“Ermənistanı terrorçular idarə edir” Layihə

“Ermənistanı terrorçular idarə edir”

Aygün Həsənoğlu: "Təzminat məsələsini beynəlxalq məhkəmədə qaldırın, görün ermənilər necə Qarabağı qoyub qaçırlar"

Dünya ölkələri səsimizi eşitmir. Ölkələr o səsi niyə eşitməyə bilər? Ya o səbəbdən ki, özləri erməni terrorunu dəstəkləyirlər, kütləvi qırğınlar onların xoşuna gəlir, siyasətlərini o yöndə qurublar. Ya da biz o səsi sadəcə çatdıra bilmirik və dünya ölkələrinin anladığı və qəbul etdiyi tərzdə danışa bilmirik. Bəs problem nədədir? İllərlə bu sahədə canını qoyan, bütün bilik və bacarığını, tükənməz istedadını bu yola xərcləyən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının keçmiş işçisi Aygün Həsənoğlu ilə bu sualı çözməyə çalışdıq...

- Türkiyə və Azərbaycanın indiyə kimi apardıqları xarici təbliğat yetərlidirmi?
- Əvvəllər mənə elıə gəlirdi ki, biz təbliğatda düzgün yol tutmuşuq. Amma elə başından səhv yol tutmuşuq, ona görə də təbliğata yüz minlərlə pul xərclənsə də, lazımi effekt vermir. Hələ 2003-cü ildən başlayaraq dövlət orqanlarına təbliğatı bir mərkəzdən sistemləşmiş və hədəfə yönəlmiş şəkildə aparacaq bir mərkəzin qurulmasını təklif etmişəm. Müxtəlif adlar altında. Azərbaycanda Strateji Araşdırmalar Mərkəzi yaradılıb, təəssüf ki, bu mərkəz hələ də nə etməli olduğunu başa düşməyib. Strateji Araşdırmalar Mərkəzi dövlət əhəmiyyətli problemlərin həllini göstərəcək strateji plan və proqramlar hazırlamalı idi. Lakin tədbir, konfransla, kitab, məqalə çap etdirməklə işlərini bitmiş hesab edirlər.

Soyqırm Araşdırmalar Mərkzəzinin qurulması ilə bağlı layihəm hökumətə göndərildi. Lakin mərkəz qurulmadı. Xocalı muzeyi açılanda isə çox gec idi. Sonra "Terror və soyqırım muzeyi" qurulması təklifini müxtəlif dövlət orqanlarına göndərdim. Eyni zamanda Bakıdakı erməni kilsəsində Soyqirim və Terror muzey-mərkəzi qurulması haqqında təklifim oldu. Görünür, təklif-layihə Mədəniyyət və Turizm Nazirliyinə göndərilmişdi ki, hörmətli Əbülfəz Qarayev televiziyaya müsahibələrindən birində bakıdaki erməni kilsəsində kitabxana yaradılacağını dedi. Kitabxana qurulsaydı, burada zaman-zaman erməni terroru və ermənilərin törətdikləri soyqırımlarla bağlı tədbirlər və sərgilər keçirilə bilərdi. Lakin kitabxana da qurulmadı. Bundan başqa terror, vandalizm, əsir, girov və itkinlərlə bağlı beynəlxalq konfranslar, kompaniyalar və fotosərgilər keçirilməsi barədə təkilflərim olub.
Ən yaxşi layihəm isə əslində 2003-cü ildə dövlətə təqdim edilmişdi. Beynəlxalq terror qurbanlarına həsr olunmuş konfrans və fotosərgi. Materiallar hazırlandı, amma layihə həyata keçirilmədən qaldı. Həmin layihənin "Erməni terroru" bölməsini ayrıca bir fitialbom layihəsi kimi təqdim etmişdim. Layihəyə iş yoldaşım baxıb işçi qrupun rəhbərinə verməli idi. Lakin gecikdirildi. Gülşən Əliyeva bunu bəhanə edərək mənim maaşımı kəsdi. 2004-cü ildə dünyada ilk dəfə Xocalı soyqırımının heç olmasa bir bələdiyyə tərəfindən (Ankara Keçiören bələddiyəsi) rəsmən tanınmasına nail oldum. Həmin tədbirdən geri dönəndə işlədiyim işçi qrupunun rəhbəri çıxarılmışdı. Fotoalbom layihəsini təqdim etdim və layihə bəyənildi, 2005-ci ildə 5 dildə çap olundu. Bu albomun Rusiya Xarici İşlər Nazirliyində ciddi şəkildə müzakirə olunduğunu eşitmişəm. Dövlət Komissiyasının arxivindəki materiallar əsasında məqalələr hazırlayaraq mətbuatda çap etdirirdim. Məqalərin hər biri mövzuya hansı nöqtədən yanaşmalı olduğumuzu göstərirdi: əsir girovlara qarşı törədilmiş vəhşiliklər, vandalizm, terror, bəraət almış erməni terrorçuları və s. Bu dövrdə Nürnberq Hərbi Tribunalının materiallarını oxudum. Problemə baxış müstəvisini müəyyənləşdirdim. "Erməni sindromu" kitabım məhz Nürnberq Hərbi Tribunalında faşistlərin günahlandırıldığı maddələr əsasında və əlavə soyqırım və terror faktları da əlavə edilməklə hazırlanıb. Mən Qarabağ haqqında kitab yazmamışam, beynəlxalq məhkəmə üçün materiallar toplusu hazırlamışam. "Erməni əsriliyində" kitabım da eyni məqsədlə hazırlanıb.
İşçi qrupundan ayrılandan sonra QHT-lərlə işləmək istədim. Amma heç birindən dəstək görmədim. Yalniz "Samuray" idman klubu ilə gözəl bir layihə həyata keçirdik. Sonra özüm QHT qurdum. Lakin mən yorulan vaxtda qeydiyyatdan keçirdilər. "Ermənistan" əsirləri geri qaytar" adlı təbliğat kompaniyası başlamışdım, normal dəstək verən olmadı. Yaratdığım saytı da ermənilər dağıtdılar, bərpa edə bilmədim.
Bunları niyə danışıram, mən bu işləri təkbaşına başlamışdım. Amma zamanında heç kim anlamadı. İndi də təbliğatda çox yanlış yolda addımlayırıq. Bizə elə gəlir ki, soyqırım yalnız bizdə olub. Birincisi, zaman gedir və dünyada daha dəhşətli soyqırımlar törədilir. Xocalı və Qarabağ məsələsi gündəmdən çıxır. Keçirdiyimiz tədbirlər hay-küydən başqa bir şey deyil. Problemə beynəlxalq hüquq, insan haqları müstəvisində yanaşmaq lazımdır. Öz problemimizi bəşəri problem kimi təqdim etməliyik. Əvvəlcə beynəlxalq hüquq normalarını təsbiti məsələsini gündəmə gətirib, sonra bir fakt kimi öz problemimizi qoymalıyıq. İşi iş bilənə tapşırmalıyıq. Qısaca deyim ki, təbliğat kortəbiidir, dünyanın nəbzini tuta bilməyən şəxslərə tapşırılır. Ona görə də bizi dinləmirlər ki, problemi təqdim etməyi bilmirik. Mən beynəlxalq terroru təqdim etmiş, onun içində ermeni terrorunu vermişdim. Bunu başa düşmədikləri üçün pul tapılmadığını bəhanə etdilər. İndi çalışacağam ki, bu layihəni Türkiyədə həyata keçirim.
Azərbaycanda layihə, kitab oyunu başlayıb. Neçə ildir layihələri, ideyaları oğurlamaq, kitab yazmaq üçün sanki yarışa giriblər. Amma bu kitablar hansı səviyyədə hazırlanır, hansı səviyyədə tərcümə edilir? Buna nəzarət mexanizmi yoxdur. Çünki nəzarət edə biıləcək kadrlar yoxdur. Türkiyəyə gəlincə, Türkiyənin indiki halda torpaqları işğal altında deyil. 24 aprelin zəfər bayramı elan edilməsi müdrik qərardır. Amma bu tədbirə kim gələcək? Kim Ermənistanı, kim Türkiyəni seçəcək?
- Ermənilərin Azərbaycana qarşı qaldırdığı 495 iddianın müqabilində Azərbaycan nə iş görüb?
- Azərbaycan tərəfdən Laçınovların iddiası qaldırılmışdı. Nəticəsini bilmədik, KİV-lər bu məsələyə diqqət yetirmədilər. Çünki ölkədə KİV-lərlə iş düzgün qurulmayıb. KİV böyük qüvvədir, onun gücündən istifadə etmək lazımdır. MTN, DİN, Baş Prokurorluğun birgə yaratdığı istintaq qrupu Xocalı cinayət işini yekunlaşdırıb beynəlxalq məhkəməyə verilməsi prosesini həyata keçirməlidir. Əllərində bütün faktlar, sənədlər var. Ermənilərin Azərbaycana vurduğu zərəri qiymətləndirmək üçün işçi qrupu da yaradılıb. Amma 15 nəfərlik işçi heyəti bu ağır yükü qaldıra bilməz. Ən az 50 nəfər olmalıdır bu işçi qrupunda. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu az işçi heyəti ilə 1993-cü ildən bu günədək inanılmaz dərəcədə sənədlər və faktlar toplayıb. Əldə hər sənəd var, sadəcə məhkəməyə vermək lazımdır.
Əslində Azərbaycanın müvafiq dövlət orqanları istədiyim sənədləri bir ay ərzində hazırlayıb versələr, burada-Türkiyədəki dərnəklərin köməyi ilə ernənilərin beynəlxalq məhkəməyə verilməsini təşkil edə bilərəm. Sənədlər notariusda təsdiq edilməlidir. Azərbaycan məhkəməsinin qərarı olmalıdır ki, sonra beynəlxalq məhkəməyə verəsən. Bir-bir o insanlarla görüşülməli, izahatları təzədən yazdırılmalı, notariusda təsdiqlənməli, Azərbaycan məhkəməsinin qərarı da əlavə edilməklə toplanmalıdır. Əvvəlcə Ermənistandan qovulan soydaşlarımızın iddiasını qaldırmaq lazımdır. Sonra Xocalı soyqırımını, əsir-girov problemini, əsirlikdə şikəst edilmiş və qətlə yetirilmiş insanlarımızla bağlı faktları, sonra tarixi abidələrin və şəhərlərin dağıdılması faktlarını qaldırmaq lazımdır. Bizdə hələ düşünürlər ki, Xocalı soyqırımını terror faktı kimi versinlər, soyqırım faktı kimimi? Ortada bir işğal faktı var, ona görə soyqırım, insanlıq əleyhinə cinayətlər kimi təqdim edilməlidir. Terrora gəlincə, erməni terror təşkilatları Azərbaycana və onun vətəndaşlarına qarşı 370-dən artıq terror aktı törətmişlər. Terror aktlarında S.Sərkisyanın, R.Köcəryanın, Ter-Petrosyanın və Ermənistan rəhbərliyində təmsil olunmuş digər vəzifəli ermənilərin iştirakı sübut olunub. Bu, göstrir ki, Ermənistanı terrorçular idarə edir!
- Xocalı soyqırımı ilə əlaqədar Haaqa məhkəməsinə niyə müraciət edilmir, iddia qaldırılmır?"
- Bir yerdən başlamaq lazımdır. Ən azından 5-5, 10-10 sənədləri hazırlayıb Avropa İnsan Haqları Məhkəməsinə vermək lazımdır. Faktlara insan haqları konteksindən yanaşmalıyıq. Unutmayaq ki, 800-dək vətəndaşımız hələ də əsir və girov siyahısındadır. Onların taleyi barədə məlumatımız yoxdur. Niyə məhkəmə vasitsilə onları tələb etmirik? Axı zaman gedir, sabah bizə "Zamanı keçib" desələr, nə edəcəyik? Azərbaycanın əlində bütün dəlillər var: məsələn, əsir və girov alınmış vətəndaşalarını azad etmək üçün Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyat keçirə bilər. Yaxud, ayrı-ayrı şəxslər, QHT-lər vasitəsilə beynəlxalq məhkəmələrə müraciət təşkil edilə bilər. Bir dəfə belə cəhd olmuşdu. Mən də layihəmi bu istiqamətdə hazırlamışdım. Amma ayrılan vəsait yalnız kitabların tərcüməsinə və çapına yetdi. İnsanlar maaşsız işləmək istəmir. Layihə ilə grov uşaqlar haqqında bir film çəkdik, nə rejissor maaş aldı, nə ssenari müəllifi kimi mən. Bunu bir dəfə, iki dəfə edə bilirsən, sonunda sən də problemlərdən yorulursan. Son olaraq deyim: Azərbaycan ona görə beynəlxalq məhkəmələrə müraciət edə bilmir ki, bu işlərlə məşğul ola biləcək kadrlarımız demək olar yoxdur! Olanlara da imkan yaradılmır. Əslində erməni təbliğatını susdurmaq çox asandır. İmkan yaratsaydılar, erməniləri Dağlıq Qarabağdan könüllü getməyə məcbur edəcək işlər görərdim. Təzminat məsələsini beynəlxalq məhkəmədə qaldırın, görün ermənilər necə Qarabağı qoyub qaçırlar.

Ülviyyə Tahirqızı