KİV-də kriminal xəbərlər necə verilməlidir? Layihə

KİV-də kriminal xəbərlər necə verilməlidir?

Ələsgər Məmmədli: "Sıradan olan hər ölüm hadisəsini xəbərə çevirmək düzgün deyil"
Elnur Rüstəmov: "Burada daha çox əziyyət çəkənlər tamaşaçılar və oxuculardır"
Xəqani Səfəroğlu: "Problemin qarşısını qadağa ilə yox, peşəkarlıqla almaq olar"

Dəflərlə müzakirə olunsa da bu gün Azərbaycan mətbuatında zorakılığı təbliğ edən xəbərlərlə bağlı problem aktuallığını saxlayır. Zorakı hadisələr, amansız qətllər və bu səpkili digər kriminal xəbərlərin sosial mediada və KİV-də işıqlandırılması məqsədəuyğun hesab edilmir. Bir sıra ekspertlər bunun cəmiyyətə mənfi təsiri oluduğunu önə çəkirlər.
Xəbərlərin mahiyyətinin fərqli olduğunu bildirən media eksperti Ələsgər Məmmədli hesab edir ki, hər hansı bir əsgərin zorakılığa məruz qalması və ya öldürülmə faktı, xüsusilə komandir-əsgər münasibətindən doğan ölüm səbəbi varsa, bu, ictimai əhəmiyyət daşıyır və bu cür xəbərlərdən cəmiyyət xəbər tutmalıdır: "Ancaq davamlı olaraq hər hansı bir sayt yalnız ölüm xəbərlərini paylaşırsa bu, cəmiyyətdəki real vəziyyəti əks etdirə bilməz. Normalda hər on min və ya yüz min nəfərə ölüm sayı bir nəfərdirsə, xəbərlərdə bu, bəzən 3-5 faizə gəlib çatırsa, demək burada disbalans var. Nəticə etibarı ilə biz elə etməliyik ki, bu xəbərlər cəmiyyətdəki bütün informasiyaları əhatə edən xəbərlər kateqoriyasında olsun və ictimai əhəmiyyət daşısın. O xəbərlər ictimai əhəmiyyət daşıyır ki, orada ya ölüm səbəbləri mübahisəlidir, ya ölümə təhrik və təşviq edilən məqamlarda kimlərsə suçludur. Bunlar hadisə kimi də önəm daşıyır".
Ekspertin fikrincə, sıradan olan hər ölüm hadisəsini xəbərə çevirmək düzgün deyil. Belə ki, bir çox insanlar bu tip xəbərləri oxuduğu və ya seyr etdiyi zaman bəzən psixoloji təsirə düşüb həmin zəncirə qoşula bilər: "İntihar xəbərləri bəzən bu cür baş verir. Bəzi intiharların səbəbi də maraqlıdır. Məsələn, ana körpə dünyaya gətirir və dərhal intihar edir. Bunun səbəblərini tapmaq üçün ictimai diskussiya etmək lazımdır. Yəni bu hadisələrin hamısını gizlətmək olmaz. Media toplum mühəndisliyi deyil, nəyi necə verəcəyini də qabaqcadan planlaşdırıb verə bilməz. Media aktual olduğunu, ictimai əhəmiyyət daşıdığını bildiyinə görə "xəbər" deyə hər şeyi ölçərək verməlidir. Əgər media "Cəmiyyət yalnız xoşbəxt olsun, orada heç vaxt bəd xəbər olmasın" - deyərsə, öz vəzifəsini yerinə yetirə bilməz və toplum mühəndisliyinə başlamış olar".
Ekspertin fikrincə, heç bir anlam daşımayan, cəmiyyətə heç bir mesaj verməyən məqamları media özü seçməli və xəbər kimi cəmiyyətə təqdim etməməlidir. Belə ki, bu seçimdə çox şey peşəkarlıq üzərində nöqtələnir: "Media hər informasiyanı informasiya kimi təqdim edə bilirmi, yoxsa yalnız kriminallara yönəlir? Media hər məqamda diskussiya predmeti ola biləcək məqamı işıqlandıra bilmir, daha çox hüquq-mühafizə orqanlarının kriminal xronikasına yönəlir. Bu zaman kriminal xəbərlərin gündəmdəki yeri şişirdilmiş olur. Bu da ciddi şəkildə görüntü fərqliliyi yaradır. İnsanlar fərqli psixoloji duruma sahibdirlər. Hər xəbər hər insanı fərqli nəticəyə aparıb çıxarır. Bu həmçinin ölümün adi bir hadisə olması anlamına səbəb olur. Kiminsə psixoloji problemi varsa, o da əlinə bir alət götürür, ya özünə, ya da başqasına xətər yetirir. Ona görə burada medianın peşəkarlığı önəmlidir ki, gerçək dəyəri olan, ictimai diskussiya yarada bilən informasiyaları ictimaiyyətə açsın".
Psixologiya və Konsultasiya Mərkəzinin direktoru, psixoloq Elnur Rüstəmov hesab edir ki, KİV-də belə məlumatların çoxalması və çılpaq şəkildə təqdim edilməsi cəmiyyətdə zorakılığa meyilləri artırmaqla yanaşı oxucu və ya tamaşaçılarda müəyyən psixoloji xəstəliklər də yaradır: "Bəzən avtomobil qəzasında insan vəfat edir, onun ölüm prosesini və ya cəsədini yaxın planda göstərirlər. Axı onu göstərməmək də olar. Çünki ona baxan insan psixi travma alır, müxtəlif fobiyalar (qorxular) yaranır. Məsələn, ölüm qorxusu, avtomobilə minmək, yola çıxmaq, televiziyaya baxmaq, xəbər oxumaq və sair yüzlərlə belə qorxular yarana bilər. Bu məqamlara diqqət etmək lazımdır. Görünür, jurnalistikanın da müəyyən çatışmazlıqları var. Bəzən görürsən ki, elə başlıq qoyurlar ki, insan elə bilir ki, burada söhbət Azərbaycandakı hansısa hadisədən gedir. Lakin bəlli olur ki, bu tamam başqa ölkədə olub. Hələ onu da bilmək olmaz ki, o hadisə həmin ölkədə də olub ya yox. Məsələ burasıdır ki, burada daha çox əziyyət çəkənlər tamaşaçılar və oxucular, xüsusən də yeniyetmələrdir. Çünki informasiya açıqdır və hər kəs onu oxuya və ya izləyə bilər".
Psixoloqun fikrincə, belə xəbərlərin çoxalması elə zorakılığın təbliği deməkdir: "Buna şüuraltı infeksiya deyilir. İnsan zaman-zaman o yola getməyə başlayır. Zorakılıqlarla bağlı məlumatları mütəmadi yaymaqla əslində biz insanları həmin yola sürükləyirik. Bu zəhərlənmə isə günlərin birində mütləq öz acı fəsadlarını göstərir. Məsələn, rəsmi məlumatlara görə, son zamanlar Azərbaycanda ailədaxili münaqişələrin sayı artıb. Ağır cinayətlər də əsasən ailədaxili münaqişələr zamanı baş verir. Bunlar heç də təsadüfi deyil."
Ekspert hesab edir ki, vəziyyətdən çıxış yolu insanları maarifləndirməkdir, habelə zorakılıqla bağlı məlumatlar xəbər kimi təqdim edilməməlidir: "İnsanlar mümkün qədər maarifləndirilməlidir. Burada inzibati tədbirlərlə çox az şeyə nail olmaq olar. Yaxşı olardı ki, televiziyalarda gecə saatlarında kriminal xəbərlər göstərilməsin. Axı ona baxan insan sonra yatmalıdır. Bunlar nəzərə alınmalıdır. Yaxşı olardı ki, həm intihar, həm də cinayət hadisələri xəbər kimi yox, təhlil kimi, ən yaxşı halda isə kriminal xronika kimi verilsin. Daha yaxşı olardı ki, mütəxəssislərlə birgə araşdırmalar aparılsın, həmin hadisələrin hansı mühitdə və hansı səbəblərdən baş verməsi dərindən araşdırılsın və təhlil edilərək cəmiyyətə təqdim edilsin. İstər televiziyalarda, istərsə də internet portallarında hər kəs fərdi məsuliyyətini anlasa, düşünürəm ki, vəziyyət müəyyən qədər tənzimlənər."
Bütün dünyada qətl hadisələrini ən çox oxunan və baxılan xəbərlər siyahısına daxil olduğunu qeyd edən Yeni Media Jurnalistləri İctimai Birliyinin rəhbəri Xəqani Səfəroğlu hesab edir ki, kriminal xəbərlər cəmiyyətin özündən qaynaqlandığı üçün həmişə böyük marağa səbəb olur: "Bu, bir növ real hadisə olduğu üçün insanlar ona daha çox diqqət yetirirlər. Bütövlükdə baxanda ölkənin yeni mediasında, mətbuatda, elektron mediada və sosial şəbəkələrdə ilk baxışdan elə bir təəssürat yaranır ki, qətl hadisələri, intiharla bağlı xəbərlər və s. ilkin sıralarda yer alır. Bu da müəyyən narahatlıqlar doğurur". Ekspertin fikrincə, ən böyük narahatlıq kriminal xəbərlərin təsiri altında aqressiv mühitin və ovqatın formalaşmasından ibarətdir. Belə ki, bunun müəyyən amillərindən biri xəbər proporsiyasının düzgün bölünməməsidir. "Bizim ölkəmizdə bəzi xəbərlərin - sosial, siyasi müstəvidə olan xəbərlərin arxa plana keçməsi ilə bağlıdır. Nəticədə kriminal və şou xəbərlər daha üstünlük təşkil etməyə başlayır. Avropa ölkələrində, hətta Rusiyada belə kriminal xəbərlərlə bağlı xüsusi saytlar, jurnallar fəaliyyət göstərir və informasiyalar təhqiq olunur. Hadisə baş veribsə məhkəmə işi araşdırılır, şahidlərlə bağlı məqalələr yazılır, proses haqda məlumat verilir və qətlin baş verməsinin sosial aspektləri göstərilir. Həmçinin hadisə ilə bağlı maarifləndirmə xətti də üstünlük təşkil edir. Azərbaycanda isə cinayət hadisələri ilə bağlı yalnız hüquq-mühafizə orqanlarından alınan xəbərlər təqdim olunur. Bəzən bu xəbərlər həqiqəti əks etdirmir. Sosial şəbəkələrin və yeni medianın fəaliyyət göstərdiyi şəraitdə bu cür xəbərləri bir dəfə paylaşmaq kifayət edir ki, hər tərəfə yayılsın. Bəzən hadisə baş verir, ancaq 10-15 dəqiqədən sonra təkzib olunur. Və artıq xəbər yayıldığı üçün bunun qarşısını heç cür almaq olmur. Bu da internet medianın özəlliyidir".
İB rəhbəri hesab edir ki, bütövlükdə cəmiyyətdə kriminal xəbərlərin payının çox olması müəyyən bir narazılıq yarada bilər. Xüsusən yeni qəzet oxumağa başlayan, sosial şəbəkələri izləyən gənclər həssas dövrlərini yaşadıqlarından psixoloji narahatlıq keçirə bilərlər: "Ən çox narahatlıq doğuran məsələlərdən biri də qətllərlə bağlı fotoların paylaşılmasıdır. Bu ciddi şəkildə peşə etikası qaydalarını pozur. Ölən adamın üzü, qan izləri, meyitin doğranmış hissələri göstərilməməlidir. Qətl hadisələrini şərti bir foto ilə və ya həmin insanın üzü və ya müəyyən hissələrini örtülmüş formada göstərmək olar. Bu, həm sosial şəbəkələrə, həm də KİV-ə aiddir. Sanki bir yarış gedir. "Kim daha canlı göstərir, kim daha detalları ilə təsvir edə bilirsə" sanki özünü həmin xəbərin mənbəyi kimi təqdim edir. Bu da cəmiyyətdə aqressiv bir mühitin formalaşmasına səbəb ola bilər".
Ekspertin fikrincə, televiziyalardakı kriminal verilişlərdə də uzun-uzadı diskussiyaların aparılması məqbul deyil: "Medianın vəzifəsi xəbəri vermək və ya ictimai əhəmiyyəti varsa onunla bağlı detalları açmaqdır. Amma adi bir kriminal olayı xüsusi bir vurğuyla, baş xəbər kimi təqdim etmək düzgün deyil. Çünki bu, ən çox uşaqlara təsir edir. Belə ki, indi onlar da internetin aludəçisinə çevriliblər". Ekspert qətllərlə bağlı xəbərlərin və ya fotoların KİV-də və sosial şəbəkələrdə yer alması üçün hər hansı bir qadağanın tətbiq olunmasını əhəmiyyətsiz hesab edir. Belə ki, sadəcə Mətbuat Şurasının qəbul etdiyi peşə kodeksinə əməl etmək lazımdır: "Özünə hörmət edən hər KİV peşə etikasını gözləməyə borcludur. Bunun üçün sadəcə işin başında peşəkarlar olmalıdır - ən vacibi də budur. Problemin qarşısını qadağa ilə yox, peşəkarlıqla almaq olar".

Əli