Səid Mətinpurun azadlığa çıxması sevinclə qarşılanır Güney Azərbaycan

Səid Mətinpurun azadlığa çıxması sevinclə qarşılanır

Azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpurun uzun sürən həbsdən sonra Tehranın Evin zindanından azadlığa buraxılması güneyli fəallar arasında sevinclə qarşılanır. Mətinpur azadlığa buraxıldıqdan sonra İran Azərbaycanının bir çox guşələrindən fəallar ona baş çəkiblər. Fəallar uzun illər milli haqlar uğrunda mübarizə apardığına və buna görə azadlığından keçdiyinə görə ona təşəkkür ediblər. Mətinpurun azadlıq xəbərini eşidən fəallar sosial şəbəkələrdə öz sevinclərini paylaşıblar.
Səid Mətinpur avqustun 26-da (8 illik məhkumluq müddətinin əsas hissəsini çəkdikdən sonra konstitutsiyanın 134-cü maddəsinə uyğun olaraq bir neçə ay tez azadlığa buraxılıb.
Mətinpur 2007-ci il mayın 25-də Zəncan şəhərində həbs olunub və Tehranın Evin zindanının 209-cu bölümünə göndərilib. O, 278 gün müvəqqəti saxlandıqdan sonra 500 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb, sonra yenidən tutulub. Tehran inqilab məhkəməsinin 15-ci şöbəsinin hakimi azərbaycanlı fəalı xaricilərlə irtibat qurmaq ittihamı ilə 7 və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il, toplam olaraq isə 8 il həbs cəzasına məhkum edib. O, 2009-cu il iyulun 11-də çağırışa əsasən məhkəməyə müraciət etdiyi zaman məmurlar tərəfindən tutulub və Evin zindanına aparılıb. Tanınmış azərbaycanlı fəal məhbusluq dönəmində dəfələrlə ailəsi ilə görüşmək və telefon əlaqəsi saxlamaq hüququndan məhrum edilib. O zindanda ruhi və psixoloji işgəncələrə məruz qalıb. Mətinpur Azərbaycan Milli Hərəkatı fəallarının tanınmış simalarından biridir. O, fəlsəfə üzrə Tehran universitetinin məzunudur və "Yarpaq", "Moc-i bidari" və "Omide Zəncan"(Zəncanın Ümidi) həftəlik dərgilərinin yazıçılar heyətinin keçmiş üzvü olub.