“Urmu gölünə cənazə törəninə qatılmalı olacayıq “ Güney Azərbaycan

“Urmu gölünə cənazə törəninə qatılmalı olacayıq “

"Yaxın zamanda Urmu gölünə su çatdırılmasa onda gölün cənazə törəninə qatılmalı olacayıq". Qoşaçayın İran parlamentindəki millət vəkili Urmu gölünün Azərbaycan üçün olan əhəmiyyəti və onun qurumasının acınacaqlı nəticələrinə işarə edib. Ruhullah Beygi Enerji nazirinin Urmu gölünün canlandırılması ilə bağlı açıqlamasına cavab olaraq bildirib ki, "nazirlər kabinetinin birinci qərarı Urmu gölünün canlandırılması olub və əgər cənab Ruhani o qərarı ciddiyə almasa, demək ki, birinci qərarını dəyərdən salmış olacaq."
Millət vəkili gölüm vəziyyəti ilə bağlı deyib: "Urmu gölü bir potensial böhrandır. Əgər quruyarsa yalnız İran deyil, qonşu ölkələri də təsir altına alacaq. Ona görə də, rəhbər vəzifəsində olan şəxslər Urmu gölünün canlandırılmasını bir partiya vəya düşərgə işi kimi görməməlidir. Bu bir heysiyyət məsələsidir və bir təbii bəlaya çevrilə bilər. Urmu gölünün canlandırılması siyasi məsələlərdən fərqlənməlidir."
Beygi Enerji nazirinin sözlərinə belə reaksiya verib: "Urmu gölünün quruması dövlətin tədbirindən daha da sürətlidir. 5 il sonra daha göl olmayacaq, olmayan gölə necə su intiqal edilə bilər?!"
Qoşaçay, Sayinqala və Tikantəpənin millət vəkili sözlərinin sonunda vurğulayıb ki, "hər bir oyanıq vicdan Urmiyə səmasından keçərkən narahat olur. Əgər tezliklə Urmu gölünə su çatdırılmasa, onda gölün cənazə törəninə qatılmalı olacayıq."
Qeyd edək ki, keçən günlərdə İranın Enerji naziri Urmu gölünün canlandırılması ilə bağlı 10 illik proqlamlardan söz açıb.
Həmid Çitçian bildirib ki, "Urmu gölünü canlandırmaq üçün bir mərkəz yaradıldı və böhranın araşdırılması daha dəqiq olsun deyə Şərif Sənaye Universitetinın imkanlarından istifadə olundu."
Nazir əlavə edib ki, "gölün canlandırlması üçün bir sıra proqramlar nəzərdə tutulub. 10 il ərzində 27 layihə həyata keçiriləcək və artıq bu layihələrin lisenziyası (mücəvviz) alınıb. Unutmayaq ki, Urmu gölündə suyun quruması 20 il müddətində baş verib."
Çitçian sözlərinin davamında Urmu gölündə su həcminin sabitləşməsinə işarə edib: "2 ildir Urmu gölündə su həcmi sabitdir və 1395-ci ildən (hicri-şəmsi təqvimi ilə) sonra 8 il ərzində hər il su həcminin artacağına ümid edirik. Böhrandan çıxmaq üçün nəzərdə tutulan proqramlar arasında gölə su intiqal etmək layihəsi xüsusi yer tutur. Lakin bu iş 3-5 il vaxt tələb edir."