Son erməni təxribatları nəyə hesablanıb? Layihə

Son erməni təxribatları nəyə hesablanıb?

Tofiq Abbasov: "Qarabağ münaqişəsi bölgəsində sülh prosesi üçün münasib şəraitin olmaması fonunu yaratmaq istəyirlər"

Elşən Həsənov: "Cəbhədə erməni təxribatlarının genişlənməsi təsadüfi deyil"

Son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlar çoxşaxəli xarakter almağa başlayıb. Atəşkəs rejimi ermənilər tərəfindən mütəmadi olaraq pozulur. Bu günlərdə isə Ermənistanın hava hücumundan müdafiə qüvvələrinə məxsus OSA zenit-raket kompleksi ordumuz tərəfindən məhv edilib.
Xatırladaq ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
Bu təxribatların əsl məqsədinin nəyə hesablanması aydın olsa da, son zamanlar prosesin daha da genişləndirməsi maraqlıdır. Burada Rusiya faktorunun olması istisna deyil. Erməni generalının "rus-erməni birgə qoşunları Sərkisyanın əmri ilə hərəkət edəcək" açıqlaması, Rusiyada Ümumrisiya Azərbaycanmlları Konqresinin ləğvi və digər qərəzli addımlar belə düşünməyə əsas verir.
Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, ayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Eyni zamanda, düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.
Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb. Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Poltitoloq Tofiq Abbasov bildirdi ki, ön xətdəki təxribatlar erməni siyasətinin tərkib hissəsinə çevrilib: "Onlara rəvac verməklə qarşı tərəf gərginlik mənzərəsini yaradıb birliyə təlqin etmək istəyir ki, güya Qarabağ münaqişəsi bölgəsində sülh prosesi üçün münasib şərait yoxdur və buna görə də İrəvan işğalçı qoşunlarını geri çağıra bilmir: "Lakin get-gedə onların təhlükəli eksperimentləri azalmağa doğru gedir. Çünki Azərbaycan ordusu vaxtaşırı təxribatçıların dərsini verməklə onları adekvat vəziyyətə qayıtmağa vadar edir. Düşmən helikopterinin vurulması, radar sistemlərinin məhv edilmə halları, canlı qüvvənin sıradan çıxarılması onlara dərs olur və odlu oyunbazlığın faciə ilə nəticələnmə ehtimalları bir çox məqamları yerbəyer edir. Burada Rusiya amilinin olması istisna deyil, lakin Moskva hazırda daha çox öz daxili problemlərinin həlli ilə məşğuldur. Çox guman ki, ermənilər vəziyyəti pozaraq Moskvanı fakt qarşısında qoymağa çalışırlar".
Ekspert əlavə etdi ki, bu kontekstdə bir prınsipial məqam var: "Qərb Rusiya üçün problem yaratmaq istiqamətində ciddi-cəhdlə çalışır ki, bu ölkənin perimetrində münaqişəli ocaqlar yaransın. Moskva bu plan barədə məlumatlıdır və ona görə də çalışır ki, sərhədləri boyunca yaranmış qeyri-stabil məkanlar oda qərqə olmasın. Qarabağ böhranı da bu baxımdan şimal qonşu üçün əhəmiyyət kəsb edir. Kreml istəmir ki, Qarabağda yenidən miqyaslı müharibə başlansın".
Siyasi ekspert Elşən Həsənov isə vurğuladı ki, cəbhədə erməni təxribatlarının genuişlənməsi və son hadisələr təsadüfi deyil. Onun sözlərinə görə, ermənilər vəziyyəti gərginləşdirməklə sülh şəraitinin olmamağı qənaətini yaradır və status-kvonu saxlamağa çalışırlar: "Burada Rusiya faktorunun olması da ehtimal olunur. Ermənilər həmişə Rusiyanın əmri ilə hərəkət edirlər. Ona görə də düşünürəm ki, cəbhədə təxribatların artması da Rusiyaya bağlı ola bilər".
O həmçinin əlavə edib ki, Rusiya regionda öz təsir qüvvəsini saxlamaqda maraqlıdır və bu onun dövlət siyasətinin tərkib hissəsidir: "Ona görə də sözügedən addımların arxasından Rusiya çıxarsa burada təəccüblü heç nə olmaz. Onun Gümrüdəki hərbi bazasını gücləndirmək yönümündə atdığı addımlar da trəsadüfi deyil. Gümrü hərbi bazası vasitəsi ilə o həm Qafqaz regionunda öz varlığını qorumaqla bərabər eyni zamanda, həm də qonşu dövlətlər olan İran və Türkiyə tərəfindən gözlənilən təhlükənin aradan qaldırılaraq neytrallaşdırılmasına çalışır. Əlbəttə ki, bu addımının özü də, Azərbaycan üşün müəyyəm təhlükələr yaratmış olur. Bir tərəfdən Rusiyanın işğalçı mahiyyətli bir dövlət olduğunu, digər tərəfdən Azərbaycanın, Rusiyanın müttəfiqi olan və onunla bir hərbi və iqtisadi-siyasi blokda təmsil olan Ermənistanla müharibə şəraitində olduğunu nəzərə alsaq, məsələnin heç də sadə olmadığının fərqinə vararıq. Azərbaycanın, güc yolu ilə, işğal olunmuş torpaqlarının qaytarılması məqsədli addımlar atmaq məcburiyəti olarsa, o zaman, Rusiya təxribat xarakterli addımlar ataraq münaqişəni birbaşa Azərbaycan-Ermənistan müstəvisinə keçirərək, Gümrüdəki bazasından istifadə etməsi ehtimalları gerçəkləşə bilər. İmdiki halda Minsk qrupunun həmsədri olaraq məsələnin sülh yolu ilə həll edilməsi barədə dəfələrlə çıxış etmiş bir ölkə olaraq, Rusiyanın atdığı bu addımları konstruktiv saymıram. Düşünürəm ki, Rusiyanın Azərbaycana düşmən ölkədə yerləşən bazalarında apardığı yeni islahatlar və onu gücləndirmə cəhdləri, gələcəkdə danışıqlar prosesinə birbaşa öz mənfi təsirini göstərəcək. Əgər Rusiya istəsə ermənilər cəbhədə heç bir təxribat törədə bilməzlər".
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlar çoxşaxəli xarakter almağa başlayıb. Polkovnik bildirib ki, Ermənistana məxsus zenit-raket qurğusunun təmas xəttində yerləşməsi xoşagəlməz bir faktordur: "Əlbəttə ki, erməni tərəfinin əsas məqsədi birinci növbədə hava sahəsinə nəzarət etmək və Azərbaycanın uçan aparatlarını məhv etmək idi. Bilirsiz ki, bu yaxınlarda həmin kompleksin iki raketi Azərbaycan ərazisinə düşmüşdü. Müdafiə Nazirliyinin ciddi xəbərdarlığına rəğmən, ermənilər bu dəfə zenit-raket kompleksini təmas xəttində yerləşdirdi. Ancaq Azərbaycan Ordusu dərhal bu təxribatın qarşısını aldı. Rəsmi Bakı bununla İrəvana göstərdi ki, bu tipli təxribatların qarşısı dərhal alınacaq və bunun üçün Azərbaycanın lazımı müasir silah-sursatı var. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı təmas xəttində gərginliyin artması, cəbhədə ermənilər tərəfdən hər hansı bir təxribatın gedişi ilə əlaqədar bir neçə dəfə Ermənistana öz xəbədarlığını edib. Eyni zamanda, Müdafiə Nazirliyinin də Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı bir texnikanın yerləşdirilməsi ilə bağlı təhlükənin qarşısını alınacağına dair tapşırığı var. Ermənistana məxsus OSA zenit-raket kompleksinin məhvi bir tərəfdən də praktiki şəkildə ordudakı müasir silahların gücünü və Azərbaycan Silahlı Qüvvələrindəki hərbiçilərin yüksək peşəkarlığını ortaya qoydu".
Son günlər Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini genişləndirib. Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistana məxsus "OSA" zenit-raket kompleksinin hərbi qulluqçuları hava məkanını nəzarətə götürməyə cəhd göstərib. Azərbaycan Ordusu erməni təxribatını zərərsizləşdirib.
Hərbi ekspert Üzeyir Cəfərov isə vurğuladı ki, ermənilərdən konsturktiv addım gözləmək olmaz. Onun sözlərinə görə, son günlər ermənilər cəbhədə təxribatların sayını artırıblar: "Amma Azərbaycan Müdafiə Nazirliyi də ermənilərə layiqli cavbab verir. Müdafiə naziri şəxsi heyətə birmənalı olaraq göstəriş verib ki, Azərbaycan silahlı qüvvələrinin fəaliyyətinə mane ola biləcək istənilən təxribat hərəkəti dərhal yerindəcə cavablandırılmalıdır.
Azərbaycan ön xəttdə pilotsuz uçan aparatlardan, o cümlədən, gündəlik fəaliyyətində, təlimlər zamanı və ya döyüş tapşırıqları ilə bağlı avadanlıqlardan istifadə edir. "OSA" zenit-raket kompleksi hərbi qulluqçularının hava məkanını nəzarətə götürməyə cəhdi təbii ki, sıradan çıxarılmalı idi. Buna görə də dərhal şəxsi heyətlə bir yerdə kompleksin məhv olunması ilə bağlı göstəriş verildi və əsgərlərimizin ustalığı sayəsində həmin avadanlıq məhv edildi. İstənilən halda erməni təxribatlarının qarşısı alınır".

Əli