir. İslama bütün məzhəblər, bütün təfriqələr, bütün zorlamalar, subversiv nəzəriyyələr İrandan gəldi və yalnız "assimilyatora" qarşı sönməz-tükənməz nifrətlə təlqin edildi. İran bu nifrəti ört-basdır edərək, bəzən onu gizlədərək, səbrlə öz vaxtını gözlədi".
Əhməd bəyin panislamizmə həsr edilmiş məqalələri də maraq doğurur. Onlardan biri "Panislamizm, onun xarakteri və istiqamətləri" başlıqlı yazıda müəllif göstərir ki, Qərb mətbuatında son zamanlar tez-tez "panislamizm" adlanan bu hərəkat haqqında yazılar çıxır. Bu yazıların əsas məqsədi oxucuda qorxu yaratmaqdır. Panislamizmi geriyə qayıdış, fanatizmin oyanması, ya da Osmanlı sultanı Əbdülhəmidin intriqası kimi qiymətləndirənlər var. Halbuki panislamizmi şərtləndirən əsas amil əzilən İslam aləmini Qərbin artan təzyiq və köləliyindən qurtarmaq istəyidir.
Əhməd bəy Ağayevin adı çəkilən "Bizim millətçilər" başlıqlı məqaləsi həm dövrün, həm də müəllifin özünün ideoloji-siyasi əhval-ruhiyyəsini əks etdirmək baxımından önəmlidir. Müəllifə görə, "millətçilik öz-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamül tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü rədd etməlidir".
Amma hakim millətçilik bu zaman Rusiyada azlıqlara qarşı nifrət püskürür, onları assimilə etməyə çalışırdı. Məsələn, "Novoye vremya" jurnalının yazarı Menşikov erməniləri, bolqarları, serbləri və başqa azlıqları dilindən imtinaya məcbur etmədiyi, onlara zorla İslamı qəbul etdirmədiyi, başqa sözlə, assimilə etmədiyi üçün Osmanlını "axmaq" adlandırır. Əhməd bəy Ağayev rusiyasayağı bu tip millətçiliyi, müasir terminlə ifadə etmiş olsaq, şovinizmi rədd edir.
"Türk-tatar irqinin özünəməxsus əlifbası varmı?" adlı məqalədə (Kasri, 20 iyul 1901) Əhməd bəy Türk-tatarların qədim tarixi, onların yürüşləri və xarakteri haqqında məlumat verərək, hazırda istifadə etdikləri ərəb əlifbasının Türk dilinin xüsusiyyətlərinə uyğun gəlmədiyini göstərir. Bu sahədə çoxdan başlanmış müzakirələrin xülasəsini verdikdən sonra Türklərin iki qədim əlifbasının olduğunu bildirir. O, Nəcib Asim bəyin "Türk yazarlar" kitabına istinadən qırğız və uyğur boylarının əlifbaları (uyğun olaraq VI-VII və VII-VIII yüzillər) haqqında geniş bilgi verir.
Hacı Zeynalabdin Tağıyevin öz vəsaiti hesabına 1905-ci ildə "Həyat" qəzetini təsis edib, baş redaktorluğunu Əhməd bəy Ağayevə (Əli bəy Hüseynzadə ilə birlikdə) təklif etməsi ilə onun həyatında yeni mərhələ başlandı. Eyni məram sahibi dostları ilə bir yerdə xalqının problemlərinin həlli yolunda çalışmaq üçün o artıq təsirli bir vasitə əldə edə bilmişdi.
Fərhad Ağayev (Ağazadə) Əhməd bəyin redaktə etdiyi "İr 3 : ; C K lətçiliyi x ü ş ı C c √ olunmuş məqaləsində "millətin istiqbalını təmin etmək üçün birləşmək" gərəkliyi və bunun üçün millətçiliyin yeganə uyğun cərəyan olduğu fikrini irəli sürür. Elə buradaca o yazır: "Bir para darülfünunlarda təlim tapmış cavanlar millətin böylə ağlar halətini görüb də onun mühüm ehtiyaclarına əslən etina etməyib, özlərini ayrı firqələrə, ayrı partiyalara mülhəq ediyorlar". Fərhad Ağayevin məqaləsindəki fikirlər Harun Sultanov adlı bir "intiligent"in etirazına səbəb oldu. Harun Sultanova görə, "Nasyonalizm o vəqt lazım idi ki, bir dildə, bir yerdə, bir adətdə olanları yığsın bir yerə... Nasyonalizm bizə heç lazım deyil, biz nasyonalizmdən keçmişik".
Millətçiliyi ("nasyonalizm"i) tənqid edən müəllif alternativ olaraq sosializm və İslamın gərəkliyi fikrini müdafiə edir. Redaksiya (Əhməd bəy Ağaoğlu) bu müzakirənin vacib olduğunu bildirir və oxucuları müzakirəyə qoşulmağa dəvət edir. Fərhad Ağayev özü müzakirənin davamı olaraq bu mövzuda bir neçə məqalə yazır. Müzakirələrə Əhməd bəy Ağayev də qoşulur və millətçilik haqqında özünün baxışlarını izah edir. Yazdığı məqalədə bildirir ki, "hər fərdin ömründə olduğu kibi, bir millətin ömründə də dövrələri var. Bu dövrələri keçmək məcburi bir əməldir". Müəllif Avropa ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və göstərir: "...Cümlə millətlərin ən parlaq mərhələləri haman "millətçilik" deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o parlaq, o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman nasyonalizm dövrəsi oldu!".
Əhməd bəy başqa məsələlərlə yanaşı, hər millətçiliyin müsbət olmadığı fikrində də israr edir. Rusiyada Pruşkeviçin millətçiliyi ilə Turgenevin millətçiliyi arasında böyük fərq olduğunu göstərir. Elə buradaca o, öz millətinin eyiblərini, başqa millətlərin müsbət keyfiyyətlərini gizlətməyi xəyanət sayır: "Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin eyyubatını (eyiblərini), qüsuratını görkəzməkdən, millətinin azarlarını, dərdlərini arıyıb da açıq-açığa deməkdən nəinki çəkinmiyorlar, bəlkə bir an böylə qafil olmuyorlar. Və həmçinin həqiqi millətçilər qeyri-millətlərin arasında olan gözəl sifətləri, gözəl adətləri, gözəl binaları öz milləti üçün imtisal edüb (örnək bilib), millətini bu gunə şeyləri əxz etməyə təhrik və təşviq etməkdən çəkinmiyorlar".
Əhməd bəy Ağayevin "həqiqi millətçilik" anlayışında keçmişi ideallaşdırmaq yoxdur, əksinə, o, tarixin öyrənilməsinin ondan dərs almaq üçün lazım olduğunu bildirir. 1921-ci ilin mayında Malta zindanından azad olunmuş Əhməd bəy Ağaoğlu Sovet Azərbaycanında çalışmaq istəmiş, bu məqsədlə Romadan Nəriman Nərimanova məktub yazmışdır. Ondan müsbət cavab almasına baxmayaraq "Sovet fikir sisteminə qatılmadığı, türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğunu düşündüyü, onu Malta əsarətindən qurtarmış Ankara qarşısında namus borcu olması" səbəbindən üzünü Ankaraya tutmuş, Milli Mücadilə Hərəkatında həssas vəzifələr tutmuşdur. Mətbuat baş müdiri təyin edilən Əhməd bəy Milli Hökumətin təbliğat işini qurmağa başlayır, "Hakimiyəti-milliyyə" qəzetinə rəhbərlik edir, "Anadolu Ajansı"nı yaradır və onun ilk baş direktoru olur. 70 illik mənalı və məhsuldar həyatı boyu Əhməd bəy Ağaoğlu mənsub olduğu milləti üçün çalışmış, özündən sonra böyük miras qoymuşdur. Özünün ifadəsi ilə desək, "həyat boyu yazdığım məqalələrin hamısı bir araya toplansa, Bakıdan İstanbula qədər bir geniş yol ortaya gələ bilər".

Ülviyyə Tahirqızı