Təbrizdə Azərbaycan dilində çıxan ilk qəzet Layihə

Təbrizdə Azərbaycan dilində çıxan ilk qəzet

"Vətən yolunda" özünə geniş oxucu auditoriyası toplaya bilmişdi

XVIII əsrdə Təbrizdə şahzadə Abbas Mirzə Avropaya yaxınlaşmaq üçün ölkədə bir çox sahələrdə islahatlar keçirir. Uğurla nəticələnən bu islahatlar tək Cənubi Azərbaycanda deyil, bütün İranda kitab çapı və litoqrafiyanın tətbiqi, tərcümə işi Avropaya tələbələrin göndərilməsi və Təbrizdə ilk nizamlı hərbi alayların yaranması ilə tarixə daxil oldu. O dövrdən etibarən Təbriz İranın mədəni və iqtisadi mərkəzinə çevrildi. Təbrizdə bir çox ölkələrin konsulluğu açıldı. Abbas Mirzənin təşəbbüsü ilə 1809-cu ildən etibarən, Avropada təhsil almaq və orada elm və texnikanın yeniliklərinə yiyələnmək və yeni yaradılan qurumların kadr baxımından təminatı üçün tələbələr göndərildi. 1815-ci ildə onların sayı 7-yə çatmışdı. Avropadan mütəxəssis kimi geri qayıdan bu gənclər, sonralar İran və Cənubi Azərbaycanda elm, maarif və mətbuatın inkişafında xidmət göstərib, ilk mətbəələrin, kitab çapı, qəzet nəşri, dünyəvi məktəblərin və s. əsasını qoydular. 1812-ci ildə Abbas Mirzənin göstərişi ilə Təbrizə ilk çap maşınları gətirildi.
Moskva və Peterburqda çap işinə yiyələnən Mirzə Cəfər və Mirzə Əsədulla Təbrizə geri dönərkən çap maşınının avadanlıqlarını da özləri ilə gətirərək, Abbas Mirzənin Avropadan gətirdiyi çap dəzgahlarında işə başladılar. Beləliklə, 1825-ci ildən etibərən Təbrizdə mətbəələr işə düşdü.
İngilis şərqşünası E.Braun yazırdı ki, Təbriz İranda çap maşınının işə salındığı ilk şəhər olduğundan, sonralar bütün ölkədə qurulan mətbəələr basmaxana, oranın işçiləri isə basmaçı adlanırdı. Basma – türk mənşəli söz olub, çap mənasında işlədilir. Basmaxana – çapxana, basmaçı isə orada çalışan işçi – çapçı mənasındadır. Bütün bunlar mətbəənin və çap sənətinin əsasını Azərbaycanda qoyulduğundan xəbər verir. XIX əsrin ortalarında Cənubi Azərbaycanda həm dövlət mətbəələri, həm də xüsusi çapxanalar az deyildi. Ölkədə nəşriyyat işlərinə rəsmi nəzarət edən bir orqan – senzura olmasa da bu müəssisələr hakimiyyət orqanlarının və ruhanilərin ciddi nəzarəti altında idi.
XX əsrin ortalarında Sovet qoşunları İranda olarkən sovet ideologiyasının təbliğatı və yerli əhalini maarifləndirmək məqsədi ilə qəzet nəşr etməyi qərara alır və "Vətən yolunda" qəzeti məhz bu missiyanı həyata keçirmək zərurətindən yaranmışdı. Vikipediya yazır ki, "Vətən yolunda" 2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. "İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır.
"Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu. İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur."
Qəzetin redaktorluğu Mirzə İbrahimova tapşırılmışdı. Qəzet ora¬dakı azərbaycanlı əsgərlər üçün nəzərdə tutulmuşdu. Yerli əhali tərəfindən oxuna bilməsi üçün onun ərəb əlifbası ilə çap edilməsi qərara alınmışdı və günaşırı nəşr olunurdu. Qeyd etmək lazımdır ki, "Vətən yolunda" qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdəndir (1941-1946). Baş redaktorları Mirzə İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar. Qəzetin redaksiyasında yazarlardan Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Əvəz Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin Dağlı, İsrafil Nəzərov (məsul katib), Qulam Məmmədli, Cəfər Xəndan (baş redaktor müavini) və bir çox başqaları işləmişlər.
Təbrizdə "Vətən yolunda" qəzetində Mirzə İbrahimovla birgə işləyən yazıçı Qılman İlkin xatirələrində yazırdı ki, Mirzədə fövqaladə bir müşahidəçilik və dərk etmək istedadı vardı. O, Təbrizdə də qəzet redaktə etməklə yanaşı, Cənubi Azərbaycanı qarış-qarış gəzir, ən ucqar kəndlərdə belə olur, əhali ilə görüşür, onların dərd və istəklərini öyrənirdi. Digər tərəfdən o, gələcək əsərləri üçün materiallar toplayır, gələcək nəsr və publisistik əsərləri üzərində düşünürdü.
Qəzet haqqında əsas araşdırma müəllifi olan Pərvanə Məmmədli yazır ki, Mirzə İbrahimov qəzetdəki yazılarını çox zaman "Əjdəroğlu", bəzi hallarda İ. Mirzə adı ilə imzalayırdı. "Vətən yolunda" qəzetində Mirzə İbrahimovun yazılarının az bir qismində imza olurdu. Qəzetdəki baş məqalə və redaksiya məqalələrinin onun qələminə məxsus olduğunu ehtimal etmək olar. Qəzetin səhifələri çeşidli rubrikalar altında publisistik yazılar və kəskin felyetonlar, incəsənətlə bağlı icmallar, nəsr və poeziya nümunələri ilə zəngin idi. Qəzetdə nəşr olunan bədii nümunələrin əsas hissəsini poeziya təşkil edirdi. İlk saylarda S. Vurğunun, S. Rüstəmin, O.Sarıvəllinin bir çox şeirləri dərc olunmuşdu. O illərdə "Vətən yolunda" və "Azərbaycan" kimi qəzetlərdə folklorun toplanıb öyrənilməsi, yayılması işi geniş yayılmışdı. Görkəmli tədqiqatçı Cəfər Xəndan bu qəzetdə çalışmaqla bərabər, onun fəaliyyətini geniş şəkildə işıqlandırıb. Yazdığına görə, qəzetin Cənubi Azərbaycanın bütün şəhər və kəndlərində, Tehranda, Qəzvində və s. yerlərdəki azərbaycanlılar arasında oxucuları var idi. İran şəraitində əksər qəzetlərin 300-dən 3000-ə qədər oxucusu olduğu halda, "Vətən yolunda"nın oxucuları 15000-dən artıq idi. Oxucular günaşırı çıxan bu qəzetin hər nömrəsini səbirsizliklə gözləyir və yığıb saxlayırdılar. Qəzet özünə geniş oxucu auditoriyası toplaya bilmişdi. O illərdə "Vətən yolunda" qəzetinin həm də fəal əməkdaşı olan Qılman İlkin yazırdı ki, "yerli azərbaycanlılar bu qəzeti özlərinin doğma mətbuatı bilib oxuyur, ondan öyrənir və onda iştirak edirdilər". Getdikcə yerli ziyalılardan çoxu redaksiyamıza ayaq açdılar. Qəzetlə bağlı ən xoş arzu və minnətdarlıqlarını bizə bildirirdilər. Qəzetin birinci mərhələdə cəmi 6 ay fəaliyyət göstərib qapadılması Güney Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi.
Araşdırmaçı Pərvanə Məmmədli yazır ki, Təbrizdə fəaliyyət göstərən işçi qrupu ilə Sovet Hərbi diplomatik nümayəndələri arasında münasibətlər ziddiyyətli idi. O dövrdə baş verən hadisələri araşdırmaya cəlb edən C.Həsənli yazır: "Güney Azərbaycandakı proseslərin getdikcə milli müstəviyə keçməsi sovetləri o qədər də təmin etmirdi… Hətta A. Smirnov ilk olaraq türk dilində çıxan və Güney Azərbaycanda əl-əl gəzən "Vətən yolunda" qəzetinin bağlanması haqqında SSRİ Xarici İşlər Komissarlığına müraciət də etmiş, lakin M.C.Bağırov da öz növbəsində "Vətən yolunda" qəzetinin bağlanmasına etirazını bildirib vaxtında bunun qarşısını ala bilmiş, məsələnin müsbət həllinə nail olmuşdu…"
Qəzet Azərbaycan ədəbiyyatının klassiklərini, eləcə də çağdaş şairləri və digər söz sənətkarlarını tanıdırdı. Milli Hökumətin ana yasasının yazılmasında Mirzə İbrahimov yaxından iştirak etmişdi. Bununla yanaşı ADF-nin proqram sənədləri, partiya protokolları, müxtəlif çıxış və məruzələr, xüsusilə də milli hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin bir sıra məqalə və çıxışları, publisistik məqalələrinin 1946-cı ildə bir toplu şəklində "Qızıl səhifələr" adlı kitabda işıq üzü görməsində Mirzə İbrahimov mühüm rol oynamışdı.
"Vətən yolunda" qəzeti Güney Azərbaycan ədəbiyyatında, publisistikasında yeni qələm ordusunun yaranmasında da az iş görmürdü. Şimaldan gələn yaradıcı ziyalılara Mirmehdi Etimad, Əli Fitrət, Balaş Azəroğlu, Çavuşi, Əli Tudə, Mədinə Gülgün, Mirrəhim Vilayi, Məhəmməd Abbasi, Hilal Nasiri, Məhəmməd Biriya və bu kimi yerli həmkarları da qoşulmuşdu. O illərdə qoyulan bünövrəni sonrakı illərdə cənublu ziyalılar layiqincə davamlı inkişaf etdirirdilər.
1945-ci ildə "Vətən yolunda" qəzetinin nəzdində "Şairlər məclisi" təşkil olundu. Bütün Cənubi Azərbaycan və İranda şöhrət tapan "Vətən yolunda" qəzeti həm də az zaman içərisində Cənubi Azərbaycan şairlərinin ədəbi mərkəzinə çevrildi. Məclis "Şairlər məclisi" adı altında aylıq ədəbi məcmuə də hazırlayırdı. Pərvanə xanım yazır ki, 1945-ci ilin noyabr ayında məcmuənin bütün sayları bir kitab şəklində çap olunmur. Aradan 40 il keçdikdən sonra Mirzə İbrahimovun rəhbərliyi və redaktorluğu ilə Bakıda İV cildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" çap olundu.
Qəzetin 1945-ci il 119-122-ci saylarında dərc olunmuş "Azərbaycan dili" adlı məqaləsində Mirzə İbrahimov ana dilinin hər bir insanın həyatında xüsusi əhəmiyyət daşıdığını bildirir. Hər bir xalqın dilinin onun milli varlığı və mənəvi aləminin ifadəçisi olduğunu xüsusi vurğulayaraq yazırdı: "Ta qədim zamanlardan bəri tarix göstərir ki, hər hansı xalq öz millət və mənəviyyatını saxlamaq üçün öz vətəni və dövləti ilə bərabər öz dilini də saxlamağa cəhd etmişdir. Çünki hər xalqın ana dili onun milli varlığının və mənəvi aləminin ifadəsidir. Beləliklə, dil xalqın milliyyət və varlığını bildirən və qoruyan mühüm amillərdən biridir".
O illərdə Mirzə İbrahimovun yaxın məsləkdaşı, Milli Hökumətin qurucusu və rəhbəri S.C.Pişəvəri də "Əjdəroğlu" kimi "Ana dili" məsələsinə ciddi önəm vermiş, qurduğu dövlətdə rəsmi status almasına nail olmuşdu. Ali Sovetdə işlədiyi vaxt Azərbaycan dilini dövlət dili elan edəndən sonra başı az ağrımadı. Qızı Sevda İbrahimova o illəri sonralar xatırlayıb yazacaqdı: "Atamın ali sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi – Azərbaycan dilini dövlət dili elan etməsi, onun həyatının ən vacib, ən yüksək nöqtəsi idi. Bu məsələ ilə ona nə qədər ittihamlar edildi, onu sındırmaq, əzmək istəyənlər oldu… Lakin atamın möhkəm iradəsi, dəyanəti, mərdliyi, cəsarəti və xalqına olan böyük məhəbbəti onu öz əqidəsində, öz prinsiplərində daha da möhkəmlətdi".

Ülviyyə Tahirqızı