Azərbaycan mətbuatı: tarixi-xronoloji baxış Layihə

Azərbaycan mətbuatı: tarixi-xronoloji baxış

II yazı

1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransı çağırılır. Konfransın keçirildiyi gün bir dəstə fəal məktəbli üzərində "Pioner" sözü yazılmış 28 səhifəlik jurnal hazırlayır. Uşaqların xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının xoşuna gəlir. Həmin nüsxələr "Pioner" jurnalının ilk sayı olur. Aradan bir neçə ay keçəndən sonra - 1927-ci ilin fevralında "Pioner" jurnalı kütləvi tirajla çıxmağa başlayır. 1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək "Müəllim qəzeti" adlandırılır. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olunur. 1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla çıxır.
Azərbaycan idman mətbuatımızın ən böyük tarixə malik nəşri - "İdman" qəzeti həm də Azərbaycan mətbuatının qocamanlarından sayılır. 1932-ci ildə ilk dəfə "Azərbaycan bədən tərbiyəçisi" ("Fizkulturnik Azerbaydjana") adı altında işıq üzü görmüş "İdman" qəzetinin bu sahədə xeyli iş görüb.
Sonrakı illərdə "Ədəbiyyat" (1933)", Azərbaycan pioneri" (1938), "Kirpi" jurnalı (1952), "Bakı" (1958) və s. qəzetlər meydana gəldi.
Azərbaycanda SSRİ dövründə mətbuat bütünlüklə sovet ideologiyasının prinsiplərini təbliğ edirdi. Ötən yüzilin 20-ci illərindən başlayaraq radionun, 50-ci illərindən isə televiziyanın inkişafına baxmayaraq mətuata - yeni-yeni qəzet və jurnalların çıxmasına xüsusi önəm verilirdi.
Hətta rayonların da ayrıca mətbuat orqanları - qəzetləri həftədə 2-3 dəfə yüksək tirajla (5-10 min və daha çox tirajla) çıxırdı.
Sovet dövründə şəhər və rayonlarda nəşr olunan qəzetlər: Bakı - "Bakı", "Baku"; Gəncə - "Kirovabad kommunisti"; Naxçıvan - "Sovet Naxçıvanı"; Xankəndi - "Sovetskiy Karabax"; Mingəçevir - "Mingəçevir işıqları", "Oqni Minqeçevira"; Sumqayıt - "Sosialist Sumqayıtı", "Kommunist Sumqaita"; Ağcabədi - "Sürət"; "Ağdam"; Astara - "Sovet Astarası"; Abşeron - "Abşeron"; Ağdaş - "Əmək"; Ağsu - "Birlik"; Əli Bayramlı - "İşıq", Mayak"; Bərdə - "Kommunizm yolu"; Balakən - "Şən həyat"; Oğuz - "Lenin bayrağı"; Göyçay - "Yeni həyat"; Daşkəsən - "Daşkəsən"; Cəlilabad - "Yeni gün"; Cəbrayıl - "Kolxozçu"; Dəvəçi - "Qurucu"; Culfa - "Zəfər"; Yevlax - "Təşəbbüs"; Beyləqan - "Yüksəliş"; Zaqatala - "Qırmızı bayraq"; Zəngilan - "Kənd həyatı"; Zərdab - "Pambıqçı"; Şərur - "İşıqlı yol"; İsmayıllı -"Zəhmətkeş"; İmişli - "Qızıl ulduz"; Qazax - "Qalibiyyət bayrağı"; Gədəbəy - "Tərəqqi"; Goranboy - "Mübariz"; Qax - "Şəlalə"; Kəlbəcər - "Yenilik"; Quba - "Şəfəq"; Qubadlı - "Avanqard"; Qusar - " Qızıl Qusar"; Qəbələ - " Qalibiyyət"; Kürdəmir - "İrəli"; Laçın - "Laçın"; Lənkəran - "Leninçi"; Lerik - "Bolluq uğrunda"; Masallı - "Çağırış"; Tərtər - "Qızıl bayraq"; Neftçala - "Oktyabr bayrağı"; Ordubad - "Yeni Ordubad"; Biləsuvar - " Məhsul"; Sabirabad - "Muğan"; Saatlı - "Dönüş"; Salyan - "Qələbə"; Tovuz - "Həqiqət"; Ucar - "Yeni söz"; Füzuli - "Araz"; Xaçmaz - "Dostluq"; Xanlar - "Kommunist əməyi"; Şəmkir - "Ulduz"; Şəki - "Şəki fəhləsi"; Şamaxı - "Yeni Şirvan", "Novıy Şirvan"; Şuşa - "Şuşa"; Şahbuz - "Qabaqcıl"; Yardımlı - "Yeni kənd"; Babək - "Əmək bayrağı" və s.
Elə rayonlar var ki, qəzet iki dildə çıxırdı. Bəzi qəzetlərin adları bir neçə dəfə dəyişib. Ötən yüzilin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycanda milli oyanış yeni səviyyədə yaranmağa və artmağa başladı. SSRİ-nin rəsmi süqutuna kimi artıq azadfikirli qəzetlər geniş oxucu kütləsinin rəğbətini qazanmağa başlamışdı. Onillərlə sovet ideologiyasının təsirində yaşamağa məcbur olan xalq azadlığın havasını doyumluqla ciyərlərinə çəkməyə başlayırdı. 1989-cu ildən başayaraq "Azərbaycan", "Azadlıq", 1990-cı ildə "Zerkalo", "Səs", 1991-92-ci illərdə "Yeni Müsavat", "İki Sahil", "525-ci qəzet", "Yeni Azərbaycan" qəzetləri nəşr olunmağa başladı.
İndi də XIX-XX yüzil Azərbaycanın tanınmış jurnalistlərinin adlarını təqdim edirik: Abdulla Sur, Ağa Məhəmməd oğlu Məmmədzadə, Abdulla Tofiq (1882-1912), Abdulla Musa oğlu Əfəndiyev (1907-1944), Ağayev Eynulla Xankişi oğlu (1907-1978), Ağayev Əhməd bəy Mirzə Həsən oğlu, Ağaoğlu (1869-1939), Ağayev Mahmud Səfər oğlu (1897-1937), Ağayeva Şəfiqə Əli qızı (1918-1983), Vəzirov Xasay Həsən oğlu (1914-1998), Vəzirov Haşım bəy Mir İman oğlu (1868-1916), Vəlibəyov Səfərəli bəy Həsən bəy oğlu (1861-1902), Vəliyev Əli Qara oğlu (1901-1983), Qarayev Əliheydər Ağakərim oğlu (1896-1939), Qafarzadə Əsədulla Qafar oğlu (1885-1918), Qafur Rəşad, Qafur Ələkbər oğlu Mirzəzadə (1884-1943), Qədirzadə Salam Dadaş oğlu (1923-1987), Qəmbərov İmamverdi Əlibala oğlu (1932-1984), Qəmküsar (Əliqulu Əliəkbər oğlu Nəcəfov, 1880-1919), Qənizadə Mahmud ağa (1878-1934), Qiyasbəyli Mədinə Mehdi ağa qızı (1889-1938), Qiyasbəyli Şirin Mahmud ağa qızı (1889-1943), Əvəz Sadıq, Əbülfəz Əli oğlu Sadıqov (1898-1956), Əzimzadə Yusif Əhədulla oğlu (1917-1983), Əzimov Cümşüd Əfrasiyab oğlu (1905-1966), Ələkbərli Məmmədkazım Əliəkbər oğlu (1905-1938), Əli Cədid. Əli Hacı Kazım oğlu Sultanzadə (1900-1950), Sultanov Eynəli bəy (1863-1935), Tofiq Bayram (Tofiq Qulam oğlu Bayramov, 1934-1991), Kamal Əbdülrəhman oğlu Ünsizadə (1857 - ?), Şamilov Seyfulla Əli oğlu (1902-1974), Şahgəldiyev Həsən (1918-1961), Şahtaxtinski İsasultan Nəcəfqulu oğlu (1851-1894) və c.
1998-ci il avqustun 6-da ölkə Prezidentinin imzaladığı xüsusi sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Eləcə də 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının qanununun (ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib. Prezidentin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK) kimi mühüm bir sənəd təsdiq olunub. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF) yaradılıb.
Sovet dövründən başlayaraq Azərbaycanda indi də fəaliyyətini davam etdirən AzərTAC - Azərbaycan Dövlət Teleqraf Agentliyi ilə Azərbaycanda informasiya agentliyinin tarixi başlayır.
1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış AzərTAC sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. İlk adı Azərbaycan Teleqraf Agentliyi, daha sonra Azərinform olub. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.
Hazırda AzərTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq bütün sutka ərzində Azərbaycan, rus və ingilis dillərində informasiya yayır. Eləcə də Azərbaycanda hazırda fəaliyyət göstərən digər informasiya agentlikləri bunlardır: Azəri Press Agentliyi (APA), "Azadinform" İnformasiya Agentliyi, "Assa-irada" İnformasiya Agentliyi", "Olaylar" İnformasiya Agentliyi, "Trend" İnformasiya Agentliyi, "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyi, Səs İnformasiya Agentliyi, "Baymedia" İnformasiya Agentliyi və s.
Azərbaycanda internet medianın inkişafı əsasən 1996-cı ildən başlanıb. Buna qədər şəbəkədə məlumat yayımı kimi elektron məktublaşmadan istifadə olunurdu. Hazırda demək olar, Azərbaycanda çıxan qəzetlərin çoxunun internet versiyası fəaliyət göstərir. Bu isə informasiyanın sürətli yayımı deməkdir.
Hazırda Azərbaycanda xeyli jurnalist birlik və fondları fəaliyyət göstərir: Azərbaycan KİV İşçilərinin Həmkarlar İttifaqı, Azərbaycan Müstəqil Jurnalistlər Liqası, Beynəlxalq Mətbuat Mərkəzi, Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalistlər Liqası, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi, Zərdabi Mətbuat Mərkəzi, Tərəfsiz Jurnalistlər İctimai Birliyi, Mətbuatın İnkişafına Yardım İctimai Birliyi, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası, "İnternyus Azərbaycan" İctimai Birliyi, "Yeni Nəsil" Azərbaycan Jurnalistlər Birliyi, "Media və mülki cəmiyyət" İctimai Birliyi, Azərbaycan Jurnalist Qadınlar Assosiyasıyası, Söz Azadlığını Müdafiə Fondu, Kaspi Mətbuat Yayımı Firması və s.
Mətbuat Şurası Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqandır. 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Mətbuat Şurası nizamnamə tələblərinə uyğun olaraq jurnalistlərin peşə hazırlıqlarının artırılması, onların ixtisaslaşmalarına dəstək göstərilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir.
Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümümdunya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının üzvüdür. Mətbuat Şurası possovet məkanının və Türkiyənin nüfuzlu media qurumları ilə sıx əlaqədədir. Bundan başqa qurum Avstriyanın, Böyük Britaniyanın və Hindistanın mətbuat şuraları ilə əməkdaşlıq edir. Şura ilə Türkiyə Qəzetəçilər Cəmiyyəti və Türkiyə Mətbuat Şurası arasında anlaşma memorandumu mövcuddur.

Uğur