İrəvan Türkmənçay müqaviləsindən sonra - 3-cü yazı  Layihə

İrəvan Türkmənçay müqaviləsindən sonra - 3-cü yazı 

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında daha sonar bildirilir ki, “İrəvana qədər bütün yolboyu kəndlər idi. Buralarda boş yer yox idi. Əkin yerləri çaylar vasitəsilə suvarıldığından kəndlər abad görünürdü. Günün batmasına bir saat yarım qalmış İrəvan şəhərinə çatdıq. Bizi qarşılamağa xeyli adam gəlmişdi. Pənah xan İrəvani adlı bəstəboy, kök, 46-47 yaşlı və İrəvanda çox hörməti olan bir kişi İrəvan süvarilərini bizimlə görüşə gətirmişdi, onun əlində İran bayrağı da var idi. Xanla bir qədər söhbət edib, şəhərə daxil olduq.
İrəvan şəhəri dərənin içində yerləşir. Burada ilk dəfə ağ akasiyanın gülünü gördük. Dünən keçdiyimiz bölüklərdə isə iydə gülü çox idi. Həmin güllər faytonumuzu və fəzanı ətrə bürümüşdü. Dəvəli və Qəmərli arasında Rusiyanın rəiyyəti olan Kürdək əyaləti yerləşir. Türnükənddə, Əzizanlıda, Gümrüdə, Buralanda bürdqanlılar yaşayır. Onlar özləri min evdən ibarət olduqlarını desələr də, başçıları 500 ev olduqlarını bildirdi. Buralar onların qışlaqlarıdır, yaylaqları isə Akrıcada, Saraclı yüksəkliyində Araza qovuşan Qarasu çayının kənarında yerləşir. Bunların birinin başçısı Fətəli ağa, digərinin başçısı Fətəli ağanın xoşagəlimli, suyuşirin gənc oğlu idi. Rusların məhəlləsində Avropa standartlarına uyğun evlər, binalar tikilmişdi. Bütövlükdə 18 min əhalisi var. İki gözəl plakat hazırlanmışdı və bizim adlarımızı yazmışdılar. İrəvanın başçılardan, döyüşçülərdən, vəzifə sahiblərindən ibarət bütün əhalisi, istər müsəlman, istər rus olsun, İrəvana tam hazır vəziyyətdə gəlmişdilər. Üç yüz-dörd yüz erməni əsgəri də (ermənilərdən təzəcə əsgər yığırdılar və onların komandirləri ruslar idi) sıraya düzülmüşdü. Bizi qarşılamağa gələnlərə çatıb, atdan düşdüm. Ev sahibi, əminüs-sültan və digərləri də gəlib çatdılar. Gəlib otağın qapısında dayandıq, bütün camaata minnətdarlıq etdik. Əsgərlər də bizim qarşımızdan keçdilər və bundan sonra hökumət binasına daxil olduq. Bina çox gözəl idi. Bu bizim əvvəl gördüyümüz bina idi, amma çox yaxşı təmir olunmuşdu, xeyli gözəlləşmişdi. Şam etdik və şamdan sonra da ev sahibi və vəzifə sahibləri gəldilər. Atəşfəşanlıq başlamışdı. Bayıra çıxdıq. Bütün pilləkənlərin üstündə adamlar dayanmışdı. Onlar atəşfəşanlıq edirdilər. Camaatın əksəriyyəti fransız, erməni və digər qadınlardan ibarət idi. Kişilər ayaq üstə idilər. Atəşfəşanlıq və qonaqpərvərlik gəldiyimiz gündən son gecəyədək davam etdi. Buranın bütün evlərində Təbriz xalçası və Təbriz kilimləri var idi. Hətta otaqların pərdələri də xalçadan idi.
Bu iki gündə gördüyümüz bütün kəndlərdə mal-qoyun sürülərinin otlaması üçün heç yerdə görmədiyimiz çoxlu çəmənlik və otlaqlar var idi. Burada müxtəlif növ qaramal, çoxlu yük eşşəyi, madyan, camış gördük. İnəklər, camış balası, dəvə bir yerdə otlayırdı.
Buranın mötəbər generallarından biri bizi qarşılamağa gələn Kemişov idi... Bizim gəlişimizdən sonra hava tutuldu, qısa ildırım və göy gurultusundan sonra gur yağış yağdı. Xeyli müddət idi ki, İrəvana yağış yağmırdı, camaat bunu bizim ayağımızın sayalı olması ilə əlaqələndirdi.
Ramazan ayının 13-ü, çərşənbə axşamı günü Dilicana getməliyik. Yolun uzunluğu 14 fərsəngdir. Sübh namazına 1 saat qalmış yuxudan oyandıq. Hacı Heydər saqqalını təraş eləyib gəldi... Biz də əvvəlki qayda üzrə faytonlara oturduq və yola düşdük. Maşallah, Əziz sultanımızın da üzü və əhvalı əla idi. Bu yol haqqında əvvəlki səfərimizdə müfəssəl yazmışdım. Bu səfərdə yalnız təzə bir şey görəcəyimiz halda yazacağam. Əvvəlki səfərimizdə gördüyüm İrəvan çox bərbad vəziyyətdə idi, amma indi çox abadlaşmışdı. Çox yaraşıqlı evlər, çoxsaylı məscid və mədrəsələr tikilmişdi. Küçələrdən çox sürətlə keçib, İrəvan şəhərinin yaxşı göründüyü bir yüksəkliyə çatdıq və sonuncu dəfə Ağrı dağını görüb, oradan ötüb keçdik.
Nəsrəddin şah Avropadan geri qayıdarkən xüsusi həkimi fransalı Fövriyyə də onunla olub. O, yol qeydlərində İrəvan şəhərini belə xatırlayıb: "Biz səfərə çıxanlar öz fayton yoldaşlarımızla Ararat, Nuh və onun gəmisindən danışdığımız zaman gözlərimizin qarşısından bu quru və hündür yerlər üçün qeyri-adi görünən gözəl vahələr keçir. Bir hissəsi böyük meyvə ağacları və barsız ağaclar arxasında qalan, aralarından yüz minlərlə xüsusi parıltıya malik şəffaf arxlar axan evlər görünür. Ola bilsin ki, bu, şair Pirdəvinin təsvir etdiyi həmin yerdir: "Bu yerdəki körpə ağaclar birbaşa ali əcdadımız Nuhun əkdiyi lətif qönçələrdəndir".
Həzrəti Nuh bu otun şirəsindən içdi və bununla da həmin qiymətli ot əbədiyyət qazanıb bizim günlərə qədər yaşadı. Gərək onun oğlu Samın səsinə minnətdar olaq. Bu cür fikirlərlə İrəvan şəhərinə çatdıq və ovcumuzun içindəki şəhər sıx bağlar içərisində olduğundan oraya daxil olanadək onu görə bilməmişdik.
Saat yeddiyə yaxın idi, Araratın zirvəsi bütün əzəməti ilə görünürdü. Günəşin son şüaları dağın başında oynadığından və dağın aşağı hissəsinə kölgə düşdüyündən xüsusi mənzərə yaranmışdı. Göyçəgöl dəryaçasının yanından yol aşağı enməyə başladı. Biz min metrlik yüksəklikdə olsaq da, 4200 metr yüksəkliyə malik olan Ararat yenə bizi heyran etməkdəydi.
11 sentyabr - hicri qəməri 1307-ci ilin məhərrəm ayının 15-i.

* * *

Şah Eçmiədzinin böyük xəlifəsi ilə görüşmək istəyirdi. Biz saat on tamamda hərəkət etməyə başladıq. Çünki şah günorta vaxtı erməni keşişi ilə görüşməli idi. Yerli könüllü əsgərlərin hamısına hərbi mühafizə məqsədi ilə əlahəzrətlə birgə hərəkət etmək tapşırığı verilmişdi. Briqada generalı Bekolmışov bu qrupa rəhbərlik etməli olan Gürcüstan çarının nəvəsini mənə təqdim etdi.
Bu hərbi qrup fəxri qarovul vəzifəsini yerinə yetirməkdən başqa, həm də bizim təhlükəsizliyimizi qoruyurdu. Çünki yollarda qaçaq və yolkəsənlər var idi. Tatar və qeyri-millətlərdən olan bu adamlar çox təhlükəli idilər. Yolkəsənlərdən birinin adı Kərəm idi. O, bu yerlərdə çox məşhurdur və rus hərbçilərinə qarşı mübarizə aparır.
Kərəm rus hərbçiləri ilə son döyüşlərin birində yaralanmış və Maku hakimi Teymur ağanın yanına qaçmışdı. Ruslar onu ələ keçirmək üçün Teymur ağaya nə qədər təkid etsələr də, Teymur ağa onu təhvil vermir. Kərəm daha çox İrəvan hakimi ilə düşmənçik edir, tez- tez ona məktub göndərərək özünü onun yadına salır, vəziyyəti barədə məlumat verir və bildirir ki, yaxşılaşan kimi onun (yəni İrəvan hakiminin) hüzuruna gəlib, başına bir güllə sıxacaq və intiqamını alacaq…
Səhər saat 10-da biz faytona mindik, Zəngi körpüsündən keçib, şəhərdən çıxdıq. Körpüyə gedən yolun üstündə İrəvan sərdarlarının qəsri ucalır, onun qonşuluğundakı məhəllə hündür və boz divarlarla əhatə olunurdu.
...Getdiyimiz yolla saat 4 radələrində İrəvana qayıtdıq, hava qaralana qədər şəhərin görməli yerlərini gəzdik. Əvvəlcə sərdarlar qəsrinin qarşısında dayandıq. Hər yerdə müsəlman mədəniyyətinin izləri görünürdü və indi dağılmış qəsr həmin mədəniyyətin ən gözəl nümunələrindən biri idi. Minalı və açıq mavi rəngli kaşılarla bəzədilmiş zal, geniş qapılar, müxtəlif rəngli şüşələri olan açılan pəncərələr, divara, sütünlara, tavana vurulmuş kiçik aynaların ətraflarında zərgərcəsinə işlənmiş ornamentlər, gül və buta şəkilləri bu gün İrəvanda sərdarlar qəsrinin abadlıq dövrünün şahidi hesab oluna bilər.
Onun indiki mənzərəsi də diqqətdən kənar qala bilməz. Tağlı şəkildə tikilmiş köhnə körpü ilə Zəngi çayı ayağımızın altından axır. Bir qədər uzaqda şəhər bağları, ondan o tərəfdə isə geniş çöllər görünür. Araratın zirvəsi də üfüqdən aydın nəzərə çarpır. Şəhərin qədim tikilisi məsciddir, adı çəkilən qəsr kimi onlar da xarabazarlığa çevrilib. Yalnız onun günbəzi nisbətən salamat qalmışdır. Məscidin daxili və xarici parlaq rəngli kaşılardandır. Həmin kaşılardan bəziləri qopub və onların sınıqları hər tərəfə səpələnib.
Şəhərdə daha yaxşı qalmış başqa bir məscid də gördük, müsəlmanlar orada namaz qılır. Onun inşaat üslubu da əvvəlki məscidin inşaat üslubuna oxşayır. Əvvəlki qayda üzrə burada da rəngbərəng kaşılardan istifadə olunub. Lakin bu məsciddə tünd mavi rəng digər rənglərdən çoxdur. Onların üzərində qızılı rənglə Quran ayələri yazılıb. İrəvan bazarı Tiflis bazarına oxşayır. Yəqin ki, qabaqda görəcəyimiz digər bazarlar da belə olacaq. Tikintilərin quruluşu və satış qaydaları gördüklərimizdən çox da fərqlənməyəcək.
Hava qaranlaşdığından gəzintini dayandırıb, bir o qədər də çox adam olmayan meydan yolundan şəhərin yeni məhəlləsindəki, yəni rus məhəlləsindəki iqamətgahımıza qayıtdıq. Beləliklə, çox şeylərin şahidi olduğumuz gündüz gəzintisinə son verdik".

* * *

Bu illərdə hələ Daşnaksütyun partiyası təşkil olunmamış, ifrat erməni iddiaları qarşıdurmalara səbəb olmamışdı. Arazın o biri sahilində və İrəvan şəhərində yaşayan millətlər, o cümlədən müsəlmanlar və ermənilər dinc şəraitdə yaşayırdılar. Üstəlik, İran mühacirlərinin çoxu həmin şəhərlərdə işləyirdilər.
Mirzə Həsən Rüşdiyyə Təbrizi yeni üsullu məktəbi ilk dəfə İrəvan şəhərində təsis etdi. Fəxrəddin Rüşdiyyə bu barədə yazır: "Rüşdiyyə yeni üsulla əlifbanın təlim edilməsinin metod və üslubunu tam müəyyənləşdirdikdən sonra əvvəlcə İrəvana getdi və hicri-qəməri tarixi ilə 1301-ci ildə ögey qardaşı Hacı Axundun köməyi ilə Qafqazın zadəgan müsəlmanları üçün yeni üsullu mədrəsəni (ibtidai məktəb) təsis etdi. Onun öz kəşfi olan bu üsulla (fonetik əlifba) tədrisə başladı. "Vətən dili" kitabını türkcə öz üsulu ilə tədris edərək, 60 saat ərzində ibtidai sinif şagirdlərinə oxumağı və yazmağı öyrətməyə nail oldu. İrəvan müsəlmanları onu ləyaqətlə qəbul etdilər və mədrəsənin şagirdləri günbəgün artırdı. Bu mədrəsə dörd il müddətində onun nəzarət və rəhbərliyi altında fəaliyyət göstərdi.
"Vətən dili" kitabı ta 1917-1918-ci ilə qədər Qafqaz və Türküstanın məktəblərində ibtidai sinif vəsaiti kimi tədris olundu. Rüşdiyyə bu 4 il ərzində tədrisdə böyük təcrübə əldə etdi".
Nəsrəddin şah Qacar Avropadan qayıdarkən İrəvandakı bu mədrəsəyə baş çəkdi və onu bəyəndi. Bu görüşdən sonra Mirzə Həsən Rüşdiyyə Təbrizdə yeni üsullu mədrəsə təsis etmək üçün Nəsrəddin şahla birgə Vətənə qayıtmaq icazəsi aldı və öz yurduna qayıtdıqdan sonra Təbrizin Şeşgilan məhəlləsində ilk mədrəsəni yaratdı.

Elçin Qaliboğlu