Jurnalist sənətkarlığı Layihə

Jurnalist sənətkarlığı

İnformasiya sadə, aydın, anlaşıqlı, yığcam və tutumlu, dolğun şəkildə hazırlanaraq oxycuya təqdim olunmalıdır

"Bəllidir ki, jurnalistika cəmiyyətdə ictimai fikrin formalaşmasında çox fəal rol oynayan peşə sahəsidir. Bu peşənin lazımınca icra edilməsi üçün qarşıda mühüm vəzifələr, jurnalistin bilməli olduğu çoxsaylı incə məsələlər, mətləblər vardır". Bu fikirləri filologiya elmləri doktoru, professor Alxan Babayev öz yazısında bildirib: "Əvvəlcə jurnalist sənətkarlığı anlayışı ilə jurnalist sənətkarlığı məfhumu arasındakı fərqə, sərhədə diqqət yetirək. Bir var publisistika, publisistika sənətkarlığı, bir də var jurnalistika və jurnalistika sənətkarlığı. Bu iki məsələni çox zaman bir-birinə qarışdırır, jurnalistika deyəndə publisistik mətn və əksinə, publisistika deyəndə də elə jurnalistika başa düşürlər. Bir sözlə, bu iki məfhum çox zaman ya eyniləşdirilir, ya da biri digəri ilə dəyişik salınır. Hər iki hal jurnalistika (və sənətkarlığı) ilə publisistika (və sənətkarlığı) məfhumları arasındakı "sərhədlərin", "səddin" fərqinə varmamaq və ya həmin sərhədləri təsəvvürə belə gətirə bilməməklə bağlıdır. Publisistika jurnalistikanın hazırlayıb ortaya çıxardığı və artıq emala hazır etdiyi mətndir. Eyni zamanda bədii-publisistik janrdır. Publisistika sənətkarlığı da bu hazır mətnin ideya-estetik xüsusiyyətlərini onun uğurlu və kəsir cəhətlərini müəyyənləşdirməklə məşğul olur".
Onun sözlərinə görə, bundan fərqli olaraq, jurnalistika sənətkarlığı fənni jurnalistin həmin hazır mətnə qədər gördüyü mürəkkəb, cürbəcür maneələrlə dolu ağır və eyni zamanda maraqlı və romantik zəhmətinin xüsusiyyətlərini, xarakterik cəhətlərini, qarşıda duran çoxnövlü vəzifələrin yerinə yetirilməsi yollarını və prinsiplərini öyrənir: "Daha doğrusu, əgər belə demək mümkünsə, jurnalist sənətkarlığı fənni jurnalistin publisistik (və ya xəbər və s.) mətni meydana çıxarana, yazı masasının arxasından durana qədər gördüyü və görməli olduğu texniki və təşkilati işlərin, mürəkkəb texnoloji gedişlərin reallaşdırılması proseslərini və onların prinsip və üsullarını öyrədir. Əsl jurnalist peşəsinə yiyələnməyin elmi-texniki, təşkilati, hüquqi və sosial-psixoloji yolları haqda bir təlim rolunda çıxış edir.
Məlumdur ki, bir çox ixtisaslar kimi, jurnalistika da ali məktəblərdə və ya ayrı-ayrı kurslarda keçilir, öyrədilir. Lakin bu təlim prosesi həmin peşəyə yiyələnmək istəyənlərə ancaq nəzəri səviyyəli bilik verir. Tədris prosesində keçilən istehsalat təcrübəsi də bu peşəni normal səviyyədə mənimsəmək üçün kifayət etmir və edə də bilməz. Təsadüfi deyil ki, məşhur jurnalistlərdən birindən bu səviyyəyə necə çata bildiyini soruşanda o bildirib ki, jurnalistikanın sirlərinin və onun nəzəri əsaslarının səksən faizini ali məktəbdə, qalan, özü də ən vacib olan iyirmi faizini isə öyrənmək üçün on ildən artıq vaxt sərf edib".
Burada adamın yadına bir gəncin dəmirçilik sənətini bir həftəyə "öyrənməsi" əhvalatı düşür. Bir qadın özünün yeniyetmə oğlunu bir dəmirçi ustanın yanına gətirib xahiş edir ki, ona dəmirçiliyin sirlərini öyrədərək, gələcəkdə usta kimi yetişdirsin. Onlar razılığa gələndən sonra ana oğlunu dəmirçinin yanında qoyub gedir. Yeniyetmə bir həftə işə (şagirdliyə) davam etdikdən sonra daha dəmirçixanaya gəlmir. Dəmirçini maraq götürür və o, təzə şagirdinin başında bir qəza olub-olmadığını öyrənmək məqsədilə yeniyetməgilə gəlir. Qapıya uşağın anası çıxır və dəmirçinin: uşaq dükana niyə gəlmir? - sualına cavabı belə olur:
- Oğlumun daha dəmirçi şagirdi kimi çalışmasına lüzum yoxdur. O, dəmirçiliyin bütün sirlərinə artıq bələd olub.
Dəmirçi:
- O nə sirdir elə, mənə də deyə bilərsənmi? - deyə soruşduqda qadın cavabında:
- Bel düzəltmək istəyəndə dəmiri döyüb enlədirsən, yaba düzəldəndə isə döyüb uzadırsan, - deyir.
Dəmirçi:
- Afərin belə "fərasətli" şagirdə, bir həftənin ərzində dəmirçiliyi həm özü öyrənib, həm də anasına öyrədib, - deyə geri dönür.
Jurnalistika da belədir, dəmirçilik kimi ağır zəhmət, çoxlu enerji, səbr, təmkin, diqqət və incəlik tələb edən peşədir. Jurnalist gərək əldə etmək istədiyi "xammalı", informasiyanı yüzlərlə informasiyanın içindən seçə, onu təxəyyül və zehninin "kürəsində" tamamilə "yumşalda" və öz yazı masasının "zindanında" döyüb istədiyi (tələb olunan) formaya sala, ona sözdən əlvan, sehrli və cazibəli naxışlar vura bilsin. Bunun üçün o, işgüzar fəallıq vərdişlərinə yiyələnməyi, informasiya "iyinin", xalqın əksər qisminin marağına səbəb ola biləcək informasiyanın və ya hadisənin mənbəyini, baş verə biləcək yerini müəyyənləşdirməyi bacarmalıdır. Həmin vərdişlərə təcrübəli jurnalistlərin yanında müəyyən müddət ərzində assistentlik təcrübəsi keçməklə yiyələnmək mümkündür. Bu şərtlə ki, iti müşahidə, qavrama və operativ analiz edib nəticə çıxarma qabiliyyətin olsun. Əgər təcrübəli həmkarından nəyin pis, nəyin yaxşı, nəyin yararlı, nəyin yararsız olduğunu, həmçinin hansı fakt və materialın birinci dərəcəli, hansıların isə ikinci və sonrakı pillələri tuta biləcəyini saf-çürük etməyi bacardıqca öyrənə bilsən, demək, yolun başlanğıcını düz getmisən. Eyni zamanda təcrübəli həmkarın öz bilik və bacarıqlarının sirlərini sənə öyrətməyə meyilli olmalıdır ki, çalışqanlığın və istedadın, məlumattoplama və s. keyfiyyətlərinlə xalqın "gözü" və "qulağı" ola biləsən. Bu şərtlə ki, informasiya mənbəyini tez tapa və onun bütün qabalıqlarına, informasiya vermə "şıltaqlıqlarına" səbrlə dözərək, bütün mövcud sosial-psixoloji və ideya-əxlaqi, ictimai-siyasi sədləri aşmaq üçün iradəli və qılıqlı, yəni qarşı tərəfin bütün xof və qorxu, şübhə və təlaş dolu hisslərinin doğurduğu "gərginlik buzunu" əritmək qabiliyyətinə malik olmalı, peşə və əxlaq, yaş və sosial vəziyyət şəraitinin təlqin etdiyi davranış vərdişlərinin "qasırğasından" salamat çıxmağı bacarmalısan. Bütün bunları edərkən, informasiya almaq məqsədinə doğru irəliləyərkən özünün malik olduğu əxlaqi və intellektual sərvətindən maksimum yararlanmağı da bacarmalısan. Nəzərə almaq lazımdır ki, jurnalistika əxlaq qaydalarının həssas olduğu bir peşədir. Çünki jurnalistlərin ictimaiyyət qarşısında bir məsuliyyəti vardır. Demək, jurnalistin peşə sənətkarlığına onun öz işini görərkən etik normalara riayət etməyi, cəmiyyət və dövlət qarşısında daşıdığı ictimai vətəndaşlıq məsuliyyətini daim rəhbər tutmağı öyrənmək vərdişləri də daxildir. Bunlarsız jurnalistin fərdi imici formalaşa, yarana bilməz.
Fərdi imicin yaranması da uzun və son dərəcə çətin, çətin olduğu qədər də mürəkkəb bir prosesdir. Belə ki, peşə fəaliyyəti ərzində əldə edilmiş məlumatın yoxlanılması, onun şərhi, oxucuya çatdırılması və operativlik məqamlarında obyektivliyə, dəqiqliyə, etibarlılığa, qarşı tərəfin ləyaqətinin gözlənilməsinə, məlumatın inandırıcılığına və s. maksimum həssaslıq və ədalət hissini qoruyub saxlamağı bacarmalı və bu prinsipə heç vaxt xəyanət etməməli, ona sadiq qalmalısan. Bütün hallarda isə informasiya sadə, aydın, anlaşıqlı, yığcam və tutumlu, dolğun şəkildə hazırlanıb çatdırılmalıdır ki, oxucu ondan nəsə götürə bilsin, bu zaman çətinliyə, zehni gücə düşməsin".
Onun fikrincə, yadda saxlamaq lazımdır ki, aldığın hər hansı informasiya kiminsə bildiyi faktın şərhidir: "Bu, doğru da, yanlış da, səhv də ola bilər. Məsələn, hansısa binanın uçması, avtomobil qəzası haqqında məlumatı rəsmi və ya mülki şəxsdən (mənbədən) ala bilərsən. Bu isə sənin yox, onun - məlumat aldığın mənbənin bildikləridir. Ancaq həmin hadisəni, bir alimin ixtirasını, idmançının uğurlarını, bədbəxt və ya ürəkaçan, sensasiya yarada bilən fakt və hadisəni özün görə bilirsənsə, yəni özün şahidə çevrilə bilərsənsə, artıq bu, sənin bildiyin, müxbiri olduğun informasiyadır. "Jurnalist sənətkarlığının əsasları" fənni bu vərdişlərə yiyələnməyin yollarını da öyrədir, informasiya obyektinə, üçüncü, beşinci mənbədən birinci mənbəyə çevrilmək bacarığını, alınan informasiyanı verən mənbənin həmin hadisəyə münasibətinin tərzini - etinasız, maraqlı, qərəzli, obyektiv və s. ayırd etməyin forma və üsullarını öyrədir. Alınan məlumatı oxucuya çatdırarkən onu elə təqdim etməyi bacarmalısan ki, o, sənin dediklərinin həqiqiliyinə inansın. Bu zaman baş verən hadisə haqda hansısa mənbə başqa cür informasiya verirsə, sən həmin məsələyə öz münasibət və mövqeyini obyektiv, məntiqi və inandırıcı şəkildə bildirməyi bacarmalısan. Bütün bu və digər uğur və vərdişlərin arxasında, əlbəttə, jurnalistin əxlaq və bilik intellekti dayanarsa, uğur təmin edilmiş olur.
Jurnalistin intellekti dedikdə, onun malik olduğu bilik, əxlaq, mənəviyyat və bütün bu sistemin gündəlik fəaliyyətdə ifadə imkanları başa düşülür. Daha doğrusu, jurnalistin əldə etdiyi bilik və bacarıqları gündəlik fəaliyyəti - insanlarla, informasiya daşıyıcıları ilə, oxucularla ünsiyyət zamanı və ya əldə edilmiş materialların emalı prosesində ifadəetmə qabiliyyəti onun intellektinin göstəriciləridir. Ona görə jurnalistin öz peşəsinin sirləri ilə yanaşı, digər bilik sahələrinə də müəyyən norma səviyyəsində vaqif olması vacibdir.
Uğurlu yazının təminatına xidmət edən amillərdən başlıcası sırasına dilin leksik və qrammatik imkanlarına, lüğəvi bazasına, ədəbi-bədii zənginliyinə və ekspressiv imkanlarına bələd olma, bunun üçün dərin bilik və mütaliə qabiliyyət və yanğısı daxildir. Ona görə jurnalist olmaq istəyən kəs çoxlu bədii ədəbiyyat oxumalıdır ki, onun söz ehtiyatı zəngin, fikri ifadə imkanları geniş olsun. Bundan başqa, jurnalist xalqın tarix və mədəniyyətinə, coğrafi və iqtisadi imkanlarına, siyasi, dini və düşüncə mədəniyyətinə bələd olmağın sirlərini və səmərəliliyini dərk etməyi də bacarmalı, habelə fəlsəfə, hüquq, dövlət və idarəçilik məsələlərindən başı çıxmalıdır.
Jurnalist söz azadlığının bütün tələb və qaydalarına, o cümlədən dövlət və hərbi sirlərin qorunmasına cavabdeh olmağa borcludur. Bunun üçün o, ayıq və ağıllı, tədbirli və zirək, bilikli, siyasi, diplomatik cəhətdən hazırlıqlı olmalıdır. Odur ki, "jurnalistəm" deyib irəli duran hər bir kəs istisnasız olaraq bu peşəyə hərtərəfli hazır olmağın bütün yükünə və ağırlığına dözməyi bacarıb-bacarmayacağını qabaqcadan düşünməlidir".

Əli