“Danışıqlar üçün şərtlərin irəli sürülməsi yolverilməzdir” Layihə

“Danışıqlar üçün şərtlərin irəli sürülməsi yolverilməzdir”

"Ermənistanın baş naziri Nikol Paşinyanın "Euractiv" nəşrinə martın 4-də verdiyi müsahibədə səsləndirdiyi fikirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə aparılan danışıqlar prosesinin formatına və məğzinə tamamilə ziddir".
Bu fikir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin EurActiv-də müəllifi olduğu yazısındandır.
Müəllif Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ilin sentyabrında Düşənbədə bir araya gəldiyini qeyd edib. Məhz Azərbaycan həmin görüşdən sonra danışıqlar prosesinin irəliləməsi üçün konstruktiv və cəsarətli addımlar atıb. Bir müddət sonra 2 lider MDB Dövlət Başçıları Şurasının Sankt-Peterburqda təşkil olunmuş qeyri-formal iclası əsnasında, davamında isə Davosda görüşüblər. Ermənistanın baş naziri isə bunları hətta görüş adlandırmaqdan belə, çəkinir və onları qeyri-formal ünsiyyət kimi təqdim edir.
Danışıqlar prosesindəki ümüdverici dinamizm Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə təşkil edilmiş 4 görüşlə də müşayiət olunub. Üstəlik, nəticənin əldə edilməsinə istiqamətlənmiş substantiv və intensiv dialoq istər həmsədrlər, istərsə də beynəlxalq ictimaiyyətdə müəyyən nikbinlik yaradıb. Lakin Paşinyan bu nikbinliyə müsbət reaksiya verməkdənsə, Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni yaradılmış marionet rejimin danışıqlar prosesinə cəlb edilməsinə dair reallıqdan uzaq bəyanatlar verir. Ermənistan tərəfi belə yanaşma ilə danışıqlar prosesini iflic etməyi və dayandırmağı düşünür.
N.Paşinyan deyir ki, o, Qarabağda yaşayan ermənilərin adından danışa bilməz. Amma baş nazir əsas suala cavab verə bilmir: Ermənistan silahlı qüvvələri Azərbaycanın suveren ərazisində nə gəzir? Cavab aydındır. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu qeyri-qanuni, gücdən istifadə etməklə, BMT Nizamnaməsini yolverilməz şəkildə pozmaqla işğal etdiyi hər kəsə bəllidir. Bununla yanaşı, ermənilər 1 milyondan artıq mülki azərbaycanlıya qarşı etnik təmizləmə aparıb. Həmin insanlar bu gün də qaçqın və məcburi köçkün şəraitində yaşayır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı, erməni ordusunun işğal altındakı ərazilərdə mövcudiyyəti göstərir ki, Yerevan bu münaqişədə hüquqi, siyasi və mənəvi baxımdan tərəf kimi məsuliyyət daşıyır. Odur ki, Ermənistan hökuməti söz oynu oynamaqla, bu böyük məsuliyyətdən boyun qaçıra bilməz!
İşğalçılar çox zaman hər hansı ölkə ərazisinin zorla ələ keçirildiyini işğal altındakı bölgədə marionet rejimin yaradılması ilə gizlətməyə çalışır. Qondarma "Dağlıq Qarabağ Respublikası" da bu siyasətin və təcrübənin aşkar nümunəsidir.
Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qərarı Ermənistanın məsuliyyətdən boyun qaçırmasına effektli şəkildə son qoyub. Məhkəmənin qərarında deyilir ki, ""DQR" və onun administrasiyası Ermənistan tərəfindən verilən hərbi, siyasi, maliyyə və digər dəstək sayəsində yaşayır. Nəticə etibarilə, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirir".
Paşinyan kabinetinin üzvü, Ermənistanın milli təhlükəsizlik naziri bu yaxınlarda ölkəsinin işğal altındakı Azərbaycan ərazilərində həyata keçirdiyi anneksiya siyasətini etiraf edib. O, işğal altındakı ərazilərə əhalinin köçürülməsi təcrübəsinə bəraət qazandırıb və həmin ərazilərinin bir qarışının da geri qaytarılmayacağını bəyan edib.
N.Paşinyanın müsahibəsində başqa ziddiyyətli fikir də var. O, bir tərəfdən BMT baş katibinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatını alqışlayır, digər yandan, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi 4 qətnamədən danışmır. Halbuki, Yerevan BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinə hələ də əməl etmir. Həmin sənədlərdə Azərbaycanın işğal altındakı ərazilərindəki bütün hərbi birləşmələrin oradan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur.
Ermənistan rəhbərliyinin bir tərəfdən ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini deməsi, digər yandan isə danışıqlar formatının dəyişdirilməsinə çağırışla, əslində qurumun işinə mane olması paradoksdur.
ATƏT-in Minsk qrupunun yaxşı institusional yaddaşı formalaşıb. 1992-ci ildə Helsinkidə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistanla Azərbaycan münaqişə edən tərəflər, nəticə etibarı ilə Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icması isə münaqişədə maraqlı tərəflər kimi qəbul edilib.
Dağlıq Qarabağ regionunda yaşamış azərbaycanlı icmaya qarşı etnik təmizləmə həyata keçirilib. Odur ki, bu şəraitdə Ermənistanın Dağlıq Qarabağ regionunda yaşayan erməni icmasına xüsusi hüquqlar tələb etməsi, bununla bağlı əsassız cəhdləri insan hüquqlarının ruhuna və prinsiplərinə ziddir. Çünki bu ölkə Dağlıq Qarabağın 80 mindən çox azərbaycanlı icmasının mövcudluğunu inkar etməyə çalışır və iki icma arasında dialoqun qurulmasına imkan vermir.
Yeri gəlmişkən, Azərbaycan Avropa İttifaqının (Aİ) yüksək rütbəli rəsmilərinin Paşinyanla birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri dəstəkləyir. Onların da dediyi kimi, Dağlıq Qarabağ münaqişəsilə bağlı status-kvo qəbuledilməzdir və o, dəyişməlidir.
Beləliklə, danışıqlar üçün şərtlərin irəli sürülməsi yolverilməzdir. Yeni formatın yaradılmasına ehtiyac yoxdur və danışıqlar mövcud, razılaşdırılmış format çərçivəsində aparılmalıdır. Danışıqların davamiyyəti, danışıqlar prosesinə bağlılıq qorunmalıdır. Bu, beynəlxalq birliyin də yekdil rəyidir. Odur ki, Ermənistana lazımi siyasi-diplomatik mesajlar verilməlidir. Yerevan, nəhayət, başa düşməlidir ki, eyforiya dövrü başa çatıb. "Küçə populizmi" kifayətdir və ciddi hərəkətə keçməyin vaxtıdır.
Bu arada, Aİ-nin maliyyə dəstəyilə hazırlanmış hesabatda bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli nəticəsində hər iki ölkə iqtisadi dividentlər qazanacaq. Bakı bu hesabatın ideyasını və fəlsəfəsini bölüşür. Dağlıq Qarabağ münaqişəsi həll edilmədən, Ermənistanın iqtisadi inkişafı mümkün deyil. Problemin həllində irəliləyiş üçün isə Ermənistan Azərbaycanın işğal altındakı ərazilərindən bütün hərbi birləşmələrini çıxarmalı, qonşuları ilə sivil münasibətlər qurmalıdır. Regionda ehtiyac duyulan ədalətli sülh yalnız bundan sonra təmin edilə bilər. Əks təqdirdə, Ermənistandakı siyasi, iqtisadi, demoqrafik böhran, onun özünün özünə yaratdığı təcrid daha da dərinləşəcək.
Qayane Xaçaturyan isə 168hours-da (Ermənistan) yazıb ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində əsas tezisi "Qarabağ hakimiyyəti"ni danışıqlar masası arxasına qaytarmaq olub. O, bunu ilk dəfə hələ mayın 9-da Xankəndində bəyan edib.
Bunu "168 hours"a açıqlamasında Ermənistan Respublikaçılar Partiyasının (ERP) sədr müavini, Ermənistan parlamentinin xarici münasibətlər komissiyasının sabiq sədri Armen Aşotyan bildirib. "Daha sonra o, bu mesajı Brüsseldə də verib. Amma ötən dövrdə hakimiyyət münaqişənin həllinə bir addım belə, yaxınlaşmayıb. Adəti üzrə, Nikol Paşinyanın sözü əməlindən minlərlə kilometr öndə gedir", - deyə Aşotyan bildirib.
Aşotyanın fikrincə, Paşinyan bu tezisi gündəmə gətirməklə yanlışlıq edib. Çünki məsələni gündəmə gətirməzdən öncə, ilk növbədə onu ATƏT-in Minsk qrupunun həmsədrlərilə müzakirə etmək lazımdır: "Gördüyünüz kimi, Minsk qrupuna həmsədrlik edən ölkələrindən heç biri bu məsələdə Ermənistana dəstək vermir".
Aşotyan xatırladıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov vaxtilə buna qarşı olmadıqlarını, lakin məsələnin Azərbaycanla razılaşdırılmasının vacibliyini bildirib: "Odur ki, Paşinyan Qarabağ ermənilərinin danışıqlar masası arxasına qaytarılması məsələsində Rusiyaya ümid ola bilməz".
Eyni şey Avropaya da aiddir: "Paşinyan bu dəfə Brüsseldən və üstəlik, iki mesaj alıb. Birincisi, Federika Moqerini "danışıqlar prosesinin ön şərt irəli sürmədən davam etdirilməli olduğunu" bildirib. Donald Tusk və Yohannes Han isə "danışıqlar formatının qorunmasının vacibliyini" bəyan ediblər. Bütün bunları nəzərə alaraq, əminliklə söyləmək olar ki, qarşıdan gələn Paşinyan-Əliyev görüşü çox vacib və son dərəcə ağır olacaq. Çünki Nikol Paşinyanın əvvəl də söylədiyi kimi, bu da gündəmsiz görüş olacaq. Halbuki, o, Brüsseldəki bəyanatında danışıqlar formatının dəyişdirilməsi məsələsini gündəmə gətirəcəyini söyləmişdi".
İndi, vacib olan odur ki, Paşinyan verdiyi vədləri yerinə yetirmək istiqamətində addımlar atsın. Amma daha da önəmlisi, çalışmaq lazımdır ki, Minsk qrupu çərçivəsində aparılan danışıqların Ermənistanın ucbatından iflic olduğu fikri yaranmasın. Bu halda beynəlxalq ictimaiyyətin bir hissəsi Azərbaycanın mümkün hərbi əməliyyatlarına haqq qazandıra bilər: "Bu halda onlar sülh danışıqların dalana dirənməsi və ya uğursuzluğa düçar olmasının günahını Ermənistanın üzərinə ata bilərlər".
Armen Aşotyan deyir ki, bütün bu təhlükələr əvvəldən proqnozlaşdırılırmış: "ERP nümayəndələri əvvəldən deyirdilər ki, Azərbaycan rəhbərliyi ilə görüşlərdə Qarabağ ermənilərinin danışıqlar masası ətrafına qaytarılması ilə yanaşı, Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilmiş razılaşmaların icra olunmasının vacibliyi məsələsi də qaldırılmalıdır. Bunun əvəzində, Paşinyanın əldə etdiyi nailiyyət sadəcə, Düşənbə görüşündə İlham Əliyevdən atəşkəsi pozmayacağı haqda aldığı şifahi vəddir".
"Əgər beynəlxalq ictimaiyyətdə belə təsəvvür yaransa ki, Qarabağ münaqişəsinin həlinə dair danışıqların uğursuzluğa düçar olmasının günahkarı Ermənistandır, onda İlham Əliyev qısa vaxtda bu şifahi vədini şifahi göstərişlə əvəzləyə bilər", - deyə A.Aşotyan bildirib.


Cavid