Həmsədrlər gəldikləri kimi də gedəcəklər... Layihə

Həmsədrlər gəldikləri kimi də gedəcəklər...

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəliblər.
ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ) Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçiriblər. Görüşlərdə qoşunların təmas xəttindəki vəziyyət, gərginliyin azaldılmasının, həmçinin danışıqlar prosesinin aktivləşdirilməsi və sonrakı addımların təmin olunması üzrə məsələlər müzakirə edilib.
Xatırladaq ki, oktyabrın 29-da vasitəçilər Ermənistanda görüşlər keçiriblər.
Həmsədrlər oktyabrın 31-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ağdam rayonu istiqamətində monitorinqdə iştirak ediblər.
Milli Məclisin deputatı Azər Badamov həmsədrlərin regiona səfərinə münasibətini bildirərkən deyib ki, ATƏT-in Minsk qrupunun missiyası sülh yolu ilə Dağlıq Qarabağ münaqişəsini həll etmək və bu prosesə töhfə verməkdir:"Lakin mən onların hazırkı fəaliyyəti ilə yaxın müddətdə münaqişənin həlli istiqamətində müsbət dəyişikliklərin olacağını gözləmirəm". Deputat bildirib ki, həmsədrlərin budəfəki səfəri də onların vəziyyətlə yenidən tanış olması və şablon bəyanatla yekunlaşacaq.
Onun sözlərinə görə, həmsədrlərin problemin həlli istiqamətində müsbət dəyişiklik edəcək, yeniliklər gətirəcəyinə inanmaq çox çətindir: " Əgər onlar belə bir addım atmaq istəsəydilər, indiyədək atar və münaqişənin həlli istiqamətində fəaliyyət ortaya qoya bilərdilər. Amma çox təəssüf ki, 1993-cü ildən problemin həllinə vasitəçilik edən Minsk qrupu ötən 25 il müddətində bu istiqamətdə heç bir müsbət fəaliyyət ortaya qoya bilməyib".
Son dövrlərdə ABŞ-ın problemin həlli istiqamətində Azərbaycanın maraqlarına uyğun şəkildə mövqe sərgiləməsinə toxunan A.Badamov qeyd edib ki, bu gün Azərbaycanın dünyada beynəlxalq mövqeləri möhkəmlənir, ölkəmiz nəinki ABŞ, Avropa və ümumilikdə bütün dünya üçün önəmli ölkəyə çevrilir: "Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ABŞ kimi aparıcı bir dövlətin də mövqeyi dəyişilir ki, bu da nəticə etibarı ilə məsələnin həllinə təsir edə bilər. Biz bilirik ki, DQ-ın həlli təkcə ABŞ-ın deyil, digər dövlətlərin də burada təsir gücü var. Tezliklə nəyəsə nail olacağını düşünməsəm də, prosesdə müəyyən qədər dəyişiklik olacağı gözləniləndir".
Politoloq Nəzakət Məmmədova isə bildirib ki, iyirmi ildən çoxdur Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna artıq inam qalmayıb.
Politoloq həmsədrlərə inamın itməsinin bir sıra səbəblərinin olduğunu diqqətə çatdırıb:
"Minsk qrupuna inamın olmamasının əsas səbəbi odur ki, dünyanın nüfuzlu dövlətlərinin rəhbərlik etdiyi vasitəçilər münaqişənin həllinə nail ola bilməyib. Artıq 24 ildir ki, ATƏT kimi nüfuzlu təşkilat Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə razı sala bilmir. Bu da nəinki təşkilata olan inamı azaldır, hətta beynəlxalq ədalətə, beynəlxalq hüquqa olan ümidləri heçə endirir.
Artıq Azərbaycanda çox az insan beynəlxalq siyasətdə ədalətin hökm sürməsinə nikbin yaraşır. Çünki insanlar münaqişənin həll olmadığını, işğalçıya layiq olduğu qiymətin verilmədiyini görüb haqlı olaraq bu cür düşünürlər".
Nəzakət Məmmədovanın sözlərinə görə, həmsədr ölkələr münaqişənin həllində yekdil rəyə gələ bilmirlər: "Bu da həmsədrlik institutunun özünü doğrultmadığını göstərir. Buna onların regiondakı milli maraqları, öz aralarında olan ziddiyyət, eyni zamanda işğalçı ilə olan ikitərəfli münasibətləri mane olur. Nə qədər ki, beynəlxalq münaqişələrə yanaşmada beynəlxalq hüquq, ədalət yox, böyük dövlətlərin maraqları əsas götürüləcək, nə BMT, nə ATƏT, nə digər mötəbər təşkilatlar və onların təsis etdiyi qruplar danışıqlar prosesində irəliləyişə nail ola bilməyəcəklər".
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, ATƏT-in Minsk Qrupu və həmsədrlər 20 ildən çoxdur turistik səfərlərlə məşğuldurlar.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olan həmsədrlik institutu bu illər ərzində səmərəsiz fəaliyyətlə yadda qalıb:
"Polşalı Anjey Kaspşik ölkəsinin XİN sisteminə qayıtmır ki, ATƏT-in bölgədəki təmsilçisi kimi yaxşı maaş alır, bu illərdə əldə etdiyi gəlir hesabına bir neçə villa alıb. Bu məlumatı Polşadakı diplomatik mənbələrdən əldə etmişəm.
Yəni bizim faciəmiz üzərində varidatını artırır, heç bir iş də görmür, o birilər də elə. Ona görə də danışıqları vasitəçisiz birbaşa qarşı tərəfin təmsilçiləri ilə davam etdirmək lazımdır. Əlbəttə, bu o demək deyil ki, nəticə olacaq. Ancaq heç olmazsa bilərik ki, bizim dərdimiz üzərində böyük dövlətlər manipulyasiya ilə məşğul deyillər.
Danışıqları birbaşa işğalçı ilə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət onun üzərində qalsın. Yoxsa həmsədlər gedirlər İrəvana, oradan gəlirlər Xankındiyə və Bakıya, ordan bura, burdan da ora xəbər aparırlar, ortada da heç nə yox".
Politoloq Fikrət Sadıqov Ermənistandakı daxili siyasi ziddiyyətlərdən bəhs edərək bildirib ki, Paşinyan hansısa addım atanda onu bilməyərəkdən atır:"O hər şeyi bilir və populist siyasətçi olduğu üçün kütləyə çalışır". Politoloq söyləyib ki, Paşinyanı kütlə seçdiyi və ona bu postu küçələrin hay-küyü qazandırdığı üçün indi o, xüsusilə də parlament seçkiləri ərəfəsində çoxlu ziddiyyətli bəyanatlar səsləndirir və bunu davam etdirəcək.
F.Sadıqov hesab edir ki, Paşinyan yalnız parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəqiq mövqeyini ortaya qoyacaq: "Hesab edirəm ki, o, seçkidən sonra problemin həlli istiqamətində düşünülmüş ifadələr ortaya qoyacaq".
Hazırda Paşinyanın hakimiyyəti ələ almaq üçün bütün vasitələrdən istifadə etdiyini dilə gətirən politoloq vurğulayıb ki, bütün vasitələrə əl atır: "O gah danışıqlara separatçı rejimin cəlb edilməsini, gah danışıqların aparılmadığını, gah da ölkəmizin başçısı ilə görüşdüyünü və müsbət söhbətin baş tutduğunu deyir. Təbii ki, bütün bunlar bir-birinə ziddiyyət təşkil edir. Amma söylədiyim kimi bütün bunların arxasında hakimiyyətə gəlmək məqsədi dayanır".
F. Sadıqov qeyd edib ki, lakin Paşinyan bilməlidir ki, danışıqlara getmək Ermənistan üçün daha maraqlı olmalıdır, nəinki Azərbaycana: "Çünki, biz artıq gücümüzü nümayiş etdirmişik və niyyətimizdən də heç zaman imtina etməyəcəyik. Azərbaycan öz mövqeyini ortaya qoyaraq dəfələrlə bəyan edib ki, biz sülh tərəfdarıyıq amma lazım olduğu təqdirdə gücümüzü nümayiş etdirməyə hər zaman hazırıq".
Yeri gəlmişkən, bu gün Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin imzaladıqları "Moskva bəyannaməsi"nin 10 ili tamam olur. Qeyd edək ki, həmin sənədi imzalayan sabiq prezident S.Sarkisyan (sabiq dövlət başçısı R.Köçəryanla birlikdə "Xocalı faciəsi"nin təşkilatçısı) bir müddət sonra, yəni 2009-cu ilin fevralında "Böyük Ermənistan" uğrunda mübarizəsini davam etdirəcəyinə dair mövqeyini təkrarladı. Digər tərəfdən isə, o, Bəyannaməni imzalamaqla DQ məsələsində Azərbaycana güzəştə getməkdə təqsirləndirildi. "Vətən xaini" hesab edilən S.Sarkisyana "sui-qəsd şousu" da təşkil olundu. Bəzi ekspertlər Moskva danışıqlarından dərhal sonrakı davamlı atəşkəs pozulmasını ─ cəbhə zonasında erməni hərbi fəallaşmasını da bu kimi hallarla əlaqələndirirdilər. Ən çox da R.Köçəryan və ətrafının (keçmiş baş diplomat V.Oskanyanla digərlərinin), habelə"Daşnaksütyun" partiyasının "Moskva Bəyannaməsi"ndən narazı olduqları bildirilir. Münaqişənin danışıqlar yolu ilə və Minsk Qrupu çərçivəsində həllinə üstünlük verməsini müsbət cəhət kimi səciyyələndirən V.Oskanyan bu sənədin Ermənistan üçün təhlükəli olduğunu da vurğulamışdır. O, "Svoboda" radios tansiyasına açıqlamasında (XI.2008) öz mövqeyini bunlarla izah etmişdir: güc tətbiqinin yol verilməzliyinin sənəddə birmənalı bildirilməməsi; münaqişənin beynəlxalq hüquq prinsipləri, əvvəllər qəbul edilən sənədlər və qərarlar əsasında nizamlanmasının vacibliyinin orada ifadə olunması və Azərbaycanın da bundan hökmən faydalanacağı. Daşnak liderlərindən K.Manoyan "Qarabağ Bəyannaməsi"nin Rusiyanın regiondakı təsiri və rolunun gücləndirilməsinə yönəldiyini bəyan edib. O, DQ ətrafındakı ərazilərin qaytarılmasını da ehtiva edən "Madrid prinsipləri"nin bu Bəyannamədə nəzərə alınmasını xatırladaraq bölgə ermənilərinin mövqeyinə önəm verilməsini istəmişdi.
"Moskvanın başlatdığı münaqişə "Moskva Bəyannaməsi" ilə də qurtaracaqmı?" kimi tarixi-ritorik sualla Rusiyanın özünün siyasi dairələrində, elmi mərkəzlərində müxtəlif yönlərdən dəyərləndirilib.

Cavid